Rusiya kanalları

saadet-cahangir-koseSəadət Cahangir

Rusiya telekanalları son günlər yaman qeydimizə qalmağa başlayıb. 28 ildir bu torpaqlada yanğın törədib, minlərlə insanın ölümünə bais olan işğalçı ölkə birdən-birə halımıza canıyanan çıxıb. Indi dünyaya haray təpib hamını inandırmağa çalışır ki, Azərbaycanın aparıcı müxalifət lideri Əli Kərimli FETO terror təşkilatının yerli nümayəndəsi imiş. Bu kampaniyanın Putinin Bakıya səfərindən 3-4 gün sonra başlanmasını nəzərə alsaq, fitilin hardan qoyulduğu bəlli olur. Kimsəyə sirr deyil ki, o adam heç bir halda buralara xeyrə gəlməz. Gəlib bağlı qapılar arxasında can dostları ilə pıçıldaşıb dönəndən sonra mütləq bir mərdimazarlıq etməlidir. Adamın işi aləmi bir-birinə vurmaq, münaqişə ocağı yaratmaq, qan çıxarmaqdır. Arabir Qarabağda qaladıqları ocağın altına çır-çırpı atmağı da yaddan çıxarmır. Amma son günlər baş verənlər bir az başqadır. Görünür ki, Türkiyədə baş verən son hadisələri və bölgədə yaranan situasiyanı fürsət bilən rus “çar”ı həmən hərəkətə keçib. Qarışıqlıqda adam çoxdankı niyyətini kökündən həll etmək, Azərbaycanda “böyük qardaş” imicini təzələmək istəyir anlaşılan. Azərbaycan hakimiyyətinin Rusiya sevgisi mübahisə mövzusu olmadığına görə, AXCP-yə hücum planını da burda çay süfrəsi arxasında bərabər düzüb qoşduqları məlum. Bu ssenari və oyunlar 80-ci illərdə baş verənlərlə o qədər bənzərdir ki, tarixin təkrarlanması bir qədər çaşdırır da insanı. 90-cı ildə Bakı işğal olunan zaman Kremlin AXC-ni darmadağın etmək haqqında rəsmi planı vardı. Qəribədir, o plan nəinki baş tutmadı, həmin gecə küçədə işğalçı əsgərlərin əlinə düşən gənc cəbhəçi Əli Kərimli də bəxti gətirərək xilas oldu. O vaxtdan 26 il keçir. Rus şovinizmi yenə əl çəkmir, azadlıq mübarizəmiz yenə davam edir. Heç bir güc və zor bir xalqın azadlıq arzularını bitirə bilməz. Biri ölərkən onu doğar, yol bitməz, mübarizə, savaş, dirəniş xəyallar gerçəkləşən günə qədər davam edər. Necə ki, davam edir…

Rusiya telekanalları bizi əzizləməyib. Bu kanallarda 26 ildir Qarabağ məsələsi ilə bağlı xeyrimizə bir kəlmə səsləndiyini eşidən olub? Xeyr. Eşidən olmayacaq da. Özü də təkcə TV-lər deyil, Rusiyanın bütün yeraltı və yerüstü kanalları Azərbaycanın ziyanına işləyir. Başqa cür də ola bilməz. Bu ölkənin təməli belə qoyulub və qoyulduğu gündən burda şovinizm yuvalamağa başlayıb. Həmin məkrli yuvadan qurulan oyunlar yüz illərdir qonşu xalqların başına müsibət gətirir. Indi də bu ölkədəki milli qüvvələri şərləyib, vurub sıradan çıxarıb, çirkli əllərini daha dərinlərə uzatmaq istəyirlər. Bu yaramaz plan bizim 23 illik hökumətin də işinə yarayır, təbii. Heç şübhəsiz, konturlar da birlikdə cızılıb. Politoloq olmasaq da, tanınmış politoloqların açıqlamalarından bilirik ki, sanksiyalı Rusiyanı yaxın gələcəkdə yaxşı günlər gözləmir. Hələ Putinin o dik burnu üzündən sanksiyaların növbəti dalğası da yol gəlməkdədir. Imperialist hikkə imperiya varisinə yaxşı heç nə vəd etmir. Yadınızdasa, keçən il Haaqa Arbitraj Məhkəməsi “Yukos” neft şirkətinin keçmiş səhmdarlarının iddiası əsasında Rusiya dövlətini 50 milyard dollar cərimələdi. Putin indi, sadəcə, etdiyi qanunsuzluqların hesabını ödəyir. Həmin cərimə də onun özünə rəqib gördüyü “Yukos”un sahibi Mixail Xodarkovskinin qondarma ittihamla 10 il həbsxana yatızdırılmasının hesabı idi. Hələ belə hesablar çox olacaq və hər kəs anlayır ki, Putin doğru yolda deyil. Cəhənnəmə gedən özünə yoldaş axtaran kimi, o da yan-yörəsinə adam yığmağa çalışır və kanalları çox asanlıqla gəlib Azərbaycana çıxır. Bizimkilər də ya ağlını itirib, ya kələfin ucunu. Ağıllı adam cəhənnəmə gedən biri ilə niyə yola çıxsın ki?..