Dolların bahalaşması problemli kreditləri daha da artırıb

nemet-eliyev1Nemət Əliyev: «Əhalinin 18,4 milyardlıq kredit borcunun 52 faizi milli, 48 faizi isə xarici valyutadadır»

Dolların hər keçən gün manata nisbətən bahalaşması ölkə iqtisadiyyatında bəlli problemlər yaradıb. Bahalaşma ölkənin bütün sektorlarını əhatə edib.

Dollarla kredit götürənlərin vəziyyəti isə daha ağırdır. Bu həm də problemli kreditlərin həcminin getdikcə artmasına gətirib çıxarır.

Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, milli valyutanın hər gün dəyər itirməsi iqtisadiyyatın stimullaşdırılmasına böyük zərbə vurur. Eyni zamanda, bu məsələ ticarət və  xidmət sektorunun sabitliyinin qorunub saxlanmasına böyük ziyandır. Xarici valyutada kredit götürənlərin vəziyyətini də bura əlavə etsək, acınacaqlı bir durum müşahidə edilir:

“Ölkə əhalisinin hazırda təxminən 18,4 milyard manatlıq kredit borcu var. Onun 52 faizi milli, 48 faizi isə xarici  valyutayladır. Milli valyutanın dəyərini itiriməsi ümumi kredit borcunun təxminən 48 faizinin borc yükünün artması deməkdir. Hansısa dövrdə xarici valyutayla kredit götürənlər əlavə olaraq borcla yükləniblər. Belə ağır durum ölkə rəhbərliyini narahat edən əsas məsələ olmalıdır. Gəlirlərin azalması, əhalinin sosial vəziyyətinin ağırlaşması onun əlavə borc yükünü qarşılamaq imkanlarını heçə endirir. Insanlar hazırda kredit borcunu qaytarmaq imkanından məhrumdurlar”.

Ekspert deyir ki, borcluların vəziyyətinin pisləşməsi bankların vəziyyətini də ağırlaşdırır. Mərkəzi Bank artıq bankların maliyyə durumunu gizlətməyə üstünlük verir. Vəziyyəti ağır olan bankların isə ölkəni yenidən kreditləşdirmək imkanı məhdudlaşır. Paralel olaraq, xidmət və istehsal sahələrində də bunun tormozlayıcı təsiri özünü göstərir. Iş yerlərinin itirilməsi, əməkhaqqının, gəlirlərin azalması həyat səviyyəsinin ağırlaşmasına gətirib çıxarır.

Ekspertin fikrincə, bunun gələcəyinin necə olacağını proqnozlaşdırmaq çox çətindir.

Nigar