Rüstəm Usubov hansı hüquqdan danışır?

DINQanunun şah olduğu ölkədə Hacı Məmmədov olayı, MTN işi, ən yüksək səviyyədə işgəncələr olmur

“Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib. Ölkədə ardıcıl ishalatlar aparılır. Dünyanın hər bir yerində olan böhran Azərbaycana təsir etməyib. Bu, uzaqgörən siyasətin nəticəsində olub”. Baş prokurorun birinci müavini Rüstəm Usubov Bakıda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Artıq ölkədə vəziyyət o həddə çatıb ki, prokurorun müavini də iqtisadçı kimi danışır. Bunlara aidiyyəti olan sahədə cərəyan edən neqativ hadisələrə münaibət bildirmək, ölkədəki qanunsuzluğa müdaxilə etmək əvəzinə, ölkədəki inkişafdan danışırlar.

Əlbəttə ki, Rüstəm Usubovun olmayan inkişaf haqqında dediklərinə geniş şərh verməyəcəyik. Bu ölkədə böhranın hansı həddə çatdığını rəsmi statistika da təsdiqləyir. Sadəcə olaraq hökumətin bütün sözçüləri “inkişaf” sözünü  dillərinə sancaqlayıblar.

Bu yazımızda Rüstəm Usubovun səsləndirdiyi başqa bir fikrə münasibət bildirmək istəyirik. “Azərbaycanda beynəlxalq standartlara cavab verən hüquqi sistem var. Azərbaycan prezidentÿIlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, demokratik proseslər genişlənir”- deyə Rüstəm Usubov  bildirib.

Ölkədə hüququn izi-tozu qalmayıb, amma prokuror müavini beynəlxalq standartlara uyğunluqdan danışır.

Bir anlıq Hacı Məmmədov hadisələrindən başlayıb, MTN hadisələrində qurtarmaq zərurəti yaranır. Hüququn üstün olduğu ölkədə səlahiyyət sahibləri bu qədər cinayət törədə bilərmi? Gecə-gündüz MTN-dəki dəhşətli cinayətləri sadalayıb, MTN generallarını həbs edib, MTN-in keçmiş rəhbərini ağlagəlməz cinayətlərdə suçlayıb, nəticə etibarilə  bu adamı azadlıqda saxlamaqdırmı hüququn aliliyi?

“Nardaran işi” məhkəməsindəki ifadələr insanı dəhşətə gətirir. Günahsız insanlara işgəncə verib müxalifət liderinə qarşı ifadə almaq, hüququn aliliyinin göstəricisidir?

Vicdanlı insanları “Gülən şəbəkəsi”nin üzvü kimi təqdim etmək, bu adamlar haqqında şərəfini itirmiş jurnalistlərə şər-böhtan yazıları yazdırmaq, standartlara uyğun hüquq sisteminin təzahürüdür?

Məhkəmələr oyuncaq quruma çevrilib, onlarla ictimai-siyasi fəal rüsvayçı ittihamlarla həbs olunub, müxalif fikirli insanların ailələrinə təzyiq edilir, bu adamlar şantaj olunur və Rüstəm Usubov hüquq sisteminin çiçəklənməsindən dəm vurur.

Bugünə qədər Azərbaycanın vəzifəli şəxsləri barəsində saysız-hesabsız korrupsiya faktları, ofşor şirkətlərdəki çirkli hesablar ortaya çıxıb. Niyə prokurorluq bütün bunlarla bağlı araşdırma aparmayıb? 1500 manat maaş alan məmurun 150 milyonluq sərvətə sahib olması niyə prokurorluğu maraqlandırmayıb?

MTN-də uzun illər sahibkarlara zülm edilib, günahsız insanlar MTN-in əliylə həbsə göndərilib, niyə prokuruluq bu çirkin gedişi dayandırmayıb?

Bugünə qədər keçirilən bütün seçkilərdə kobud saxtakarlıqlar qeydə alınıb və bu saxtakarlıqlar sosial şəbəkələrdə yayılıb. Niyə hüquq mühafizə orqanları topa bülleten atanları, 10 məntəqədə səs verənləri məsuliyyətə cəlb etməyib?

Binəqədidəki yanğınla bağlı məhkəmə prosesində verilən ifadələr onu deməyə əsas verir ki, 15 nəfərin ölümü ilə nəticələnən yanğın təsadüf deyilmiş. Niyə əsl günahkarlar kənarda qalıb, onuncu dərəcəli adamlar həbs edilib?

Əgər Azərbaycanda beynəlxalq standartlara uyğun hüquq sistemi varsa, ölkə vətəndaşı öz haqqını Avropa Məhkəməsində niyə axtarır? Niyə bütün ədalətli qərarlar Avropa Məhkəməsindən gəlir?

Ən nəhayət, hüququn olduğu ölkədə Konstitusiyaya təcavüz edib mütləq monarxiya qurmaq eşqinə düşmürlər. Hüququn olduğu ölkədə dövlətin sərvətləri bir qrup adamın yox, hamının qisməti olur.

Hüquq sistemi rəqiblərdən qisas almaq üçün vasitəyə çevriləndə dövlətin imici ləkələnir. Azərbaycanda da bu proses sürətlə gedir. Hüquq adı altında müxalifətçilər həbs olunur, müxalif fikirə təzyiq göstərilir.

Ona görə də Rüstəm Usubovun bu qədər mübaliğəyə yol verməsi absurd görünür, reallıqdan çıxış etmək lazımdır.

Samir