Əliyev Gülənçiləri harda axtarmalıdı?

ilham-gulenTürkiyə SOCAR-ı göstərir, hökumət isə Əli Kərimlini nişan alıb

Azərbaycan hökumətinin hansı xarakter yiyəsi olduğu hamıya məlumdur. Hakimiyyət bir qayda olaraq prinsipial məqamlarda qətiyyətsiz, qeyri-müstəqil, antimilli olduğunu ortaya qoyub. Ümumiyyətlə, dövlətin və xalqın maraqları naminə hökumətin hər hansı jesti, adekvat addımı müşahidə edilməyib. Son olaraq isə aprel döyüşləri zamanı hakimiyyətin nə qədər yarıtmaz olduğu aydın göründü.

Ən əlverişli zamanda da haqlı mövqeyimizi müdafiə edə bilmədik və düşmənin maraqalrına xidmət edən sülhə yenidən imza atdıq. Üstəlik, orduya birmənalı dəstək verən, döyüşməyə hazır olduğunu bildirən real müxalifət qüvvələrinə qarşı da şirkin kampaniyaya start verdilər. Bəli, həm düşmənin qarşısında geri çəkildilər, həm də düşməni lənətləyənlərə  çamur atdılar. Bizim hökumət ancaq xalqı əzməkdə, vicdanlı insanları şərləməkdə “qətiyyət” göstərə bilir.

Hökumətin növbəti qətiyyətsizliyi isə Türkiyə məsələsində üzə çıxdı. Hərbi çevriliş cəhdi uğursuzluqla nəticələndikdən sonra hakimiyyət Türkiyə hökumətinə dəstək bəyanatı yaydı. Amma hamı gördü ki, bu dəstək səmimiyyətin yox, qalib tərəfə yarınmağın göstəricisi idi. Hökumət Türkiyə sınağından faktiki üzüağ çıxa bilmədi. Bundan sonra pərt vəziyyətə düşmüş hakimiyyət Ərdoğan hökumətinə müəyyən jestlər etməyə başladı. ANS telekanalı bağlandı, Qafqaz Universitetinin fəaliyyəti dayandırıldı və s.

Amma bütün bunlar Türkiyəyə sədaqətin təsdiqi üçün yetərli deyildi. Heç kimə sirr deyil ki, Azərbyacanda Gülənçilərin daha böyük şəbəkəsi var və bu şəbəkənin hökumətlə yaxşı əlaqələri var. Deməli, Ilham Əliyev konkret addımlar atmalı və “terrorçu dəstə” kimi tədqim edilən şəbəkəni zərərsizləşdirməliydi. Amma bu dəfə də hökumət şər ənənəsinə sadiq qaldı. Əsl nurçular, onlara dəstək verənlər kənarda qaldı, hökumət isə ənənəvi düşmənlərini bu məsələyə calaq etmək qərarına gəldi. Aprel döyüşləri zamanı olduğu kimi bu dəfə də AXCP sədri Əli Kərimliyə çamur atmağa başladılar.  Amma əlahəzrət fakt həmişə öz gücünü göstərir. Aprel döyüşləri zamanı Əli Kərimlinin mövqeyi birmənalı şəkildə ifadə olunduğu kimi, Tütkiyə məsələsində də ilk reaksiyanı və birmənalı mövqeyi Əli Kərimli sərgilədi. Amma hökumətin fantaziyası, düşüncəsi o qədər bulanıb ki, reallığı görə bilmirlər.

Bir vaxtlar Əli Kərimlini “Əl-Qaidə” və “Hizbullah”la işbirliyində suçladılar, sonra Milli Şuranı mitinqinə IŞID bayraqları gətirdilər, Milli Şuranı “Rusiya proyekti” adlandırdılar, Əli Kərimlini Nardaran işinə qoşmaq istədilər, Əli Kərimlini Əbülfəz Elçibəyi zəhərləməkdə ittiham etdilər və s. Amma bütün bu “şər ssenariləri” legitimlik qazana bilmədi. Əksinə, hər dəfə hökumətin “şər maşını” qayaya dirəndi, cəmiyyət bu ittihamları nifrətlə qarşıladı.

Indi də “Gülənçi ovu”na çıxıblar və Əli Kərimlini bu dəfə  Fətullahın adamı kimi təqdim etməyə çalışırlar. Əlbəttə, bu ssenari də öz başlarında çatlayacaq. Çünki, Gülənçilərin əsas ilhamvericiləri hökumət komandasında təmsil olunur. Bu hadisələrdən sonra Türkiyə mətbuatı SOCAR-ın Gülənlə ilişgiləri barədə materiallara geniş yer verdi. Digər tərəfdən, hakimiyyətin öz təbliğatı üçün Fətullah Gülənə yaxın təşkilatlardan yararlandığı barədə beynəlxalq mediada tutarlı faktlar yer alıb. Ən əsası isə budur ki, “silahlı terror təşkilatı üzvü olmaq” ittihamıyla həbs olunan 13 nəfərdən 2-si SOCAR-ın əməkdaşlarıdı. Onlar SOCAR Türkiyənin baş direktor yardımçısı Ilqar Mehmetoğlu və insan resursları şöbəsinin müdiri Raqif Fərəcovdur. Bundan əvvəlki araşdırmalar zamanı da Gülənçilərin maliyyələşməsində SOCAR-ın əvəzsiz rolu olduğu bildirilmişdi.

Demək istəyirik ki, hökumət həqiqətən də Türkiyəyə qardaşlıq sədaqəti nümayiş etdirmək istəyirsə, komandadakı Gülənçiləri üzə çıxarsın. Bu məsələdən istifadə edib müxalifət liderini hədəf seçmək, Türkiyəyə növbəti dəfə kələk gəlməkdir. Hətta belə prinsipal məsələdən də müxalifəti ləkələmək üçün istifadə edirlər.

Amma yuxarıda da qeyd etdiyimiz kimi, Əli Kərimli Ilham Əliyevdən fərqli olaraq çevriliş cəhdinə operativ münasibət bildirib. Bəli, Əli Kərimlinin operativ və birmənalı mövqeyi hökuməti pərt duruma salıb. Üstəlik, xalqın kütləvi narazılığı və Milli Şuranın mitinqlərə başlamaq qərarı da hökuməti narahat edib. Ona görə də problemi biryolluq həll etmək üçün Gülənçilər sırasına müxalifəti də qatıblar.

Amma Ərdoğan güclü siyasətçidir və Gülənçilərin harda gizləndiyini yaxşı bilir. Ilham Əliyev isə komandadakı Gülənçiləri qurban verə bilmir. Çünki, komanda üzvlərinin Gülənçilərlə işbirliyi özfəaliyyət olmayıb, ən yüksək səviyyədə dəstəklənib.

Qısası, Türkiyə SOCAR-ı göstərir, hökumət isə Əli Kərimlini nişan alıb. Amma hamının bildiyi bir həqiqət var ki, Əli Kərimli xalqa işlədiyinə görə hədəfdədir. Bu hökumət yalnız xalqa işləyənlərlə düşməndir.

Akif