Tutulan cəbhəçini ‘gördüm’ deyən yoxdu

fuad-ahmedliAXCP Xətai şöbəsi Gənclər Komitəsinin sədri Fuad Əhmədlinin işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunmuş Əhmədlinin adı rəsmi məlumatda Fəthullah Gülen şəbəkəsiylə əlaqəli şəxs kimi təqdim olunurdu.

Gənc fəalın atası Zəfər Əhmədlinin Azadlıq Radiosuna dediyinə görə, oğlu həbs olunarkən yaxınlarına bu barədə bilgi verilməyib.

Bu səbəbdən Fuadın şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsində öz seçdiyi vəkil yox, dövlət hesabına təyin olunmuş müdafiəçi iştirak edib.

YERİNİ DƏQİQLƏŞDİRƏ BİLMİRLƏR

“Biz Əsabəli Mustafayevlə müqavilə bağladıq və o, Fuad Əhmədli ilə görüşmək üçün avqustun 22-də DTX-ya getdi. Orada ona bildirdilər ki, “Fuad Əhmədli artıq burada yoxdur”. Onun işi də prokurorluğa verilib. Hələ ki, harada saxlanıldığını dəqiqləşdirə bilməmişik”, – Zəfər Əhmədli söyləyib.

Deyilənləri vəkil Əsabəli Mustafayev də təsdiqləyib. Müdafiəçi Fuad Əhmədlinin işinin AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin ittiham olunduğu cinayət işinə birləşdirilə biləcəyini istisna etmir.

Fuad Əhmədli avqustun 18-də həbs olunub. Ona CM-nin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb.

Bu həbslə əlaqədar DTX və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, “Azerfon” MMC-də “Zənglər mərkəzi”ndə operator vəzifəsində işləyən Fuad Əhmədli abunəçilərə aid fərdi məlumatları, o cümlədən zəng tarixçələrindən çıxarışları, antenalar üzrə olduqları yerləri və s. qapalı məlumatları çıxarıb, müəyyən adamlara ötürüb. Onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat və CD disklər, Fethullah Gülen-in çıxışları olan vərəqələr, “Gülen camaatı” adlandırılan qrupun üzvləri, “Hizmət imam”ları adlandırılan şəxslər və onların qarışılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

YAXINLARI TƏKZİB EDİR

Fuad Əhmədlinin yaxınları isə evdən Fethullah Gülen-ə aid kitab və sənədlərin götürülməsi barədə deyilənlərin yalan olduğunu bildirir.

AXCP də bəyan edib ki, Fuad Əhmədliyə irəli sürülən ittihamlar birmənalı şəkildə yalan və quramadır:

“Fuad Əhmədlinin gülençilərlə heç bir əlaqəsi yoxdur və ola da bilməz. O, İqtisad Universitetini bitirib, müasir və liberal düşüncəli siyasi fəaldır, ictimai-siyasi baxımdan AXCP-də formalaşıb. Bu, partiya üzvlərini və onun sədrini Fetullah Gülen-ə bağlamaqdan ötrü hakimiyyətin əl atdığı çirkin saxtakarlıqlardan biridir”.

Türkiyə hökuməti 15 iyul çevriliş cəhdinə görə ABŞ-da yaşayan ilahiyyatçı Fethulla Gulen-i ittiham edir, onun ekstradisiyasını istəyir. Gülen isə ittihamları “yalan” adlandırır.

Avqustun 22-də AXCP sədrinin köməkçisi Faiq Əmirli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 283.2-ci (milli, irqi, dini düşmənçilik salma) və 168.1-ci maddələri ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) ittiham verilib. Vəkili Aqil Layicovun bildirməsinə görə, istintaq materiallarında F.Əmirli «Hizmet» hərəkatının imamı kimi təqdim edilir. F.Əmirli özünü təqsirkar bilmədiyi üçün istintaqa hər hansı ifadə verməyib.