Artıq vaxtı deyilmi?

elnuras-kitabteqdimElnur As

elnurastanbeyli@gmail.com

Illər dəyişir. Biz fərqində olmadan. Başımız üstündən yel kimi ötərək.

Və illərlə bərabər zövqlər, dəblər dəyişir, hər şey hətta otuz il, qırx il, əlli il… əvvəlkindən daha sürətlə köhnəlir və ya yeniləşir.

Yaşadığımız ölkədə isə dəyişməyən, köhnəlməyən, ya da yeniləşməyən o qədər şey var ki!

Təqvim 21-ci əsri, 2016-cı ili göstərir, bizimsə gündəmimiz hələ də siyasi sifarişli, qondarma ittihamlara söykənən həbslərdir, heç bu sifarişli, qondarma ittihamların içi də dəyişmir – yenə narkotik… yenə qanunsuz sahibkarlıq… yenə polisə müqavimət… Və hələ də hakimiyyətdəkilər dərk və qəbul etmək istəmirlər ki, bu həbslər yalnız Azərbaycanın bu gününə deyil, gələcəyinə də zərbə vurur. Hər belə həbslə bu ölkəyə yeni kin, nifrət toxumları səpilir, hansı ki, o toxumlar cücərdikdə, böyüyüb “bar” verməyə başladıqda bizdən sonrakı nəsillərin hüzuru da pozulacaq.

Necə də olsa, qondarma ittihamla qollarına qandal vurulan bir vicdanlı, ləyaqətli, yurdsevər, azadlıqsevər, ədalətsevər insanla o qondarma ittihamı hazırlayan müstəntiqin, o qondarma ittihamla sifarişli hökm çıxaran hakimin övladları eyni göyün altında, eyni yerin üstündə yaşayacaqlar və bir gün üz-üzə gələcəklər. Həmin anda ürəklərinin dərinliyində bir-birlərinə qarşı nə düşünəcəklərini, bir-birlərinə qarşı hansı hisslər keçirəcəklərini təsəvvür etmək çoxmu çətindir?

Etməyin, eləməyin! Ölkənin bu günü bir yana, heç olmasa, onun gələcəyini zədələməyin, zəhərləməyin.

Heç nə, bəli, bəli, heç nə, heç bir hakimiyyət ehtirası, heç bir sərvət hərisliyi, heç bir vəzifə, heç bir maddiyyat arzusu bu gün suçsuz, yeganə günahları ölkələrinin hüquqa, demokratiyaya, çağdaşlığa qovuşması olan insanların bir dəqiqə belə, dəmir barmaqlıqlar ardında saxlanılmasına haqq qazandırmadığı kimi, heç nə bu cür haqsız, ədalətsiz həbslərlə bu ölkənin gələcəyinə kin, nifrət, qisas duyğusu miras qoymağa əsas vermir.

Kimsə ölümsüz deyil, hər canlı kimi bir gün biz də köçümüzü çəkib gedəcəyik bu dünyadan. Və heç düşnmüsünüzmü: bizim olmayacağımız dünyada övladlarımız bir-birlərinin gözünün içinə necə baxacaqlar? Kimisi utanc, kimisi kinlə, qəzəblə. Kimisi yaxınlarının, doğmaların nə vaxtsa tutduğu haqsız işlərin xəcaləti ilə, kimisi də yaxınlarının, doğmalarının nə vaxtsa haqsızlığa uğramasının nifrəti, qıcığı ilə.

Dünənini və bu gününü yaraladığımız bu gözəlim məmləkətin üstəlik gələcəyinə də belə bir dəhşətli, ağrılı miras qoymağa nə haqqımız var, – səbəb nə olursa olsun!

Baxın, indi qırx, əlli, altmış il əvvəlin arxivlərini açmağa qorxuruq.

O arxivlər açılarsa, qardaşın qardaşa, atanın oğula düşmən kəsiləcəyi əndişəsi var içimizdə.

(Osa bədəli nə olursa olsun, açılmalıdır yaxın keçmişin arxivləri. Gələcəyi daha aydın görmək üçün dünəni bilmək, dünənin bütün gizlinlərini gün işığına çıxarmaq lazımdır ki, dərs alaq, ibrət götürək, köhnə yanlışların izindən yürüməyək).

Hər nə qədər bu gün çox şey hamımıza gün kimi aydın olsa da, mahiyyət etibarilə bənzər qorxunu, bənzər əndişəni, bənzər nigaranlığı, narahatlığı niyə on illər sonra bizim övladlarımız da yaşamalıdırlar?

Niyə onlar da bir-birlərinin yaxınlarının, doğmalarının keçmişində haqsız, ədalətsiz əməllərin izlərini axtarmalı, tapmalı, sonra da dönüb bir-birlərinə quşqu, bir-birlərinə nifrət, bir-birlərinə qəzəb duymalıdırlar?

Bəyəm bu ölkə heç olmasa, iyirmi, otuz, qırx ildən sonra insanların hüzur, sevgi, sayğı içində yaşadığı, hər kəsin sadəcə, və sadəcə hüququn, azadlığın, ədalətin isti nəfəsinə qızındığı, heç kimin keçmişin soyuq, buz baltasının iti ucunu sırtında hiss etmədiyi, kimsənin kimsə qarşısında gözükölgəlilik duymadığı, kimsənin kimsəyə kin, öfkə bəsləmədiyi bir ölkəyə çevrilməyə haqq etmirmi?

Bəyəm bu ölkədə illər dəyişdikcə pis şeylərin də dəyişməsinin, artıq gözəl şeylərin baş verməsinin hələ də vaxtı çatmayıbmı? Ən azı ona görə ki, heç olmasa, bizdən sonra bu torpaqlarda yaşayacaq övladlarımız üçün həyat rahat olsun, asan olsun, işıqlı, aydın olsun, sevgi, hüzur dolu olsun.

Bəlkə bu haqda düşünməkdən və qərar verməkdən ötrü hələ də gec deyil, kim bilir…