1 ildə 727 dükanın bağlanması yarıtmaz idarəçiliyin göstəricisidir
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ərzaq və qeyri-ərzaq malları satan 727 dükan bağlanıb. 2014-cü ildə ölkədə 61 min 742 pərakəndə ticarət obyekti vardısa, ötən ilin sonuna bu göstərici 61 min 15-ə enib. Təkcə Mingəçevirdə 265, Gəncədə 186, Lənkəranda 117 dükanın qapısına qıfıl asılıb. Amma məlumatda o da bildirilir ki, ticarət yalnız paytaxt Bakıda öz axarıyla gedib. Guya, açılan dükanların sayı bağlananları 180 ədəd üstələyib.
Reallıq isə budur ki, Bakının istənilən yerində “bu obyekt satılır”, “obyekt arendaya verilir” elanlarına rast gəlirik. Eyni zamanda ötən il yarım ərzində Bakıda xeyli sayda məhşur mağazalar qapadılıb. Vergi ödəyicilərinin sayının azalması da bu faktı dəstəkləyir. Qarşıdakı mərhələdə bağlanan dükanların sayı daha da artacaq. Çünki, alıcılıq qabiliyyəti sürətlə aşağı düşür, sahibkarın isə qazancdan asılı olmayaraq sabit xərcləri var. Ona görə də sahibkar daha az zərərə düşmək üçün obyekti bağlamaq məcburiyyətindədir. Həm də aidiyyəti qurumların ac canavar kimi obyektlərə hücum çəkməsi, heç bir güzəşt etmədən “haqq” tələb edilməsi də bu prosesdə rol oynayır.
Amma son bir ildə əyalətlərdə 727 dükanın bağlanması da ölkədəki vəziyyətin pisləşməsinin göstəricisidir. Əgər işlək dükanlar böhrandan sığortalana bilmirsə, digər təbəqənin vəziyyətini təsəvvür etmək çətin deyil. Əgər böhrandan uğurla çıxmışıqsa, 2016-cı ilin birinci yarısı uğurlu olubsa, niyə rayonlarda 727 dükan bağlanıb? Deməli, ötən 1 ildə vəziyyət daha da pisləşib və bu proses bütün ölkə boyu özünü göstərib.
Rəsmən etiraf edilən budur ki, 727 dükan bağlanıb və bu dükanlar ölkənin ən böyük şəhərlərində yerləşib. Real vəziyyət isə daha acınacaqlıdır. Yəni bağlanan dükanların sayı daha çoxdur.
Yüzlərlə hüquqi və fiziki şəxs vergi ödəyə bilmir, problemli kreditlərin həcmi maksimuma çatıb, ixracda kəskin azalama müşahidə olunur, bütün məhsulların qiyməti sürətlə qalxır, manat hər gün bir az da ucuzlaşır, büdcə kəsiri böyüyür, banklar sıradan çıxır və bir ildə 727 dükanın bağlandığı rəsmən etiraf edilir.
Bütün bunlardan sonra sual meydana çıxır ki, hökumətin öyündüyü inkişaf hardadır? Birinci devalvasiyadan sonra keçirilən müşavirələrin, yaradılan qurumların, sərəncamların, fərmanların nəticəsi niyə görünmür?
Cavab isə budur ki, hökumət uzun illər ölkəyə gəlir gətirən dükan kimi baxıb. Indi isə bu “dükan”da ciddi problemlər yaranıb və hökumət aciz qalıb. Məhz hökumətin ölkəyə dükan kimi baxmağının nəticəsidir ki, ölkədə yüzlərlə dükan bağlanıb, sahibkarlar “ağ bayraq” qaldırıb.
Samir