Qanunlar ölər, fikirlər ölməz…

saadet-cahangir-koseSəadət Cahangir

“Qanunlar ölər, kitablar ölməz” deyirdi ingilis yazarı Bulver Lytton.

“Ölüncə unudulmaq istəmirsinizsə, ya oxumağa dəyən əsərlər yazın, ya da yazılmağa dəyən işlər bacarın” deyirdi Benjamin Franklin də. “Kitablar ölməz” deyimi “fikirlər ölməz” anlamının başqa bir şəklidir, təbii. Yüz illər, min illər keçir, dəyişən insan toplumlarından geriyə ancaq dəyərli fikirlər və düşüncələr qalır. Lytton və Franklindən misal çəkməyim də səbəbsiz deyil. Çünki onlar böyük düşüncə adamları olmaqla bərabər, öz dövlətçilik tarixlərinə imzalarını atmış peşəkar siyasətçi idilər və ölümlərindən sonra da geriyə zəngin bir irs buraxıblar. Bir xalqın yüz illər boyu bəhrələnəcəyi, qidalanacağı, öyrənəcəyi bir qiymətli irs. Bəs bizim indi hökumətdə təmsil olunan siyasətçilər nələrlə məşğul olur? Onlardan geriyə hansı fikir, hansı düşüncə, hansı dəyərli söz qalacaq görəsən? Yəni qalacaq bir şey varmı ki? Mən bunların necə kitablar oxuduğunu, hansı düşüncə adamlarından öyrəndiyini, hansı siyasətçilərdən bəhrələndiyini düşünüb bir yerə çıxa bilmirəm, açığı. Oxuyan, öyrənən, dərk edən niyə  bu qədər məhdud düşüncə çərçivəsində qalsın ki? Oxuyan və ağlı yerində olan niyə anlamasın ki, 21-ci əsrdə adamları kitab oxumağa görə ittiham etmək rəzilliyin görünməmiş dərəcəsidir. Hələ həmin kitabda özlərinin imzası, adı varsa…Hələ o kitablar həmin komandada önəmli yer tutan adamların xeyir-duası ilə nəşr olunubsa…Hələ o kitabı da həmin adamlar özləri şər aləti kimi gətirib birinin maşınına qoyublarsa…Belə absurd bir şey harda görünüb, siz özünüz deyin…

Həqiqətən, bu qədər ağılsızlığı heç düşmənə də arzulamıram. Özünü nə qədər itirəsən ki, dostluq etdiyin, biznes əlaqələrində olduğun, sayəsində qazandığın, nəşrlərini buraxıb, hər yerdə təbliğatını qurduğun adamın kitabını gətirib birinin maşınına atıb, sonra onu cinayət vasitəsi kimi müsadirə edəsən? Primitivlik və ibtidai qavrayış öz yerində, mənəvi dəyər anlayışından da heç bir qırıntı yoxdurmu içinizdə? Doğrudanmı, kitabınızda hər şeyin hesabı yalnız pul vahidi əsasında yazılıb? Doğrudanmı, öz çuvalınızı gizləmək üçün illərlə yol gəldiyiniz, yeyib-içdiyiniz, alver etdiyiniz, qazanc götürdüyünüz adların üstündən bir anda beləcə tankla keçməyi tam qanunauyğun sayırsınız? Əlbəttə, bütün bunlar sizin qanunlarınıza tam uyğundur, demək ki. Sizin qanunlarda şərləmək, iftira atmaq, damğalamaq, günahsızları həbslərdə yatırtmaq adi bir şeydir. Sizin qanunlarınız mənəvi normaları, əxlaq çərçivələrini, Allahın qoyduğu qanunları belə çoxdan aşıb keçib. Yoxsa bu qədər haqsızlığı etdiyiniz zamanlarda içinizdən bircə dəfə “etməyin, yazıq, günah” nidası gələrdi. Yoxsa bircə dəfə əlinizi saxlayıb, vicdanınızın “Allahdan qorx” səsini eşidərdiniz. O səs yox, o hisslər çoxdan ölüb demək ki, içinizdə. Bəlkə də, heç binadan olmayıb, bilən varmı ki?..

Bir gün bu ölkəni zülm içində boğanların qoyduqları qanunlar öləcək. Onlar özləri də tarixdən birdəfəlik silinib gedəcəklər. Amma fikir və ideya adamlarının yolu hər zaman davam edəcək. Adətən yazılarımda adların üzərində çox dayanmaq istəmirəm. Çünki bu bəlanın, bu ədalətsizliyin, bu qanunsuzluğun və qansızlığın odu gözlənmədən hamıya sıçraya bilər. Bu gün hədəfə “Azadlıq” qəzetinin direktoru Faiq Əmirli gəldi. Bu gün onu şərləyib, iki körpə balasının ahını aldılar. Bu gün ona qurulmuş tordan daha hansı yalanların çıxacağını gözləyirik. Amma inanın, o tor indiki halda hər kəsin başına keçə bilər. Qınına çəkilib başını salamat istəyənlərin belə. Zülm edənin öz cəzası var və o mütləq bir gün cəzalanacaq. Amma zülm qarşısında susan dilsiz şeytanların cəzası da onlardan az deyil, bilin ki. Bu ölkədə  illərdir hədəfdə olan insanlar, onsuz da, kəfəni çoxdan əyninə geymiş insanlardı. Amma bir gün zərbə sizi vurunca, dikələ bilməyəcəksiniz. Bunu da kitabınızın bir qırağına yazın eləcə…