Pambıqçılığın inkişafı, yoxsa sabotaj?

pambiq1Yerlərdə məmurların davranışları daha çox sabotajdan xəbər verir

Ötən ilin “kənd təsərrüfatı ili” elan olunmasına baxmayaraq bu sahədə heç bir uğur qazanılmadı. Kənd təsərrüfatının inkişafına dövlətin tez-tez dilə gətirilən qayğısını sadə kəndli duymadı. Görünür, bunu nəzərə alan hökumət bu il əsas diqqəti pambıqçılığın inkişafına yönəldib. Bir qədər sovetlərin vaxtını xatırladan bu diqqəti, görünür, xırda məmurlar elə o şəkildə də qarşılayır, yəni növbəti şou xarakterli addım sayır.

Müstəqil Azərbaycan artıq uzun müddətdir keçmişə qayıtmaqla məşğuldur. Bütün sahələrdə sovet ənənələrinə (yaxşısı yox, pisi) geniş meydan verilir. Pambıqçılıqda sovetlərin vaxtında məşhur olan “pripiska” da bu qəbildəndir. Hər yerdə pambıq əkilir, harda boş torpaq görüblər, indi hamısına pambıq səpilib. Məntiqlə gərək qabaqca bu sahələrə qulluq olunaydı, torpaq münbitləşdiriləydi, bol məhsul üçün bu, birinci şərtdir. Ancaq YAP hakimiyyəti statistika üçün çalışdığından buna önəm verilmir. Başlıcası neçə hektarın əkilməsidir, məhsul bolluğunu kağız üzərində də yaratmaq olar. Heydər Əliyevin vaxtlarında olduğu kimi; sosializm yarışı, kağız üzərində pambıq istehsalını 1 milyon tona qaldırdığımız çağlarda olduğu sayaq.

Redaksiyamıza Saatlı rayonundan bir qrup fermer məktub göndərib. Onlar qarşılaşdıqları çətinliklərdən, əslində, onlara heç bir hüquq tanınmadığından şikayətlənirlər.

Məktub müəllifləri onlarla bağlanmış müqavilədən xəbərsiz olduqlaoını, daha doğrusu bu müqavilənin surətini ala bilmədiklərini yazırlar:

“CTS AQRO” M.M.C-nin rəhbərliyi prezidentin pambıqçılığın inkişafı haqqında verdiyi sərəncam və göstərişləri sabotaj etməklə məşğuldur.

Bu şirkət fermerlərlə müqavilə bağlayarkən qarşı tərəfin heç bir təklifini nəzərə almadan tam öz istəyinə uyğun müqavilə bağladığı halda həmin müqavilənin bir nüsxəsini qarşı tərəfə verməkdən imtina eləyir ki, müqavilədə göstərilən şərtləri şirkət pozduqda fermer onları məhkəməyə verə bilməsin.

Məsələn, 2015-ci təsərrüfat ilində şirkət müqavilə şərtlərini pozdu. Lakin fermerlərin əlində müqavilənin bir nüsxəsi olmadığından məhkəməyə müraciət edə bilmədilər.

Hazırda şirkətin Rauf adlı hüquqşünası fermerləri məhkəmə ilə hədələyir və Beynəlxalq Bankdan mənimsədiyi pulları fermerlərin “AQROKREDIT Bank”dan aldığı kreditlər hesabına ödətdirmək istəyir.

Becərmənin qızğın vaxtında məhkəmələrə süründürmək pambıqçılığın inkişafını əngəlləməkdən başqa bir şey deyil. Bu şirkət fermerlərə vurduğu ziyana görə kompensasiya ödəməkdən yayınmaq üçün belə mənasız işlərlə fermerlərin başını qatır.

“AQROKREDIT Bank”ı fermerlərə dəstək verdiyi halda “CTS AQRO” MMC-nin rəhbərliyi buna müxtəlif vasitələrlə mane olmağa çalışır. “CTS AQRO” MMC-nin həbsxanada olan rəhbərləri Beynəlxalq Bankın vəsaitlərini şəxsi məqsədləri üçün xərcləyəndə şirkətin hüquqşünası Rauf görəsən niyə susurdu? Çünki, bu şirkət hələ də həbsxanadan idarə olunur.

“CTS AQRO” MMC şirkəti Beynəlxalq Bankdan aldıqları kreditləri istədikləri kimi xərcləyə bilirdilər, indi isə başqa mənzərə yaranıb.

AQROKREDIT Bank kreditləri birbaşa fermerlərə verdiyi üçün fermerlər gübrələri və dərman preparatlarını bazar qiymətinə ala bilirlər, həmin şirkət isə sadaladığımız məhsulları bizə həmişə dəyərindən baha qiymətə satırdı. Ona görə də bu şirkət “AQROKREDIT Bank”ın fermerlərlə birbaşa əlaqəsindən narahat olub.

Odur ki, fermerləri məhkəmə çəkişməsinə cəlb etməklə təsərrüfatsızlıq yaratmaq istəyirlər.

2015-ci ildə bu şirkət iflas etdiyindən bizi maliyyəsiz qoydu və biz pambıq əkdiyimiz sahələri becərə bilmədik. Əslində, bunun bütün günahı həmin şirkətdədir. Buna görə bu şirkətdən bizə vurduğu ziyana görə konpensasiya tələb etmək qərarına gəlmişik.

Hətta Kənd Təsərrüfatı Naziri ANS Televiziyası vasitəsilə fermerlərə müraciət elədi ki, “CTS Aqro” MMC şirkəti maliyyə çatışmazlığı üzündən iflasa uğradığına görə bu şirkətlə müqaviləsi olan fermerlər pambığı müqavilədə göstərilən qiymətdən aşağı qiymətə MKT şirkətinin pambıq qəbulu məntəqələrinə verə bilərlər.

Göründüyü kimi, biz öz hesabımıza becərə bildiyimiz az miqdarda pambığı da ucuz qiymətə başqa şirkətə vermək məcburiyyətində qaldıq.

Indi “CTS” MMC-nin Rauf adlı hüquqşünası bütün bunları unutmuş kimi bizi məhkəmə ilə hədələyir.

Biz 2015-ci ildə əlimizdə müqavilə nüsxəsi olmadığına görə mətbuat vasitəsilə dəfələrlə ölkə rəhbərliyinə müraciət etmişik ki, şirkət bizim müqavilə şərtlərimizi pozur. Bu barədə “Azadlıq” qəzeti və ölkənin müxtəlif saytları və mətbuat orqanları bizim müraciətlərimizi ölkə rəhbərliyinə və ictimaiyyətə çatdırıb”.

Sosial şöbə