Ölüm ən uzun andırsa…

saadet-cahangir-koseSəadət Cahangir

Viktor Xaranın kim olduğunu mübarizə adamları yaxşı bilir. 70-ci illərdə Pinoçet rejiminə qarşı olan və gözəl azadlıq bəstələrinə görə rejim tərəfindən öldürülən əfsanəvi Çili musiqiçisi. Amma təkcə musiqiçi deyil, həm də ölkəsinin dəyişməsi, yeniləşməsi uğrunda savaşan bir inqilabçı. Onu hərbi xuntaya boyun əymədiyinə görə, qəddarlıqla qətlə yetirdilər. Son dəfə böyük stadiona çıxıb, gitarasıyla nəğmələr oxudu. “Sus” əmrinə tabe olmadığı üçün barmaqlarını qırdılar, amma yenə dayanmadı və oxumağa davam etdi. Sonra xunta komandirinin göstərişi ilə başını əzib, əllərini kəsdilər. Kəsik əllərini azadlıq arzulayan hər kəsə görk olsun deyə, stadion dirəyindən asdılar. 2003-cü ildə ölümündən 30 il sonra həmin stadiona Viktor Xaranın adı verildi. 2004-cü ildə onun ölümündə günahkar olan hərbçilərə cinayət işi açıldı və hamısı ömürlük həbs cəzası aldı. Tarixdə yüzlərlə belə nümunələr var. O nümunələr bu günlə yaşayan və burnundan uzağı görməyən diktatorlara ibrət olsun gərək! Azadlıq istəyən insanlar bu günlə yaşamır, azadlıq onlar üçün təkcə bu günün dəyəri deyil. Azadlıq istəyən insanlar ölüm bahasına olsa belə, o istəklərindən vaz keçməzlər…

On illər keçir, dünya işıq sürəti ilə inkişaf edir, amma insanın düşüncəsindəki natamamlıq hissi dəyişmir. Həmin xuntanın qəddar əməllərindən törəyənlər zamanın çarxını geri çevirmək üçün əllərindən gələni edirlər. Bəlkə indi məcburən repressiya metodlarını və qaydalarını müəyyən dərəcədə “yumşaldıblar”, amma qəddarlıq, zalımlıq, qaniçənlik yenə öz yerində qalır. Azadlıq və ədalət davası aparan, zülmə boyun əyməyən insanları yenə əzir, işgəncə verir və həbsxanalarda zərərsizləşdirirlər. “Yumşalma” sözünü də dırnaqda təsadüfi yazmıram, əlbət. “Nardaran işi”ndə üzə çıxan işgəncə faktları Xaranın zamanında insanlara verilən işgəncələrdən fərqlidir məgər? 23 il zor gücünə hakimiyyətdə oturmaq və vaxtı bir az da uzatmaq üçün konstitusiyanı dəyişmək, seçkini saxtalaşdırmaq, etiraz edənləri şərləmək və həbsə atdırmaq cəngəllik qanunlarının diktəsi deyilmi, sizcə? Hər şey o qədər ağır və ağrılıdır ki, insan anlatmağa söz tapmır. Insan söz tapmır anlatsın ki, axı bu ölkə qurbanlar verən bu xalqın əlləri ilə azadlıq qazanıb. Gəlib hazır bal pətəyinə qonub sorduğunuz bəs deyilmiş kimi, daha millətə niyə zülm edirsiniz? Hələ bu zülmün ömrünü uzatmaq üçün o xalqı ayaq altına qoymaq hansı mənəviyyata, hansı vicdana sığır?

Tarixin gərdişini saxlamaq, təkərini geri çevirmək mümkün deyil. Nə olursa-olsun, zamanın əqrəbi irəli istiqamətdə fırlanır. Tez-gec bu ölkədə də hər şey dəyişəcək. Zülm edən recimlər tarix boyu hansı ölkədə əbədi qalıb ki, bizdə də qalsın. “Eh, Allah bilir, biz o günü görəcəyik, ya yox…” deyə vaysınanlara da cavabım  var. A balam, əvvəla o düşüncəyə qalsa, gərək heç yaşamayaq ki, sonda onsuz da öləcəyik. Ikincisi, lap biz görməyəcəyik deyə, bu ölkə dəyişməli deyil məgər? Biz özümüzdən geriyə xaraba bir ölkə, əcaib bir sistem qoyub getmək üçünmü dünyaya gətirmişik övladlarımızı? Viktor Xara “ölüm ən uzun andır” deyirdi. O əbədi anı ləyaqətlə yaşamağın dəyəri daha qiymətli deyilmi?  Ölkədə hər şeyi asanlıqla qanunsuz bir recimə təslim etmək və çəkilib oturmaq nə deməkdir? Insanın iradəsi çərçivəsində olan şeylərin “olmaz” tərəfi yoxdur. Bu ölkədə mübarizə də bitməz, zülmə qarşı dirənən qəhrəmanlar da. Yetər ki, onları meydanda tək buraxmayın, onların arxasından qaçmayın. Bir olsaq, o gözəl günləri də yaxın zamanda görəcəyik. Mütləq görəcəyik…