«Döyüləndən sonra şükr eləyirdim, çünki elə əxlaqsız işgəncələr verirdilər ki, onların yanında «dubinka» ilə ayağın altına vurmaq heç nə idi»
«Fikirləşdim ki, Taleh və Abbas başıma gətirilənləri bilsə, onlara atılan iftiralara görə mənə halallıq verərlər»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və daha 16 nəfərin mühakimə olunduğu “Nardaran işi” üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dünən təqsirləndirilən şəxslərdən daha ikisi – Əlibala Vəliyev və Cabbar Cabbarov ifadə verib. Onlar da ifadələrində məruz qaldıqları dəhşətli işgəncələrdən, irəli sürülən ittihamların uydurma olmasından danışıblar.
Əlibala Vəliyev deyir ki, ittihamda yazılanların heç 0,1 faizi də düz deyil. O, ləyaqəti alçaldan işgəncələr altında ifadələri imzaladığını bildirib: “Məni Kürdəxanıdan bir həftəlik ”bandotdel”ə qaytardılar, həmin müddətdə hazırlaşdırdılar, sonra Nardarana aparıb çəkiliş elədilər. Orada Talehin, Abbasın əleyhinə ancaq onların dediklərini təkrarlamışam. Məhkəmə zalında yaşlı analarımız, bacılarımız əyləşib, elə şeylər var ki, onları açıb danışmaq olmur. Söhbət şərəf və ləyaqətin alçaldılmasından gedir. Yəni kişilik, ölüm-dirim məsələsi idi. Taleh və Abbası gətirdim gözümün qarşısına, fikirləşdim ki, başıma gətirilənləri bilsələr, onlara atılan iftiralara görə mənə halallıq verərlər”.
“Bandotdel”in həyətində barmağımı sındırdılar”
Həbs olunub Nardarandan mebel maşınında Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılarkən, həmçinin idarənin həyətində və ondan sonra məruz qaldığı işgəncələrdən danışan Əlibala Vəliyev deyir ki, “bandotdel”in həyətində döyülərkən sol əlinin şəhadət barmağı sınıb. O, ifadə verərkən əlindəki Quran kitabına əl qoyaraq and içib ki, nə onun özündə, nə də həbs olunan digər şəxslərdə silah-sursat olmayıb.
Əlibala Vəliyev həmçinin istintaq zamanı ona təyin olunmuş dövlət hesabına vəkildən də narazılıq edib: “Elə vəkilin olmağından olmaması yaxşı idi. Gəlirdi, müstəntiqin dediyi sənədlərə qol çəkib gedirdi. Bir dəfə dedim ki, ”heç olmasa, bir danış, salam ver, səsini eşidim”.
“Mən həmişə demişəm ki, kimi tutub mənə qarşı ifadə vermək üçün işgəncə versələr, istənilən ifadəni versinlər. Biz o məsələdə halallığımızı veririk. Çünki onların hansı alçaq üsullara əl atdığını bilirik”, – bunu isə Taleh Bağırzadə deyib.
“Cinsiyyət orqanımızın üstünə çıxıb tapdalayırdılar”
Təqsirləndirilən Cabbar Cabbarov da ifadə verib və o, ifadəsində insan ləyaqətini alçaldan işgəncələr altında yalan ifadələrə imza atdığını bildirib: “Bunların ölkədə qorxduğu adam yoxdur. Kimin adını çəkirdim, söyürdülər. Bu barədə Kürdəxanıdan prezidentə məktub da yazdım. Məktubumu göndərmədilər. Ona görə indi buradan prezidentə müraciət edirəm.
Bizə elə işgəncələr verirdilər ki, məcburam, üstüörtülü də olsa, deyim. Təsəvvür edin, əllərimiz bağlı vəziyyətdə yerə uzadıb, cinsiyyət orqanımızın üstünə çıxıb tapdalayırdılar. Bu cür əxlaqsız yollarla bizdən ifadə almağa çalışırdılar. Mən işgəncələrə görə məcbur olub damarlarımı doğradım. Mənə dedilər ki, “burada artistlik eləmə, ya qol çəkəcəksən, ya da öldürüləcəksən”. Hətta Neft Akademiyasındakı hadisəyə görə tutulanları da misal çəkdi ki, “gördün, qapıçıdan tutmuş, dönər satana qədər basdıq getdi”.
“Ölən polislərin ailələri bilsinlər ki…”
Işgəncə vasitəsilə tələb etdikləri ifadələri özlərinin çirkin əməllərini ört-basdır eləmək üçün almaq istəyirdilər. Polislər Vüqar və Ismayılın qanına batan əllərini bu yolla yumağa çalışırlar. Ifadələrdə boynumuza qoyduqları silahlar da bu məqsədə xidmət edir. Xüsusən, o hadisədə dünyasını dəyişən polislərin ailələrinə demək istəyirəm ki, onları elə özləri öldürüblər. Bizdə silah olmayıb. Onlar qabaqcadan hazırlanmış çirkin əməliyyatla gəlmişdilər ki, öz əməkdaşlarını öldürüb, bizim boynumuza silah qoyub, sonra da terrorçu kimi təqdim eləsinlər. Yazıblar ki, Ramin Yarıyevin cins şalvarının arxa cibində qumbara olub. Cins şalvarın arxa cibinə qumbara yerləşər?”
Cabbar Cabbarov qeyd edib ki, polislərin evə silahlı hücumu ilə onların hamısının tutulub aparılması əməliyyatı cəmi 5-6 dəqiqə çəkib: “Atəş səsi gələn kimi bayıra çıxdım, gördüm ki, Əkbər stuldan yıxılmış vəziyyətdə yerdə ölüb, Rəfael də uzanıqlı halda, yerdə dünyasını dəyişmişdi. Amma Sarvan yaralı idi, hələ ölməmişdi. Bunu görüb içəri qayıtdım, yoxsa məni də vuracaqdılar”.
“Maşında meyitləri təpikləyirdilər, ölülərin üstünə şər atırlar”
Cabbar Cabbarov deyir ki, Nardaran əməliyyatı nəticəsində dünyasını dəyişənlərdən biri olan Fərahim Bünyadovu mebel maşınında apararkən avtomatın qundağı ilə gicgah nahiyəsindən vura-vura öldürüblər. Amma cinayət işinin materiallarında yazıblar ki, o, polislərə silahlı müqavimət göstərdiyinə görə, iki güllə ilə vurublar: “Bizi aparanda həyətdən rəhmətə gedənlərdən Rəfael və Əkbərin də meyiti maşında idi. Nə qədər amansızdılar ki, meyitlərin üstünə çıxıb təpikləyirdilər. Mən eşitmişdim ki, Xocalı faciəsində ermənilər bizim meyitlərimizə qarşı zorakılıq ediblər. Bunlar da eyni hərəkəti elədilər. Yolda Əkbər və Rəfaelin meyitlərini xəstəxananın morquna təhvil verdilər. Amma Fərahimin meyitini vermədilər. Bizi ”bandotdel”in həyətində düşürəndə meyit maşında qaldı. Yəqin apardılar meyitə iki güllə vursunlar ki, yazdıqları düz gəlsin. Bunlar ölüləri də şərləyirlər. Yazıblar ki, guya, Sarvanın atdığı qumbaradan iki polis ölüb. Yalandı. Əgər belə idisə, niyə Sarvanı yaralı vəziyyətdə həyətdə qoyub getdilər? Sarvanı əməliyyatdan sonra Fərhad aparıb xəstəxanaya, o, yolda qanitirmədən ölüb. Amma yazıblar ki, guya, meyiti hal şahidlərinin iştirakı ilə özləri həyətdən götürüblər. Bu qədər yalan olar?”
“İrana qarşı ifadə almaq istəyirdilər”
Cabbar Cabbarov onu da qeyd edib ki, həbsinin ilk günlərində işgəncə ilə ondan Iranın adamı olmaları, bu ölkənin onları maliyyələşdirməsi barədə ifadələr almaq istəyiblər. Lakin bir neçə gün sonra bu məsələ qapanıb.
Cabbar Cabbarov dövlət ittihamçısı və vəkillərin suallarını cavablandırarkən məlum olub ki, o, 2003-cü ildə həbs olunub və 10 il azadlıqdan məhrum edilib. O, Nardaran əməliyyatından təxminən iki il yarım əvvəl azadlığa çıxıbmış…
O, həmçinin işgəncə verən, nalayiq ifadə işlədən adamların adlarını da çəkib: “Əsasən Şahlar Cəfərov, Kərim və ”Şrek” çağrılan biri idi”.
Məhkəmə “bandotdel”ə sorğu göndərəcək
Cabbar Cabbarovun ifadəsindən sonra təqsirləndirilən şəxslərin dindirilməsi mərhələsi başa çatıb.
Vəkil Nemət Kərimli təqsirləndirilən şəxslərin işgəncəyə məruz qalmaları, həbs olunarkən əyinlərində olan paltarların cırıq-cırıq olması və bu səbəbdən məhkəməyə aparılarkən onlara yeni paltar geyindirilməsinə dair dediklərini nəzərə alaraq, vəsatət qaldırıb. Vəkil məhkəmədən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə sorğu göndərilib, təqsirləndirilən şəxslər həbs olunarkən əyinlərindəki paltarların, eləcə də idarədəki kameraların noyabrın 26-da və ondan sonrakı günlərdə qeydə aldığı görüntülərin tələb olunmasını istəyib.
Məhkəmə vəsatəti təmin edib. Prosesə sədrlik edən hakim Əlövsət Abbasov bildirib ki, idarəyə sorğu göndəriləcək, həmin paltarların aqibəti barədə cavab, həmçinin kamera qeydləri qalıbsa, onlar da istəniləcək.
“Üzümə elə vurdular ki, yer qan gölməçəsinə döndü”
Daha sonra Taleh Bağırov əvvəlki ifadəsində bir sıra detalları açıqlamadığını bildirərək, əlavə ifadə verib: “Dediyimiz kimi, biz namaz üstündə olanda bunlar hücum elədilər. Namaz qılan adamları tutub əllərini bağlamaq heç bir dəqiqə çəkmədi. Əgər orada kimdəsə silah, qumbara olsaydı, onları bir dəqiqəyə zərərsizləşdirmək mümkün olmazdı. Orada bizim tərəfdən qətiyyən müqavimət olmayıb. Əynimdə əba vardı, onu cırdılar, heç ayağımı yerə dəyməyə qoymadan aparıb atdılar mebel maşınına. Məni götürəndə qışqırdılar ki, ”əməliyyat bitdi”. Bizi mebel maşınına atandan sonra orada soruşdular ki, “Taleh kimdi?”. Üzümü çevirdilər, bu məqamda elə bir zərbə vurdular ki, burnumun skelet sümüyü sındı. Bir də baxdım ki, 2-3 saniyədən sonra yerdə qan gölməçəsi yaranıb. Ürəkləri soyumadı, əllərim arxadan bağlı vəziyyətdə yerə uzatdılar. Biri ayağını belimə qoyub, çiyinlərimdən tutub arxaya dartırdı. Iki dəfə dartdı, belimi sındıra bilmədi. Əsəbiləşib, məni üzü üstə çırpdı yerə…”
“Qan lopa ilə düşürdü, təpikdən ayağımın əti qopdu…”
Taleh Bağırzadə onlara qarşı edilən nalayiq hərəkətlərdən də danışıb: “O qədər alçaq hərəkətlər eləyiblər ki, adam məhkəmə zalındakı ana-bacılara görə onları tam açıqlaya bilmir. Təsəvvür edin, maşında mənim şalvarımı da çıxartdılar. Yaxşı ki, alt şalvarım vardı, onu da çıxarmaq istəyəndə, aralarından biri qoymadı. Maşında məni döyəndə biri dedi ki, ”onu öldərmək olmaz, sağ lazımdı”. Bilirdim ki, məni öldürməyəcəklər, amma şikəst eləmək istədiklərini görürdüm. “Bandotdel”ə çatanda həyətdə yerdə başıma o qədər təpik vurdular ki, qan içində idim. Təpikdən ayağımın əti qopmuşdu. Qan lopa ilə düşürdü. Elə vəziyyətə düşmüşdüm ki, özüm də ölmədiyimə təəccübləndim. 2-3 gündən sonra prokurorluğun müstəntiqi gəlib məni görəndə qorxdu”.
Nardaran hadisələrinin Milli Şura, konkret olaraq, Əli Kərimli və Cəmil Həsənli tərəfindən təşkili barədə ifadə verməsi üçün üç gün ərzində dəhşətli işgəncələrə məruz qalmasından danışan ilahiyyatçı bütün bunlara görə hakimiyyəti ittiham edib: “Biz ”bandotdel”də olanda Daxili Işlər Nazirliyinin rəhbərliyi də ora gəlirdi, Prezident Aparatından da gəlirdilər. Bizə verilən işgəncələrə görə cavabdeh Prezident Aparatında oturanlardır. Mən orada olarkən bir şeyi başa düşdüm ki, ermənilər qədər və onlardan daha azğın, vandal təfəkkürlü adamlar var DIN sistemində. Sanki “bandotdel”də insanlıq ölüb”.
“Bunlar istəyir ki, biz ”nakişi” olduğumuzu deyək, buna da imkan vermək olmaz”
Taleh Bağırzadə ona xüsusilə Əli Kərimli və Cəmil Həsənli əleyhinə ifadə almaq üçün dəhşətli işgəncə verənlər arasında Şahlar Cəfərovun adını çəkib: “Mənə bu ifadəni almaq üçün üç gün ağlasığmaz işgəncələr verəndə mən oruc tuturdum. Hər gün gəlib kameradan çıxarıb, başıma torba keçirib aparırdılar, əllərimi bağlayıb yerə uzadır, kürəyimdə oturub ”dubinka” ilə döyürdülər. O qədər vururdular ki, ayaqlarım şişirdi, tanınmaz hala düşürdüm. Bir gün, hətta nəzarətçi kameraya qaytarmağa gələndə məni görüb dəhşətə gəldi. Dedi ki, “nə istəyirlər, de, canın qurbarsın da”. Bildirdim ki, yox, bunlar istəyir ki, biz “nakişi” olduğumuzu deyək, buna da imkan vermək olmaz”. Hər dəfə döyülmə qurtarandan sonra Allaha şükr eləyirdim, bunlara qəribə gəlirdi. Çünki elə əxlaqsız işgəncələr verirdilər ki, onların yanında “dubinka” ilə ayağın altına vurmaq heç nədir”.
“Özümü dövlət binasında yox, əsirlikdə hiss eləyirdim”
Təqsirləndirilən Abbas Hüseynovun da ifadəsinə əlavələr olub. Onun əlavələri də əsasən, işgəncələrdən ibarət idi: “Yerə yıxıb kürəyimizdə ”botinka” ilə elə gəzirdilər ki, elə bir xalça üstündədilər. Özümü dövlət binasında yox, əsirlikdə hiss eləyirdim. Bir gün məni döyən Kərim və Bəxtiyar adlı şəxslərə dedim ki, bunlara görə nə vaxtsa Allaha cavab verəcəksiz. Cavabında onlar mənim dinimi təhqir elədilər. Necə ki, 1990-cı ildə erməni-rus birləşmələri əliyalın adamların üstünə silahlı hücum elədilər, 26 noyabrda da bunlar eyni işi bizim başımıza gətirdilər”.
“Sanki dövlət bizim qeyrətimizi əlimizdən almaq istəyir”
Təqsirləndirilən Aqil Ismayılov MCQMI-də məruz qaldığı işgəncələr nəticəsində görmə qabiliyyətini itirdiyini, burun nahiyəsinə zərbədən indi də çətinliklə nəfəs aldığını bildirib: “Elə işgəncə verirdilər ki, sanki bu dövlət bizim qeyrətimizi əlimizdən almaq istəyir. Işgəncələrin bir hissəsi bizim şəxsiyyətimizin alçaldılmasına yönəlmiş hərəkətlər idi. Elə hərəkətlər eləyirdilər ki, deyirdim, ”çıxarın silahı vurun məni, sizin də canınız qurtarsın, mənim də“. Elə həddə çatdım ki, kamerada Raminə (təqsirləndirilən Ramin Yəhyayevi nəzərdə tutur) vəsiyyətimi elədim, özümü öldürmək istəyirdim. Son anda Allahdan qorxdum, intihar edə bilmədim”.
Məhkəmə prosesi bu gün davam etdiriləcək. Bugünkü prosesdə iş üzrə zərərçəkmiş qismində tanınan polislər ifadə verəcək.
Aytən