Həbslər cəmiyyətdəki etiraz ruhunu öldürə bilərmi?
Hökumət yenidən əvvəlki kursa qayıdır. Belə ki, sosial-iqtisadi vəziyyətin pisləşməsi, ciddi maliyyə böhranın yaranması və Azərbaycana qarşı sanksiya təhdidləri hökuməti demokratiya imitasiyasına məcbur etdi. Tanınmış siyasi məhbusların azad edilməsi, QHT-lərin üzərindən həbsin götürülməsi, yeni qurumların yaradılması dünyaya “biz demokratik islahatlarda maraqlıyıq” mesajı vermək üçün idi.
Amma ölkəni ağır vəziyyətdən çıxarmaq üçün imitasiyaya yox, real islahatlara ehtiyac var idi. Ona görə də Ilham Əliyevin sərəncamları, yaratdığı qurumlar, müşavirələrdəki tapşırıqları nəticə vermədi. Yenə də məmur inhisarçılığı davam edir, yenə də korrupsiya qüvvədədir, yenə də hüquqsuzluq hökm sürür. Bəli, hökumətin yarıtmaz siyasəti vəziyyəti daha da pisləşdirdi və qarşıdakı mərəhələ daha ağır olacaq. Bu isə işsizliyin artmasına, qiymətlərin bahalaşmasına, kütləvi narazılığa səbəb olacaq. Eyni zamanda hökumətin bugünə qədər apardığı Qarabağ danışıqlarının da mənasızlığı təsdiqləndi. Üstəlik, qarşıdakı mərhələdə hökumət daxilində də ciddi qarşıdurmalar yaranacaq.
Bir sözlə, hökumət bütün sahələr üzrə tənəzzül rekordu vurur və xalq da aldadıldığının, səriştəsiz adamların girovuna çevrildiyinin fərqinə varır.
Belə bir məqamda hökumət çıxış yolunu yenidən repressiyalara başlamaqda görür. Bəli, islahat aparmağa, anti-böhran tədbirləri görməyə qətiyyətləri çatmadı, bacarmadılar. Açıq şəkildə etiraf edirlər ki, həbs etməkdən, vətəndaşı sıxmaqdan başqa əllərindən heç bir iş gəlmir.
Ölkəni böhrandan çıxarmaqda aciz olduqlarını görürlər, qarşıda daha böyük etirazların olacağını dərk edirlər və buna görə də etirazın mərkəzini dağıtmaq istəyilər. Düşünürlər ki, real müxalifət qüvvələri sıradan çıxasa, narazı əhali kütləvi etirazlara start verməyəcək. Məsələ burasındadır ki, qarşıda müxalifətin mitinqləri var və bu mitinqlərdə kütləviliyin qarşısını almaq üçün cəmiyyətə qorxu toxumu səpmək laızmdır. Həm də müxalifət hakimiyyətin yarıtmazlığını, korrupsiya fəaliyyətini, hətta böhran zamanı da xalqın haqqının oğurlandığını faktlarla ortaya qoyur. Hökumət isə xalqın gözünün açılmasını, hökumətin yalanlarının ifşa olunmasını istəmir.
Beləliklə, Əliyev ati-böhran tədbirləri əvəzinə, anti-böhran repressiyalarına start verdi. Bu repressiyaların mərkəzində AXCP-nin dayanması da təsadüfi deyil. Hökumət bir tərəfdən AXCP sədrinə Gülənçi damğası vurmaqla, o biri tərəfdən cəbhəçiləri həbs etməklə məşğuldu.
Bəli, Əliyev demokratiyaya dorğu bir addım ata bilmədi, yenidən avtoritarizmə dorğu sürət götürdü. Hakimiyyəti qoruyub saxlamaq, narazı kütlənin bir mərkəzdə toplaşmasının qarşısını almaq üçün repressiyalara başlayıblar. Ölkənin böhrandan çıxarmağı bacarmadıqları üçün, hakimiyyəti böhrandan çıxarmaq haqqında düşünürlər.
Amma bu dəfə yanılırlar. Bu dəfə hökumətin “analoqsuz inkişaf” təbliğatının nağıl olduğunu, hökumətin anti-milli mahiyyətini xalq açıq şəkildə görür. Artıq cəbhəçi gənci həbs etmək, müxalifət liderlərinə çamur atmaq vəziyyəti dəyişməyəcək.
Repressiyalar nə ətin, çörəyin qiymətini aşağı salacaq, nə də ölkədəki maliyyə boşluğunu dolduracaq. Əksinə böhranın miqyası artdıqca xaqın nifrəti və qəzəbi də artacaq. Təşkilatlanmış qüvvənin sıradan çıxarılması rejimin qəzəbli kütləylə üz-üzə qalmasını zəruriləşdirəcək.
Həbslər, bir qrup adamda xof, ruh düşkünlüyü yarada bilər. Amma milyonlarla insanı öz cazibəsində saxlaya bilməz. Kredit faizləri altında əzilmək, evə çörək apara bilməmək həbsdən daha qorxuludur. Bundan sonra vəziyyətin daha da pisləşəcəyini nəzərə alsaq, həbslərin daha da adiləşəcəyini əminliklə demək olar.
Ona görə də Əliyevin anti-böhran repressiyaları, hökuməti daha ağır böhrana salacaq. Həbslər hakimiyyət kürsüsünün sığortası olsaydı, bütün avtortitar rejimlər ölməzlik qazanardı.
Akif