“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin həbsi bizi yenidən düşündürdü. Bu qədər gülməli görünsə də, deyəsən, müxalifətçilərin Fətullah Gülənlə əlaqələndirilib tutulması məsələsində Azərbaycan hakimiyyətinin plan və istəkləri doğrudan da ciddi imiş. Bundan qabaq da AXCP üzvü Fuad Əhmədli və digər gənclər, NİDA üzvü Elgiz Qəhrəmanlı eyni iddialarla tutulub.
Müxalifətçilərin uydurma həbslərlə tutulması yeni deyil. Amma yenə də hər kəs təəccüblənməyə davam edir. Bu qədər açıq şəri necə həyata keçirmək olar? Axı bu məsələni Türkiyə də izləyir. Onlarda “Hizmət hərəkatı”nın bütün şəbəkəsi barədə məlumatlar var, orda bu adamların yaxından-uzaqdan adı yoxdursa, indi bu məsələdə çox həssas olan Ərdoğan hakimiyyəti buna sadəcə göz yumacaqmı?
Bunları fürsət ikən müxalifəti susdurmaq, yeni həbs dalğası ilə xof yaratmaq üçün etdiyiniz bəlli, amma bunları həm də Ərdoğanın könlünün xoş olması üçün edirsinizsə, bir düşünün, xoş olacaqmı?
Əvvəla, biz hesab etmirik ki, kimsə Gülən şəbəkəsinə bağlı olubsa, haradasa üz-üzə gəlibsə, adam cinayətkardır. Adamın Qafqaz Universitetində oxumağı onun ən cüzi günahı ola bilməz, məsələn. Konkret əməllər və iştiraklardan söhbət gedə bilər, buna hüquqi qiymət vermək olar.
Hərçənd bu yeraltı təşkilatının çox iyrənc bir hədəflərə sahib olduğunu həmişə düşünmüşəm. Yaxşı məktəblər açıblar? Ən çox səslən dəlil budur! Xeyir ola, dövlət hara baxır ki, xalqa məktəbi Gülən açır? Digər tərəfdən, kimsə təhsil “hizmeti” göstərirsə, açıq təhsil şirkəti qursun, başqaları kimi fəaliyyət göstərsin, daha bu qədər yeraltı və yerüstü dini-siyasi-iqtisadi şəbəkə, təlatüm nəyə lazım? Təkcə bu suallar göstərir ki, bunlar çağın açıq, şəffaf quruluşu deyil. Üstəlik, təhsil sahəsində də uğurları yerli hökumətlərin səriştəsizliyi, korrupsiya və özbaşınalığı hesabınadır. Qafqaz Universitetində rüşvətin olmaması da əlahiddə bir şey deyil, heç bir normal ali məktəbdə rüşvət olmamalıdır, əlahiddə olan Bakı Dövlət Universitetində niyə rüşvətin olmasıdır. Öz təhsil sistemin rüşvətdə batırsa, kiməsə istedadlı uşaqları yığıb yaxşı məktəbi asanlıqla aça bilər. Nəhayət, nə Harvard qurublar, nə də ODTU. Özləri də korrupsioner hökumətlərlə yaxın dost olurlar.
Amma bu şəbəkə məhkəmə qərarı ilə terror təşkilatı elan edilməyib. Hələ Türkiyədə də belə qərar yoxdur. Üstəlik, kitab oxumaq qadağa ola bilməz, burdan cinayət axtarmaq özü cinayətdir. Hələ o kitabları maşının arxasına, evə atmaq bir yana qalsın…
Kimin kitabıdır, kimi tuturlar…
Kitablardan bunu edənlərin öz izi çıxırsa, nə deyək biz? Adamlar gülür bu hərəkətlərə. Baş prokurorun əmisi o kitablardan birinin redaktoru olub, İlham Əliyevin seçkilərdə vəkili olmuş Rəşad Məcid ona ön söz yazıb.
Siz Gülənin Dialoq Avrasiya Platformasının rəhbərliyində olan adamlara baxın, hamısı YAP-çılardır, deputatlardır, şanlı AYB sədridir …
Mətbuat Şurası bu qurumla birlikdə mükafat təsis edib – “Həqiqətə xidmətə görə” – elə hakimiyyətin təbliğatçılarına paylayır.
Dialoq Platformanın bütün tədbirlərində (xaricdə və ölkədə) nazirliklərdən, prezident aparatından adamlar iştirak edib. Fətullah Gülən öz rəsmi saytının ana səhifəsində Heydər Əliyevin on yazdığı məktubu ayrıca yerləşdirib.
Siz kimə Gülənçi deyirsiz? Siz kimi həbs edirsiniz? Gülən sizlərin yanlında olub, cənablar! Sizə gülərlər, elə gülürlər də. Bəlkə Ərdoğan da gülər!
Ərdoğan məhbusları
Son günlər həbs edilənləri Ərdoğan məhbusları adlandırmaq olar. Əgər onun istəyi ilə burada televiziya kanalı bağlanırsa, onun könlü xoş olsun deyə günahsız adamlar tutulursa və Türkiyə prezidenti sakitcə baxırsa, deməli, bu siyasi məhbuslar onun adı ilə bağlıdır.
Demokratiya yamanca qalib gəlibmiş!