Avqustun 20-də Azadlıq qəzetinin yayım direktoru Faiq Əmirli evdən çıxıb mağazaya gedərkən özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər onu saxlayıblar. Mülki geyimlilər Faiq Əmirlini gəldikləri maşına əyləşdirərək naməlum istiqamətə aparıblar. Az sonra onun evinə axtarış məqsədilə əməliyyatçılar gəlib.
Əməliyyatçılar Faiq Əmirlinin vəkilinin gəlişini gözləməyiblər və bir neçə hal şahidinin iştirakı ilə evə baxış keçiriblər. Onlar evdən Faiq Əmirliyə məxsus bəzi əşyalar, o cümlədən toy kasetləri götürüblər. Daha sonra Faiq Əmirlinin məhlədə saxladığı maşınına baxış keçirilib. Bu zaman guya maşının yük yerindən Gətullah Gülənə aid 3 kitab çıxıb. Kitabları maşına əməliyyatçıların qoyduğunun isə şahidi var.
Faiq Əmirlinin qaynatası Zakir Allahverdiyev onunla qonşuluqda yaşayır. Zakir Allahverdiyev jurnalistlərə Faiqin maşınına kirabların necə qoyulduğunu gördüyünü deyib: «Faiq səhər maşına minmək istəyəndə 3-4 nəfər ona yaxınlaşıb öz maşınlarına oturtdular. Ağ maşın idi, nömrəsini görə bilmədim. Bundan 5-6 dəqiqə sonra qayıdıb Faiqin maşınının yük yerinə o kitabları qoydular. Evi yoxlayandan sonra isə maşının yük yerini açıb həmin kitabları oradan çıxartdılar. Bu, başdan-ayağa quramadır».
Faiqin maşınını əməliyyatçıların necə aça bildiyinə gəlincə, buna onun özü Azadlıq qəzetinin əməkdaşı Təzəxan Mirələmli ilə qısa ünsiyyət zamanı aydınlıq gətirib. Belə ki, axtarışı həyata keçirənlər Ağır Cinayətlər ürə İstintaq İdarəsinə gedib Faiqdən maşının açarlarını almaq lazım olduğunu deyiblər. Bildiriblər ki, açarları şəxsən Faiqin özü təqdim edəcək. Açarları almaq üçün Təzəxan Mirələmli gedib. Faiq Əmirli açarları Təzəxan Mirələmliyə verərkən deyib ki, açarlar o saxlanılan kimi ondan alınıb və təxminən 1 saat sonra ona qaytarılıb. Bu barədə Təzəxan Mirələmli feysbuk səhifəsində də məlumat paylaşıb.
Faiq Əmirlinin Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirildiyini öyrənən jurnalistlər və onun təmsil olunduğu AXCP-nin üzvləri idarənin qarşısına toplaşıblar. Bir müddətdən sonra Faiq Əmirlinin vəkili Aqil Layıcov binadan çıxaraq dindirmə prosesi barədə məlumar verib. Vəkil Faiqə qarşı zorakılığın olmadığını, onun yaxşı əhval-ruhiyyədə olduğunu və özünü normal hiss etdiyini deyib. Bildirib ki, Faiq Əmirli şübhəli şəxs qismində dindirilib və sonda onun 48 saat saxlanması barədə qərar çıxarılıb. Faiq Əmirli Nərimanov rayonunda müvəqqəti saxlama təcridxanasına (Nərimanov RPİ) aparılıb.
Vəkilin sözlərinə görə, Faiq Əmirli dindirmə zamanı maşınından götürülən kitabların ona məxsus olmadığını, kitabları maşına əməliyyatçıların qoyduğundan şübhələndiyini bildirib. Vəkil deyib ki, Faiq Əmirli Cinayət Məcəlləsinin 283-cü maddəsini törətməkdə şübhəli bilinib. Lakin əvvəla, kitablar Faiq Əmirliyə məxsus deyil, ikincisi, hətta məxsus olsaydı belə, ortada onların yayılması, KİV-də bəyan olunması halları yoxdur. Bu isə o deməkdir ki, Faiq Əmirli hər hansı cinayət əməlinə yol verməyib və onun hətta şübhəli şəxs kimi saxlanması da əsassızdır.
Faiq Əmirlini heç vaxt maraqlanmadığı Fətullah Gülənin kitabları ilə saxlamaqda məqsəd isə görünür iki istiqamətlidir. Faiq Əmirli Azadlıq qəzetində işləməklə yanaşı, təmsil olunduğu AXCP-də partiyanın sədri Əli Kərimlinin köməkçisidir. Hakimiyyət isə son günlərdə Əli Kərimlini şər-böhtanla Fətullag Gülənlə əlaqələndirmək istəyir. Bu məqsədlə hətta Əli Kərimlinin guya Fətullah Gülənə yazdığı, lakin heç Xalq Cəbhəsi Partiyasının adının da düz yazılmadığı bir saxta məktub da düzəldib, hakimiyyətin nəzarətindəki sosil şəbəkə resurslarında yayıblar. Bundan başqa AXCP-nin gənc fəallarından Fuad Əhmədlini DTX həbs edib və rəsmi ittihamda o, Gülənçi kimi təqdim olunub. Görünür, indi də Faiq Əmirlini Gülənçi “çıxarmaqla” Əli Kərimliyə qarşı iddialarını gücləndirmək istəyiblər.
İkinci istiqamət isə Azadlıq qəzetinin özünü də hədəfə gətirmək və onu bağlatmaq üçün zəmin hazırlamaq ola bilər.
Həm Azadlıq qəzeti, həm də AXCP sədi Əli Kərimli bu hadisə ilə bağlı xüsusi açıqlama ilə çıxış edib.
Azadlıq-ın açıqlamasında deyilir:
“Azadlıq qəzeti bildirir ki, Faiq Əmirlinin həbsi hakimiyyətin uzağa gedən planlarından xəbər verir.
Əvvəla, bir neçə gün qabaq hakimiyyət daxilindən redaksiyaya məlumat sızmışdı ki, Azadlıq qəzetini bağlamaq istəyirlər. Faiq Əmirlinin həbsi həmin niyyəti həyata keçirməyə zəmin yaratmaq üçün ola bilər.
İkincisi, məlumdur ki, Faiq Əmirli həm də AXCP üzvü və partiya sədri Əli Kərimlinin köməkçisidir. O da məlumdur ki, hazırda hakimiyyətin AXCP-yə qarşı repressiyası güclənib və hədəf birbaşa partiya sədri Əli Kərimlidir. Artıq neçə gündür ki, hakimiyyətin təbliğat ruporları, hətta Rusiya kanalları da cəfəng iddialarla Əli Kərimlini Fətullah Gülənlə əlaqədə şərləyir. Son günlərdə AXCP-nin bir neçə fəalı müxtəlif bəhanələrlə həbs edilib. Onlardan barəsində həbs-qətimkan tədbiri seçilmiş Fuad Əhmədli rəsmən Gülənçi kimi təqdim olunub. Partiya bu ittihamı saxta və AXCP-yə qarşı şərləmənin tərkib hissəsi adlandırıb. Bu baxımdan Faiq Əmirlinin həbsi həm də AXCP sədri Əli Kərimlinin özünün hədəfə alınması kimi qiymətləndirilə bilər.
İstənilən halda Faiq Əmirlinin həbsi tam qanunsuz və əsassızdır, digər həbslərə və repressiyanı davam etdirməyə yol açmaq üçün düşünülüb.
Azadlıq qəzeti tələb edir ki, heç bir qanuni əsas olmadan həbs edilmiş Faiq Əmirli təcili azadlığa buraxılsın.
Bütün oxucularımıza, yerli və dünya ictimaiyyətinə bildiririk ki, Azadlıq qəzetinin özünün taleyi təhlükədədir. Repressiyaları durdurmaq üçün yubanmadan təsirli addımlar atılmalıdır.
Azadlıq qəzeti ən çətin şəraitdə də fəaliyyətini davam etdirəcək, sonuna qədər azad söz uğrunda mübarizəsinə sədiq qalacaq.”
AXCP sədri isə münasibətini feysbuk səhifəsində bildirib:
“Azadlıq” qəzetinin direktoru, AXCP-də mənim köməkçim Faiq Əmirlini həbs ediblər. Faiq bəyin heç bir qanunsuz əməlindən söhbət gedə bilməz. Ona qarşı hansı ittiham irəli sürülsə, saxta olacaq. Rejim açıq-aşkar Şimali Koreya yolu seçib. Lakin xalqın iradəsi repressiya maşınını bu dəfə də durdura bilər və durdurmalıdır. Biz gənclərimizin, övladlarımızın Şimali Koreya tipli bir ölkədə yaşamasına imkan verə bilmərik. Bir millət kimi hamılıqla səfərbər olunmalıyıq. Mən millətimizin ədalətinə də, cəsarətinə də inanıram. 21-ci əsrdə feodal təfəkkürlü insanların qurduğu rejim uzun müddət qalib ola bilməz. Bir az tez, bir az gec, bir az asan, bir az çətin qələbə xalqındır, xalq hakimiyyətinindir!”