Batumun Azərbaycan “gözəli”

batumiÖlkədən uzaqda olduğun hər yeri, gördüyün hər şeyi tərifləyib özünün olanı pisləməyin tərəfdarı deyiləm. Ən azı ona görə ki, hər cür müqayisə qüsurludur, subyektiv baxış yüzdə-yüz reallıq ola bilməz. Dünyanın yarısını gəzib gələn insanlar var, adamın min sözünün qarşısını bir kəlməylə alarlar. Böyük şəhərlər spesifikliyi, yerli və milli mühitə xas özəllikləri ilə fərqlənir. Məsələn, deyəsən ki, Bakı niyə Moskva deyil, sənə gülərlər. Tiflis çox gözəl şəhərdir, Bakı pis, ya əksi, qəbul edilməz. Tiflislə Bakını tutuşdurmaq doğru deyil. Coğrafi quruluşu, memarlığı, tarixilik və çağdaşlığın sintezi fərqlidir. Yeri gəlsə, Tiflislə Istanbul arasında paralellər aparardım, əlbəttə, nə zamansa yeri gələcək.

I yazı

Batumi ilə Bakını isə müəyyən mənada müqayisə etmək olar. Hər ikisi dəniz sahilində yerləşir, köhnə və təzə salınmış məhəllələri var. Bulvar hər iki şəhərin göz muncuğudur.

Di gəl, elə tərəflər var ki, mütləq deyilməlidir, deyəndə də elə çıxır, “öz ayranına turş deyirsən”. Batuminin bir tərəfi dağlardır, bu da ayrı gözəllik verir. Yaşıllığı həddən çoxdur, yaşılı boz-bulanıq, torpaq rəngində yox, yaşıl rəngdədir. Yerli adamların Batumi yox, Batum adlandırdığı bu şəhər sürətlə tikilir, həm də çox fərqli üslubda tikilir. Batumda tikilən adi yaşayış binaları belə bir-birini təkrarlamır. Hələ hotelləri, kazinoları, inzibati binaları demirəm. Hərəsi bir yaraşıqdır, göz sevincidir. Bakıdakı “Alov qüllələri”, “H.Əliyev mərkəzi” kimi barmaqla sayılacaq qədər tikililər Batumda onlarladır, şəhəri gözəlləşdirir.

Batum sürətlə dəyişir, turizm şəhəri olaraq dünya şəhərləri sırasında yerini alır. Və bunlar neftin yox, dəniz sahilindən səmərəli, ağıllı istifadənin hesabına baş verir. Bu il Türkiyədə baş verən olaylar Batuma turist axınını artırıb. Türkiyədən, Rusiyadan, Orta Asiyadan, Ərəb ölkələrindən, Azərbaycandan, Ermənistandan, elə Gürcüstanın özündən turistlər hər addımda qarşına çıxır. Hotellər, kazinolar, restoranlar, hostellər, turizm və ekskursiya şirkətləri kimi. Turist pul xərcləyir, yerli əhali qazanır.

Tiflisə baxanda Batumidə xeyli bahalıqdır. Turistləri cəlb edən, razı salan ən incə məqam şəhər boyu uzanan bulvardan çimərlik kimi istifadəyə icazə verilməsi və çoxsaylı kazinoların fəaliyyət göstərməsidir. Ayrıca olanlar bir yana, adlı hotellerin hamısının alt mərtəbələri kazinolardır. Bulvarda icarəyə verilən velosiped, dördtəkərli, ikitəkərli yüngül minik arabaları, atla gəzinti üçün ayrıca zolaq var, gəzməyə çıxan, əylənən insanlar üçün ayrı zolaq, dənizdə çimib günəşlənən insanlar üçün aryısı. Yəni üçü birində. Kimsə kimsəyə mane olmadan. Burda Bakı bulvarında olduğu kimi min cür ağac əkilməyib. Hər şey sadə, zövqlü və insanların istifadəsi üçündür. Yaraşıq, pul silmək, öyünmək üçün yox. Məqsəd Batumun sərvəti olan Qara dəniz sahilindən maksimum istifadə etməkdir. Məsafə yaxınlığı yüksək gəlir gətirir. Günəş vannası, təmiz hava, idman – hamısı ovcunun içində. Delfinayiya, akvarium, mini zoopark, yaraşıqlı süni göl – hamısı ətrafdadır. Hədiyyə üçün əl işləri də əlinin altında.

Batumda ən gözəl binalar dəniz sahili boyunca, amma dənizdən bir qədər aralıda yerləşir. Dörd il qabaq gördüyümüz yarımçıq tikililərin hamısı istifadəyə verilib, gumbur-gumbur işləyir də. Şəhərin yeni bulvar deyilən ərazisində isə yeni binalar tikilməkdədir. Demək istədiyim o ki, bütün diqqət mərkəzi əraziyə yönəlməyib. Bizdəki Bayıl bulvarı, Günəşli tərəf kimi istifadəsiz qalmayıb.

Batumiyə azərbaycanlıların da marağı artıb. Burda sahibkarlıqla məşğul olanlar, biznesini inkişaf etdirənlər az deyil. Təəssüf ki, qonşu ölkələrin çoxunda olan Azərbaycan restoranları, kababxanalar burda gözə dəymir. Əvəzində bizimkilərin adı daha yuxarılarda səslənir. Məsələn, tikintisi sona çatmaqda olan əzəmətli binalardan birini Azərbaycanın vətəndaşının tikdirdiyi deyilir. Bu adam həm də Milli Məclisin deputatıdır.

Yaxınlarda istifadəyə veriləcək bu hotel Batumini bir qədər də cəlbedici edəcək. Batumi bundan qazanacaq, Bakı itirəcək. Bakı turizm baxımından Batumidən şöhrətli olsaydı, əlbəttə, bu bina gəlib buralara çıxmazdı. Şöhrətli olmamanın suçlusu da elə bu binaları tikdirənlərdir.

Fimar

vipmedia.info