“Azərbaycan hakimiyyətini jurnalist Xədicə İsmayılovaya səyahət qadağasını qaldırmağa və müxalifət fəalı Natiq Cəfərlini və azadlıqlarından istifadəyə görə həbs olunmuş digərlərini azadlığa buraxmağa çağırıram”.
Bunu Birləşmiş Ştatların BMT-dəki səfiri Samantha Power “Twitter” hesabında yazıb.
Avqustun 12-də Respublikaçı Alternativ (REAL) hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadə ittihamlarıyla 4 aylıq həbs qətimkan tədbiri seçilib. REAL-ın daha 2 üzvü, Toğrul İsmayılov və Elşən Qasımov polisə tabe olmamaqda təqsirli bilinərək hərəsi 7 sutkalığa həbs olunub. NİDA-çı gənc Elgiz Qəhrəman barəsində isə narkotik maddələrlə bağlı ittihamla 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Daha öncə ABŞ Dövlət Departamenti, Böyük Britaniyanın Xarici işlər İdarəsi bəyanatlar verərək bu həbslərdən narahat olduqlarını dilə gətiriblər.