“Nardaran işi” məhkəməsində Usubovun ifadə verməsi tələb olundu

Fuad Tale

Taleh Bağırzadə: «Əgər o kompüter mənimdisə, onda mənim kişilikdə payım yoxdu, yoxsa da onu mənim üzərimə qoyanların kişilikdə payı yoxdu»

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin mühakimə olunduğu “Nardaran işi” üzrə məhkəmə prosesində təqsirləndirilən şəxslərin dindirilməsi başa çatıb. Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dünəndən etibarən zərəəkmişlərin dindirilməsi mərhələsi başlayıb. Dünənki məhkəmə iclasında iki polis – DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin (BMCQMI) şöbə müdiri Elman Bayramov və bu idarənin baş əməliyyat müvəkkili Islam Ağabəyov dindirilib.

Amma onlar dindirilməmişdən əvvəl təqsirləndirilən şəxslərdən Abbas Hüseynov Daxili işlər naziri Ramil Usubovun məhkəmədə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb. Abbas Hüseynov vəsatətini belə əsaslandırıb: “Bizə ”bandotdel”də işgəncə verən banditlər deyirdilər ki, bütün baş verənlərdən Daxili Işlər Nazirliyinin rəhbərliyinin xəbəri var. Dövlət başçısı da bu işlə yaxından maraqlanır. Ona görə də Ramil Usubov gəlsin, soruşaq görək ki, işgəncələrdən xəbəri var idimi? Bizim üstümüzə yazdıqları silahları hardan tapıb boynumuza qoyublar?”.

Abbas Hüseynovun vəkili məhkəmə iştirak etmədiyinə görə vəsatətin müzakirəsi təxirə salınıb.

Partlayış səsi eşitdim, sonra atışma başladı”

Bundan sonra Elman Bayramov dindirilib. O bildirib ki, MCQMI-də məxfi şöbənin rəisidi. 26 noyabrda Nardaranda keçirilən əməliyyatda iştirak edib və Taleh Bağırzadəni tutanlardan biri olub: “Noyabrın 26-da səhər saat 11-in yarısında Kərim Əlimərdanovun rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirildi. Taleh Bağırovun Nardaranda olması, Əbülfəz Bünyadovun evində toplantılar keçirilməsi və digər məsələlər barədə əməliyyat məlumatı daxil olmuşdu. Günorta saat 12.45-də Nardarana çatdıq, 15 dəqiqə ərzində mövqe seçdik. Saat 13.00-da əməliyyata başladıq. Bizim idarənin əməkdaşları təxminən 20 nəfər idi. Daha 15 nəfər mühafizə polisindən olardı. Xüsusi hərbi yük maşınları ilə getmişdik. Əvvəlcə iki nəfər əməkdaşımız qapıdan girdi, daha bir neçə nəfər hasardan tullandı”.

Elman Bayramov deyir ki, içəri daxil olan kimi qarşı tərəf qumbara atıb: “Qumbaranın atıldığını özüm görməmişəm, amma partlayış səsi eşitdim. Sonra atışma başladı”.

O, vəkillərin suallarına cavab olaraq, əvvəlcə xəbərdarlıq məqsədilə səsgücləndiricidən istifadə etmədiklərini bildirib və bunu kənddə səs-küy salmaq istəməmələrilə izah edib. Həmçinin qeyd edib ki, saxlanılanlara qarşı fiziki təzyiq, işgəncə olmayıb.

Talehi mühafizə polislərinə təhvil verdim”

Elman Bayramov Taleh Bağırzadənin tutulmasından da danışıb: “Taleh Bağırov şokda idi. Müqavimət göstərmədi. Əllərini bağlayıb, gətirib mühafizə polisinə təhvil verdik. Həmin vaxt otaqdan Talehin kompüterini də götürdük”.

Həbs olulnan şəxslərin bəzilərini müstəntiq dindirərkən özünün də orada iştirak etdiyini deyən polis həmçinin Taleh Bağırzadənin çıxışlarına da toxunub: “Noyabrın 5-dən telekanallarda, internetdə Taleh Bağırovun çıxışları yayılırdı. Deyirdi ki, ”qanımızla boğarıq sizi”, “bu hakimiyyət zalımdı”, “Bu hakimiyyət Yeziddi”…”

O kompüterin mənə aidiyyəti yoxdu”

Taleh Bağırov kompüterinin götürülməsi barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildirib: “Iş materillarında əsasən planşetdən söhbət gedir. Mənim isə ümumiyyətlə, planşetim olmayıb. Mənim noutbukum olub. Amma götürülməyib. Yəni bunların iddia etdiyi kompüterin mənə heç bir aidiyyəti yoxdur. Əgər dedikləri kompüter mənimdisə, onda mənim kişilikdə payım yoxdu, yox, əgər mənim deyilsə, onda mənim üzərimə qoyanların kişilikdə payı yoxdu”.

Heç vaxt deməmişəm ki, kiminsə qanını tökəcəyik”

Ilahiyyatçı çıxışlarına da aydınlıq gətirib: “Bəli, mən demişəm ki, ”qanımızla sizi boğarıq”, öz qanımızla. Yəni, nə qədər əzab versəniz də, öldürsəniz də, qanımızı töksəniz də, sizə təslim olmarıq. Mən heç vaxt deməmişəm ki, kiminsə qanını tökəcəyik. Bəli, bu hakimiyyətin zülmkar, Yezid xislətli olduğunu demişəm. Buna da konstitusiya imkan verir. Bu ifadə həm də onu təsdiqləyir ki, məni məhz çıxışlarıma görə həbs ediblər”.

Taleh Bağırzadə onu da qeyd edib ki, saxlanılandan sonra polislər mebel maşınında alt şalvarını çıxarmaq istəyərkən buna imkan verməyən Elman Bayramov olub.

Ziddiyyətlər

Elman Bayramov dindirilərkən bir sıra ziddiyyətlər üzə çıxıb. Məsələn, o deyir ki, əməliyyat, adamların tutulub aparılması təxminən 15 dəqiqə çəkib. Amma vəkil Yalçın Imanov diqqətə çatdırıb ki, protokolda bu prosesin təxminən bir saat çəkdiyi göstərilib. Bundan başqa, Elman Bayramov deyir ki, əməliyyat zamanı yaralananları da götürüb xəstəxanaya çatdırıblar. Amma həmin vaxt xəsarət almış təqsirləndirilən şəxslərdən Şamil, Bəhruz, Cahad bildirib ki, əməliyyatdan sonra onları kənd camaatı əvvəlcə qəsəbədəki tibb məntəqəsinə, oradan da təcili yardımla xəstəxanaya çatdırıb.

Bu adam məni ailəmlə şantaj edirdi”

Elman Bayramov dindirilərkən təqsirləndirilən şəxslərdən Rasim Cəbrayılov bildirib ki, “bandotdel”də bu polis onu ailəsilə şantaj eləyib: “Mən ifadəyə qol çəkmədiyimə görə işgəncə verənlərdən biri də məhz bu adam olub”.

Elman Bayramov onun dediklərini təkzib edəndə Rasim Cəbrayılov belə cavab verib: “Yalan deyirəmsə, bu Quran mənə qənim olsun, yoxsa da səni zəlil eləsin”.

Digər təqsirləndirilən Abbas Quliyev də ona işgəncə verənlərdən birinin bu polis olduğunu bildirib. Lakin Elman Bayramov bunu təkzib edib.

O evdə ehsan verilməsindən xəbərimiz olmayıb”

Digər polis Islam Ağabəyov bildirib ki, əvvəllər Nardaranda işlədiyinə görə onların xasiyyətini, adətlərini bilir: “Ona görə dedim qoyun namazın qurtarmasını gözləyək”.

Polis iddia edir ki, əvvəlcə qarşı tərəf qumbara atıb, atəş açıb, sonra onlar da silahdan istifadə ediblər: “Hamı zərərsizləşdiriləndən sonra hal şahidləri ilə evə baxış keçirildi. Onların üzərlərində və evdə olan silahlar qablaşdırıldı. Biz sonradan bildik ki, onlarda bizim gəlişimiz barədə məlumat olub. Orada içəri girəndə üzümdəki maskanı çıxartdım ki, bəlkə kimsə məni tanıyar atəş açmaz. Mən saxladığım Rasim Bünyadovu əvvəllər də tanıyırdım. Onu tutanda müqavimət göstərmədi. Dedim, Hacı, sən də bu dövlətə qarşı çıxırsan? Üzərindən qumbara tapıldı. Onda xəsarət izləri var idi. Soruşanda dedi ki, atışma olanda özünü yerə atıb, xəsarət alıb. Orada saxlanılan şəxslərə təzyiq göstərilməyib. Mənə qarşı da onlar müqavimət göstərməyiblər”.

Bandotdel”də saxlanılan şəxslərə işgəncə verilməsinə gəlincə, o bildirib ki, bu barədə məlumatı yoxdur.

Vəkil Yalçın Imanov bildirib ki, Islam Ağabəyovun özünün də dediyindən bəlli olur ki, baxış keçirilən zaman təqsirləndirilən şəxslər orada olmayıblar. Lakin onlara protokola imza elətdiriblər. Vəkil şahiddən bu məsələyə aydınlıq gətirilməsini istəyib. Islam Ağabəyov izah edə bilməyib, deyib ki, o, nə protokol yazıb, nə kiməsə imzalatdırıb.

Fuad Qəhrəmanlı isə şahiddən soruşub ki, imam ehsanı verilən evə silahlı basqına onları nə vadar edib? Islam Ağabəyov cavabında deyib ki, o evdə ehsan verilməsindən xəbərləri olmayıb: “Bizə onlarda silah olması barədə məlumatlar gəlirdi. Bizi yığdılar, dedilər ki, gedirik tədbirə…”.

Məhkəmənin iş vaxtı başa çatdığına görə Islam Ağabəyovun dindirilməsinin davamı növbəti məhkəmə iclasına saxlanılıb. Növbəti iclas isə avqustun 24-nə təyin olunub.