«Alimlər evi»nə basqın FOTO VİDEO

alimlerin-binasi-sokuntu«Polislə, dəyənəklə ölkə idarə olunmaz»

«Sənin bu qədər gücün, qüdrətin var, get Qarabağda bir santimetr torpaq al, mən də deyim sən qüdrətli dövlətsən. Vətəndaşa gücünü göstərmə…»

“Yasamal rayon icra hakimiyyətinin başçısı Ibrahim Mehdiyevin rəhbərliyilə Şərifzadə 33 ünvanına – ”alimlər evi” kimi tanınan binaya polis hücum çəkdi. Iki ekskavator binaya hər iki tərəfdən basqın etdi”.

Alimlərin redaksiyamıza bu həyəcanlı zəngindən sonra hadisə yerinə getdik. Bina bütünlüklə polis nəzarətindəydi. Icra başçısı Ibrahim Mehdiyev şəxsən söküntüyə-dağıntıya rəhbərlik edirdi. Sakinlərin bəzilərisə baş verənləri elə evin pəncərəsindən, balkondan izləyirdi, haray çəkənlər də vardı. Ancaq ekskavatorların səsi onların naləsini eşitməyə mane olurdu. Yükdaşıma xidməti də iş başındaydı. Iş başında olan başqa bir qrup da vardı; söküntü gedən ərazilərdən qapı-pəncərə, armatur, taxta, bir sözlə, ələ keçən nə varsa daşıyıb satan qrup.

“Buraları mən almışam, mən də sökəcəm…”

Bu bina vaxtilə alimlərə yataqxana kimi verilib, onların mənzil şəraitini yaxşılaşdırmaq üçün. Ancaq alimlərin mənzil şəraitini daha da yaxşılaşdırmağı bacarmayandan sonra mənzillər sakinlərin daimi istifadəsinə verilib, yəni onlar evlərini özəlləşdiriblər.

7 cildlik “Azərbaycan tarixi” kitabının müəlliflərindən olan Əzizağa Ələkbərov deyir ki, vaxtilə binada 92 ailə olub. Indi isə 40 ailə qalıb. Onlardan bəziləri heç burda yaşamır, evini kirayəyə verib: “Yasamalın icra başçısı Ibrahim Mehdiyev deyir ki, buranı mən almışam. Bax, bizim evin qarşısında tikilən o bina da Ibrahim Mehdiyevindir, tikinti şirkəti də onundur. Deyir, buraları mən almışam, mən də sökəcəm, çıxın gedin, nə müqavilə bağlanır, nə hansısa hüquq tanınır. Deyir, bu binanın yerində ev tikib sizə də verəcəyik… Qarşıdakı binanı 14 ildir tikirlər. Indi biz hardan bilək ki, bu bina da 14 ilə tikilməyəcək… Bilirsiz, elm ağır yoldur, hər kəs gedə bilmir. Bəziləri elmi atıb biznesə qurşandılar, başqa yerlərdə özlərinə ev-eşik aldılar. Burdakı evlərini də kirayəyə verdilər. Indi həmin adamları müxtəlif vədlərlə ələ alıblar, onlar başqalarından aldıqları kirayə pulunu bundan sonra dövlətdən alacaqlar. Ancaq mənim kimi heç yerdə evi olmayanlar neyləsin? Əslində, problem bizim binaya bitişik tikilən, mağaza üçün nəzərdə tutulan binadır. O bina da Ibrahim Mehdiyevindir. Biz müqavimət göstərdik, məhkəməyə, başqa instansiyalara getdik, onun tikintisinin başa çatdırılmasına imkan vermədik, indi həmin binanın qisasını alır bizdən. 10 gündən artıqdır qazımızı kəsiblər, bir az qabaq işığımızı da kəsdilər. Burda qalan ailələr onların şərtləriylə razılaşmır. Əşyalarımızın hamısı evdədir. Istəyimiz odur ki, evimizi evlə əvəzləsinlər, daha gəlib adamları polislə qorxutmasınlar. Polislə, dəyənəklə ölkə idarə olunmaz. Avropa mədəniyyəti, sivil ölkə budur? Hansı mədəniyyətdən danışırlar? Bu, Azərbaycan dövlətinin sifətidir. Azərbaycan ziyalısına, aliminə göstərilən dəyərin nümunəsidir bu. Belə ölkədə hansı elmdən, hansı mədəniyyətdən danışmaq olar? Adamları aldatmaqla çıxartmaq istəyirlər, hərəyə bir vəd verirlər, heç kimlə müqavilə bağlanmayıb. Mən sona qədər evimi, hüququmu müdafiə edəcəm. Uçurtmaq istəyirlər, gəlib uçurtsunlar… 19 ailənin imzasıyla polisə müraciət etmişik ki, buranı nəzarətə götürün, bizi qoruyun. Bir polis gəlmədi, ancaq indi Ibrahim Mehdiyevin yanında hamısı tökülüb gəlib. Vətəndaşla danışıq mədəniyyəti yoxdur bunlarda. Belə ölkə olar? Gücünü alimə göstərir. Sənin bu qədər gücün, qüdrətin var, get Qarabağda bir santimetr torpaq al, mən də deyim sən qüdrətli dövlətsən. Vətəndaşa gücünü göstərmə… Indi səlahiyyət yiyəsi olanların neçəsi bu binada yaşayıb; Hacıbala Abutalıbov, Ziyafət Əsgərov, Əli Məsimov…”

Biz prezidentə səs vermişik ki…

Başqa bir sakinsə Azərbaycanda qanun olmadığını deyir: “Rüşvətxorluqdur, hər nə qədər pis iş var, hamısı Azərbaycandadır”.

“Bura nə qədər polis töküblər, kim ekskavatorun qarşısına çıxır, qadın, kişi, uşaq bilmirlər, Ibrahim Mehdiyev deyir ki, tutun qolundan atın qırağa, binanı mən almışam, mən də sökürəm. Biz prezidentə səs vermişik ki, (Əzizağa müəllim müdaxilə edir: səs verməmişik, səsimizi oğurlayıblar…”) ətrafına bu cür məmur yığsın. Ibrahim Mehdiyevin danışığı eşitsəydiniz… normal mədəni səviyyəsi olan adam tüpürərdi, elə şey olar? 4 aydır uşaqlarımız ürəkkeçməsinə düşüb. Belə Allahsızlıq olar? Sökmə demirik ki, almısan, hara nə vermisən, nə almısan, haram xoşun olsun! Mən nə istəyirəm, evimin sahəsi qədər mənzil ver, başqa bir şey istəmirəm ki…”- deyir sakinlərdən biri.

“Bizi insan saymırlar”

Başqa bir sakin, Elmlər Akademiyasının əməkdaşı Səbinə Səmədova isə ölkə başçısından kömək istədiyini deyir: “Bizim 25 kv.m-lik evimiz var. Indi evimizi sökürlər, nə kompensasiya, nə də ev verirlər. Ümumiyyətlə, insanları insan saymırlar. Bundan ölkə başçısının xəbəri yoxdur, niyə bütün bunları Ilham Əliyevə çatdırmırlar. Ona görə çatdırmırlar ki, bizi insan saymırlar. Biz Azərbaycan vətəndaşı deyilik, niyə bizi küçəyə atırlar? Biz nə istəyirik, evimizin əvəzinə ev, artıq kvadrat da istəmirik. 7 nəfərlik ailə nə etməlidir? Burda hamı Akademiyanın işçiləridir, hökumət aliminə, ziyalısına belə qiymət verirsə, gör qara camaata necə qiymət verir”.

“Bura Ermənistandır, yoxsa Azərbaycan?”

Ağdam rayonundan qaçqın olan Kəmalə Allahverdiyeva burada ailəsilə yaşayır. “Müəlliməyəm, erməninin əlindən qaçıb gəlmişik bura. Indi ev yiyəsi çıxıb ortaya, deyir çıx evdən. Körpə uşaqlarla hara gedim, deyirəm bu evi istəmirəm, mənə kompensasiya verin ki, özümə ev ala bilim. ”Qaçqınkom”a gedirəm, deyir ev yoxdur. Özüm də YAP-ın üzvüyəm, başa düşə bilmirəm, məmurlar niyə belə hərəkət eləyir”- deyir 35 il iş stajı olan Kəmalə müəllimə.

Son

10 AA 821 dövlət nömrə nişanlı “Audi” markalı maşın – Ibrahim Mehdiyevin maşını hadisə yerindən gedəndən sonra polislər də dağılışmağa başladı. Bir neçə polis işçisi qaldı. Yeri gəlmişkən, sökmə əməliyyatının başlanğıcında polislər jurnalistlərin işinə müdaxilə edir, çəkilən fotolara, videolara baxmaq istədiklərini deyirdilər…

Biz hadisə yerindən çıxanda ekskavatorlar öz işindəydi, binanı bir başından dağıdırdılar. Binanın o biri başında isə sakinlər axşamı necə keçirəcəklərinin qayğısını çəkirdilər. Nə işıq vardı, nə də qaz, binanın damındakı su çənlərinin də bəziləri artıq sökülmüşdü. Ümid evdəki su bidonlarına qalırdı… Yükdaşıma xidməti əməkdaşları da bəzi mənzilləri boşaldırdılar. Taleyilə barışanların mənzilini…

Rövşən Hacıbəyli,

Bakı, Yasamal rayonu, “Alimlər evi”