Dolların “qara bazar”ı stimullaşdırılır

samir-eliyev-iqtisadciSamir Əliyev: «Yaranmış vəziyyətdə banklar «qara bazara» üstünlük verir»

Dollara tələbin artması və nə Mərkəzi Bankın, nə də Neft Fondunun bu tələbi qarşılaması nəticəsində qara bazarda canlanma müşahidə olunur. Bankların dollar satmağa qoyduğu məhdudiyyət də əhali arasında qara bazar istifadəçilərinin sayını artırır. Fins.az-ın apardığı qısa araşdırmaya görə, dəfələrlə rəsmi şəkildə olunan qadağalara baxmayaraq, son günlərdə “qara bazar”da dollar alveri aktivləşib. Banklardan istədikləri məbləğdə dollar ala bilməyən vətəndaşlar gizli yolla dollar satanlara müraciət edirlər.

“Qara bazar”dan əldə etdilən məlumata görə, dünən (avqustun 19-da) dolların satış kursu 1,6850 – 1,6855 manat arasında dəyişib və dollar dəyişmək üçün hər hansı limit də olmayıb. Banklarda isə dolların alışı üçün təbii ki, məbləğ mədudiyyəti şərtilə, maksimum qiymət 1,6852 manat olub. Əksər banklar isə bundan daha ucuz məzənnə ilə ilə mübadilə ediblər. Buradan belə aydın olur ki, banklar ABŞ valyutasının “qara bazar”a çıxışını minimallaşdırmaq üçün alış və satış kursunu yol verilən həddin maksimumuna yaxınlaşdırmaq məcburiyyətində qalıblar. Indiki maliyyə böhranında bankların dollar alış-satışı arasında minimal fərq yaradaraq mübadilə əməliyyatları aparması isə onların külli miqdarda gəlirdən məhrum olması deməkdir. Ona görə də maliyyəçilər eyni zamnada “qara bazar”la mübarizə aparmaq məcbuiyyətindədir.

Ancaq qeyri-rəsmi olaraq o da məlumdur ki, qara bazarın təminatçıları özləri də elə maliyyə qurumlarıdır. Araşdırmalar göstərir ki, indi “qara bazar”da dollar satanların əksəriyyəti elə bank işçiləridir. Onlar kimliklərini ustalıqla gizlədərək xarici valyuta alverində fəal iştirak edirlər. Təkcə yaxın ətrafları onların əslində harda işlədiklərini bilirlər və bu, onlara inamı artırır. Nəticədə isə vətəndaşlar ucuz dollar almaqdan məhrum olurlar.

Maraqlıdır ki, tələbin hər ötən gün artmasına baxmayaraq hərracda satışa elə stabil olaraq 50 milyon dollar çıxarılır. Son hərracda dollara tələb 700 milyona çatsa da satışa 50 milyon dollar təqdim olunub. Bəs, dollara olan tələb hansı formada ödənilməlidir? Tələbin ödənilməmiş qalması hansı problemləri yaradır?

Iqtisadçı Samir Əliyev bildirdi ki, dollara tələb iki aydır ki, təklifi üstələyir. Hazırda ancaq Neft Fondunun valyuta hərracında iştirak etdiyini deyən S.Əliyev vurğuladı ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının 4 milyarddan aşağı düşməsinə imkan verməyəcəklər. MB və digər strukturlar banklara hərracdan kənarda dəstək versə də dollara olan tələbat azalmır, əksinə daha da artır: “SOCAR bir müddət sonra xaricdən benzin idxal edəcək. Şirkət təkcə bu ay 45 min ton benzin idxal edəcək. Bu ən azı 20 milyon dollar ölkədən çıxacaq. Deməli bazarda 20 milyon tələb artacaq. Idxalın artması dollara tələbatı artırır. Həm də bankların öz borc öhdəlikləri var. Bütün bunlar ona gətirib çıxarır ki, bu gün dollara böyük ehtiyac var, bunu da qarşılaya bilmirlər. Mərkəzi Bank sərt qərar qoyub ki, rəsmi məzənnədən 4 faiz ucuz və 4 faiz baha dollar alına və ya satıla bilməz. Bu inzibati yol ilə dolların kəskin bahalaşmasının qarşısı alınır. Bu qayda banklara dolları baha satmağa imkan vermədiyindən banklar dollar satışını dayandırır. Amma bank dolların satışını uzun müddət dayandıra bilməz. Ona görə banklar ”qara bazara” üstünlük verir”.

S.Əliyevin sözlərinə görə, “qara bazar”ın əhəmiyyəti ondadır ki, o, MB-nin qoyduğu 4 faizlik marjadan kənara çıxır. S.Əliyevin sözlərinə görə, “qara bazarın” olması həm banklara, həm də əlindəki dolları yüksək qiymətə satmağa üstünlük verən vətəndaşa sərf edir.

Xəyal