Hakimiyyət “böhran” demək istəmir

aliyev_musavire2Yarım ilin yekununda iqtisadiyyatda tənəzzül davam edib

 Neftin ətrafında iqtisadi elita toplanıb, böyük pullar bu elitaları mühafizəkar edir

Hakimiyyət “böhran” demək istəmir, amma o, əlbəttə, var. Yarım ilin yekununda iqtisadiyyatda tənəzzül davam edib, hərçənd temp də azalıb – 3,4%-dək. Bir çox makroiqtisadi göstəricilər mənfiyə düşüb. Bu baş verməyən yerlərdə isə artım tempi ciddi azalıb. Əvvəlki illərdə yüksələn qeyri-neft sektorunda ciddi azalma var. Bu, daha çox tikinti sektoru ilə bağlıdır (azalma 33,8%).

“Fitch Rating” 2016-cı ildə Azərbaycanın ÜDM azalması tempini 3,3%-dən 3%-ə endirib. Qarşıdakı iki ildə artım proqnozu müsbətdir – 2017-ci ildə +1,5%, 2018-ci ildə +2,1%. “Moodys International” isə bu il 0,7% ÜDM azalması gözləyir, gələn il isə 0% vəd edir. “S&P” hesab edir ki, bu il ÜDM 3% azalacaq, 2017-ci ildə 0,8%, 2018 və 2019-cu ildə 3% və 4% artım olacaq. Qiymətlərdə fərq neftin qiyməti üzrə müxtəlif gözləntilərlə bağlıdır.

“Fitch Ratings” Azərbaycanın suveren reytinqini yeniləyib adambaşına ÜDM-i 2016-cı ildə $3707-dan $3813-a, 2017-ci ildə $4297-dan $4434-a artırıb. O həmçinin istehlak qiymətləri indeksi (IQI) proqnozunu da azaldıb: bu il 14%-dən 11,5%-ə, 2017-ci ildə 7%-dən 6%-ə. Xatırladaq ki, yarım ildə IQI 10,5% olub. Amma burda korrektə ola bilər – iyunda elektrik enerjisinin qiyməti 16,6% bahalandı, istilik təchizatı və qazın da bahalanması mümkündür.

Ölkədə istehlak tələbatı azalır. Iki devalvasiya və ardınca inflyasiya əhalinin həyat səviyyəsinə ciddi zərbə vurub. Bu, ölkədə pərakəndə əmtəə dövriyyəsinin çox aşağı səviyyəsindən aydın görünür – 1,1%. 2016-cı ilin yanvar-iyununda əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,4% artaraq 21 mlrd 493,9 mln manata çatıb. Amma inflyasiya üzrə məlumatlardan görünür ki, o, 2,1% azalıb. Adambaşına gəlirlər 2 mln 236,5 manat və ya ayda 372,8 manat olub. Bu dövrdə gəlirlərin 78,2%-i və ya 16,8 mlrd manat son istehlaka, 9,3% və ya 2 mlrd manat vergilərə, sosial sığorta və üzvlük haqlarına, 2,7% və ya 580,335 mln manat kredit borclarının ödənilməsinə, 9,8% və ya 2,1 mlrd manat yığıma yönəldilib. Əhalinin istehlak aktivliyinin azalmasını I yarımildə bankomat və pos-terminalların azalması da dolayı olaraq göstərir.

Bir sıra kənar auditorlar bildirir ki, ilin sonu üçün ölkənin borcu ÜDM-in 29%-dək arta bilər. Bu, iqtisadiyyat üçün təhlükəli həddir. Amma Azərbaycan xarici dünya kreditoru olmaqda davam edir. Neft illərində verilən kreditlərdən danışmayacağıq. Amma onlar bu layihələrdə Azərbaycan şirkətlərinin iştirakı ilə şərtlənir. Azərbaycan Rəşt-Astara dəmir yolunun tikintisinə 500 mln dollar investisiya qoymaq istəyir. Bu ayın intensiv danışıqlarından belə görünür ki, məsələ həll edilib. Kreditləşmə şərti, eləcə də Macarıstan “Eksimbank”ının iştirakı hələ məlum deyil. Hələlik kredit şərtləri dəqiqləşdirilir, Iran tərəfi “Şimal-Cənub” dəhlizi ilə yük daşımalarının artırılması üzrə danışıqlar aparır. Azərbaycanın qoyduğu istənilən kredit (özünün kreditə ciddi ehtiyacı var) diqqətlə öyrənilməlidir. KIV-də təsdiq edilməmiş belə bir məlumat da gedib ki, Azərbaycan Monteneqroda körpü tikintisinə 175 mln avro ayırmağa hazırdır. Bilirsiniz niyə? Məqsəd turist kompleksinə getməyi cəlbedici etməkdir. Kompleksi 3 Azərbaycan holdinqi tikir (PashaHolding, AtaHolding və Synergy Group) və qiyməti 500 mln avrodur.

Iqtisadi islahatlar getsə də, orda nəyin baş verdiyi aydın bilinməlidir. Iqtisadiyyatda bir çox problemlərin səbəbi yüksək neft gəlirləridir. Onlar əmək məhsuldarlığı ilə şərtlənməyib. Bu, xüsusən dövlət sektorunda təsərrüfat subyektlərinə zəiflədici təsir edirdi. Struktur islahatlarına başlamaq üçün bu əlverişli məqamdan istifadə etmək lazım idi. Amma neft hasil edən ölkələrin çoxunda bu yüksək gəlirlərdən sabitlik “alınması” və korrupsiyaya uğramış bürokratiyanın gəlir artımı üçün istifadə edilir. Neft gəlirlərindən səliqəli istifadə edən Norveç təcrübəsi isə unikal idi.

Günün aktual məsələsi ölkəni xarici investisiyalar üçün açıq etməkdir. Yanvardan ölkədə biznes mühitini yaxşılaşdırmaq üçün radikal cəhdlər edilir. Hətta iyulda xüsusi komissiya yaradılıb. Amma problem ondadır ki, neftin ətrafında öz iqtisadi elitası toplanıb və böyük pullar bu elitaları mühafizəkar edir. Bu isə o deməkdir ki, ölkədə bütün iqtisadi münasibətlər konservativləşdirilir. Ilin əvvəlindən islahatlar üzrə qərarların qəbul edilməsinin sürəti artsa da, icranın zəifliyi və ona mane olunması bununla bağlıdır. Burdan belə nəticəyə gəlmək olar ki, ən aktual vəzifə iqtisadi münasibətlərə yenidən baxılmasıdır. Ölkədə iri kapital yaranıb (əsasən hakimiyyətyönlü) onu leqallaşdırmaq lazımdır ki, dövlət öz əsas vəzifəsini – kiçik və orta biznesi dəstəkləmək və bu bizneslə iri iqtisadi qruplar arasında qarşılıqlı münasibətlərdə arbitraj rolunu oynasın.

Prezident faktik olaraq icraçılara daha inanmır. Təsadüfi deyil ki, o, II özəlləşməni dayandırdı və elan etdi ki, III proqram qəbul edilənə kimi prosesi özü izləyəcək. Bundan başqa, özəlləşən müəssisələri yenidən büdcə gəlirlərinə daxil edəcəklər. Prezident Əliyev bildirdi ki, verilən investisiya sertifikatlarına özü nəzarət edəcək. Nəhayət, o, maliyyə sahəsində institusional dəyişikliklərə tezcə reaksiya verdi və baş nazirin yanında Maliyyə Sabitliyi Şurası yaradılması barədə qərar qəbul etdi.

“Turan” Analitik Xidməti