İnsan hüquqları müdafiəçisi Oqtay Gülalıyev özünün sosial şəbəkədəki səhifəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun MTN-nin sabiq rəhbəri Eldar Mahmudova yazdığı məktubu paylaşıb.
Gununsesi.info-nun məlumatına görə, məktubda MTN tərəfindən qanunsuz həbs olunan bir qrup məhkumun məhkəmə prosesinə sədrlik edən hakim Ənvər Seyidov təqsirləndirilən şəxslərə bağlı qapılar arxasında 10- 14 il həbs cəzası verəndən sonra nazir Eldar Mahmudovdan dinc günahsız insanları şərləyib həbs etdiyinə, onlara böhtan atıb, ağır işgəncəyə məruz qoyduğuna görə MTN- nin Anti- Terror Mərkəzinin bir qrup əməkdaşının vicdanlı və ləyaqətli hərəkətlərinə görə (!?) mükafatlandırılmasını xahiş edib.
Məktubda adları keçən insanların böyük əksəriyyəti isə Eldar Mahmudovun dəstəsinin üzvləri olub. MTN dağılandan sonra həmin şəxslərin əksəriyyəti həbsə girib. Ənvər Seyidovun təriflədiyi Anti-Terror Mərkəzinin rəisi Elçin Quliyev və onun müavini Ilqar Əliyev də həbs edilib. Sonradan kamerada Ilqar Əliyevin meyiti tapılıb. Rəsmi məlumata görə, o, intihar edib.
Ənvər Seyidovun bu məktubu hüquqi baxımdan da qanunsuz dəyərləndirilməlidir. Qanunverciliyin tələblərinə görə, işə baxan məhkəmə ittiham tərəfinin ortaya qoyduğu sübutlara deyil, məhkəmə istintaqında ortaya çıxan sübutlara əsasən hökm verməlidir. Eldar Mahmudovun sifarişi ilə yazılmış saxta ittiham aktını gözü yumulu qəbul edən hakim bununla yanaşı sabiq MTN şefinə yarınmağı da unutmayıb.
Ənvər Seyidovun təriflədiyi MTN əməkdaşları arasında Eldar Mahmudovun ailə üzvlərindən olan Mahmudov Həmid Azər oğlunun da adı var.