Qiymət artımı 50-60 faizdir, rəsmi rəqəmlər 11.9 faiz göstərir
Ölkədə vəziyyət o qədər acınacaqlıdır ki, uzun illər ərzində “inkişaf rəqəmləri” istehsal edən statistikamız da aciz qalıb. Bəli, tənəzzül göz deşir, geriləməni hər bir vətəndaş öz həyatında hiss edir. Amma hökumət yenə də öz ampluasınddır.
Vəziyətin pisləşməsi statistik rəqəmlərdə göstərilsə də, faizlər az yazılır. Məsələn, birinci devalvasiyadan sonra qiymətlər qalxdı, ardınca ikinci devalvasiya baş verdi və növbəti qiymət artımı müşahidə edildi. Hər bir vətəndaş alış-veriş edərkən açıq şəkildə gördü ki, qiymətlərdə 40-50 faiz artım var. Amma statistika komitəsi bu artımı 17 faiz göstərdi. Amma qiymət artımının bu qədər olduğunu etiraf etmək də hökumətin “qayğı” təbliğatını alt-üst etdi. Çünki, əmək haqlarının 10 faiz qaldırılması müqabilində, ərzaq məhsullarının 50 faiz qalxması, manatın 100 faiz dəyər itirməsi fəlakətdir. Yəni, belə bir vəziyyətdə 10 fazilik artımı “diqqət və qayğı” kimi təqdim etmək vətəndaşı ələ salmaq idi.
Amma qiymət artımı ikinci devalvasiyadan sonra da dayanmadı. Ölkə başçısı Ilham Əliyev süni qiymət artımı edənləri hədələsə də, bu adamları natəmiz adlandırsa da, işbazların cəzalanacağını vəd etsə də, nəticə dəyişmədi. Bütün məhsulların qiymətində qəpik-qəpik artımlar davam etdi.
Indi yeni statistik rəqəmlər yayıblar. 2016-cı ilin yanvar-iyun aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,5 faiz artıb.
Bəli, bu məlumatı Dövlət Statistika Komitəsi yayıb. Bizə sübut etməyə çalışırlar ki, qiymətlər yuxarıdakı fazilərlə qalxıb. Amma son bir neçə ay ərzində suyun qiyməti 36 faiz, işığın qiyməti 16 faiz qalxıb. Son günlər isə çörəyin qiymətində 25 faizlik artım oldu. Digər məhsullarda da artım müşahidə edilməkdədi və növbəti mərhələdə yenidən bahalaşma ehtimalı böyükdür.
Bir sözlə, ötən il yarım ərzində bütün məhsullarda 50-100 faiz arasında artım müşahidə edildiyi halda, Statistika Komitəsi ərzaq məhsullarının artımını 11.9 faiz hesablayıb. Bir aydan sonra yeni rəqəmlər üzə çıxacaq və 5 faiz artım olduğu bildiriləcək. Yəni, qiymət artımın qısa aralıqlar üzrə hesablamaqla rəqəmlərin az görünməsinə nail olacaqlar. Amma fakt budur ki, ötən il yarım ərzində Azərbaycanda fantastik qiymət artımı baş verib. Milli valyuta isə üçüncü devalvasiya ərəfəsindədir. Daha doğrusu manat sürünən devalvasiyaya keçib.
Istənilən halda bu qədər qiymət artımı hökumətin yarıtmaz siyasətinin göstəricisidir. Hökumətin islahat vədləri, anti-böhran tədbirləri nəinki qiymətləri endirmədi, qiymət artımını tormozlaya da bilmədi. Çünki, heç bir real islahatlar aparılmadı, böhran proqramı ortaya çıxmadı. Sadəcə olaraq hökumət sadə vətəndaşın cibinə girmək hesabına müəyyən boşluqları doldurmağa çalışdı və bu proses davam edir. Hökumətin bütün fəaliyyəti bütün sahələr üzrə qiymət artımı və milli valyutanın tam dəyər iriməsi ilə nəticələndi.
Samir