Ölümcül xəstə olan gənc üçün təsəlli

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Çox ağır xəstəliyə düçar olmuş gəncə necə təsəlli vermək olar? Birdən yadınıza düşəcək ki, heç həkimlər də bu zaman təsəlli vermir, ağrıları azaltmaq üçün tədbir görürlər. Şəxsən mən öz gözlərimlə adamın dəhşətli ağrılardan çarpayının metal başlığını dişlədiyini görmüşəm. Başqaları heyrət  və qorxu içində, təəccüblə tamaşa edirdisə, mən isə həyat təcrübəsi kifayət qədər kasad yeniyetmə olmağıma baxmayaraq, oxuduğum kitablar sayəsində  xəstənin nə üçün belə etdiyini bilirdim. Xəstəyə iynə vurulandan sonra, o, axırıncı dəfə yatdı, ətrafındakılar ağlayanda isə mən onlara təsəlli verməyə söz tapmayıb, çarpayının başlığına tamaşa etməyə başladım – metalın üzərində dişlərin izi qalmışdı…

Mütaliəmi hey davam etdirsəm də, həyat təcrübəm nə qədər artsa da, çox ağır sonuclarda necə təsəlli verəcəyimi yenə də öyrənə bilmədim. Arada özümə güldüm də.

Həyat isə öz dərsini verir. Həm də soruşmadan. Ali məktəbdə bircə ay idi oxumağım, kəndə getdim, atama kiçik əmimin ölümcül xəstə olduğunu söylədim. Evdən kənara apardım onu, arxı da keçdik, dağın ətəyində kövrəlib söylədim. Balaca qardaşını bizdən az istəmirdi. Yarım saat susub-durdu. Sonra mənə dedi ki, ərizə yazım əsgərliyə gedim: “Istəmirəm mənim bu günlərimi görəsən!”

Görmədim o günləri guya. Amma bildim o ağrıları. Lakin mən yenə də təsəlli verməyi bacarmırdım. Hətta bilgilərim artmış, daha sistemli yanaşa bilirdim həyat təzahürlərinə, Seren Kerkeqoru, Andrey Platonovu oxumuşdum, Buddanı sevmişdim. Təsəlli verməyi isə yenə də bilmirdim.

Bu arada oğlumla bir filmə baxdıq. Amerikalı yazıçı Con Qrinin “Ulduzlar günahkardır” romanı əsasında çəkilmiş filmdə ölümcül xəstəliyə düçar olmuş iki gəncdən bəhs edilir. Əsərdə amasızlıqla deyilir: “Həyat arzuların gerçəkləşməsi fabriki deyil!” Yəni biz nə edə bilərik ki! Filmi və romanı bu qayə üzərinə fokuslamaq istəməzdim. Fəqət bu kəlmələr doğrudan da çox amansız idi.

Amma mən artıq bir şeyi öyrənmişəm: təsəlli vermək, ümumiyyətlə, mümkün deyil. Günahkar isə ulduzlar deyil! Sadəcə, mümkün olanları etmək gərəkdir. Mümkün olan da sadədir – çağdaş bir respublika idarəçiliyi qurmaq. Onun içində sağlam mənəviyyatla yaşamağa, sağlam düşünməyə əngəlsiz imkan vermək, sağlam qidalanmaq, təhlükəsiz həyat tərzi qurmaq, yaxşı təhsil, tibbi sığorta və normal səhiyyə əldə etmək kimi bizim dövr üçün minimum sosial ehtiyacları və təməl azadlıqları gerçəkləşdirmək və s.

Bəli, ölüm, xəstəlik, qəza, ayrılıq, fövqəladə və ekstremal vəziyyətlər dünyanın hər yerində var. Amma elə problemlər var, bunlar bizim çağımızda ümumiyyətlə olmalı deyil. Azərbaycan bu cür olmalı deyil.

Bakıda “Azadlıq” metrosunun ətrafında yanan binaya  görə tutulan sahibkarın məhkəmə çıxışını oxuyun. Və dəsmal götürüb özünüzü və ölkənizi ağlayın! Yanğından 3 gün öncə MTN əməkdaşları onu hədələyib pul istəyib. Özü də Ilham Əliyev iqtidarının  korrupsiya bağlarının kölgəsində olan bu sahibkar pulu verməyib, həmin kölgədən gələn adamların hədəsinin dalınca bina yanıb, içində günahsız insanlar, uşaqlar ölüb.

Ölkə haqsızlıqdan, iqtisadi böhrandan üzülüb gedir, bunlar hələ də səsini çıxaran adamları həbs edirlər. Türmələr günahsız insanlarla dolu ikən, tanınmış iqtisadçı və siyasətçi Natiq Cəfərli, NIDA-çı gənc Elgiz Qəhrəman, AXCP üzvü Məsud Rzalı bu günlərdə şərlənərək həbs edildilər.

Belə ölümcül xəstə olmalı deyil bu gənc ölkə! Qurtulmalıdır Azərbaycan!