Azərbaycan hakimiyyəti isə «gülənçiləri» başqa yerdə axtarır
Ötən ay saxlanılan Türkiyə “Petkim” neft-kimya kompleksinin keçmiş baş direktoru Sadəddin Qorqud barəsində həbs qərarı verilib. “Qafqazinfo”nun məlumatına görə, Izmirdə Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdindən sonra açılan istintaq çərçivəsində saxlanılan 25 nəfər arasında onun da adı var.
Dindirilmədən sonra 25 nəfərdən 13-ü “silahlı terror təşkilatı üzvü olmaq” ittihamı ilə həbs edilib. Həbs edilənlər arasında SOCAR-ın iki azərbaycanlı əməkdaşı da var. Onlar SOCAR Türkiyənin baş direktor yardımçısı Ilqar Mehmetoğlu və insan resursları şöbəsinin müdiri Raqif Fərəcovdur.
SOCAR əməkdaşı Ilqar Mehmetoğlunun Gülənin adamı olması ilə bağlı Azərbaycan mətbuatında dəfələrlə məlumat verilmişdi.
SOCAR isə indiyə qədər “SOCAR Turkey”in saxlanılan sabiq əməkdaşlarının sayını açıqlayıb və “Petkim Holding”in sabiq əməkdaşlarının həbsinə münasibət bildirib.
SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizaməddin Quliyev “Report”a açıqlamasında qeyd edib ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakın da vurğuladığı kimi, sabiq əməkdaşların həbsi məsələlərinin “Petkim”in və ümumiyyətlə SOCAR-ın Türkiyədəki fəaliyyəti ilə heç bir bağlılığı yoxdur.
“Bu, Türkiyənin müvafiq orqanları tərəfindən həyata keçirilən hüquqi prosesdir. Indiyə qədər saxlanılmış 38 nəfərdən 26-sı artıq sərbəst buraxılıb, qalan 12 nəfər haqqında araşdırmalar davam edir. SOCAR dəfələrlə bəyan etdiyi kimi, Türkiyə dövlət orqanlarının həyata keçirdiyi bu prosesləri tam dəstəkləyir. ”Petkim? və SOCAR-ın Türkiyədəki digər müəssisələri fəaliyyətini normal şəkildə davam etdirir”, – deyə N.Quliyev əlavə edib
Azərbaycanın Baş Prokurorluğunun yaydığı məlumata görə isə Fətullah Gülən tərəfdarlarına qarşı cinayət işi başlanıb.
Məlumatda bildirilir ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində bu iş üzrə əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Hüquqşünas, “Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov söyləyir ki, Baş Prokurorluğun məlumatına görə Türkiyədəki məlum olaylarla bağlı cinayət işi qaldırılıb. Konkret olaraq SOCAR əməkdaşlarının əməllərində cinayət tərkibi varsa, onlar cinayət məsuliyyətinə cəlb edilməlidirlər: “Tükiyədə insanlara terrorçu damğası vuraraq onları kütləvi şəkildə həbs edirlər. Həmin insanların əməllərində həqiqətən terrorçu təşkilatlarla əməkdaşlıq varsa, bu məqamlar araşdırılmalıdır. Bizim Cinayət Məcəlləmizə görə terrorçu təşkilatı maliyyələşdirmək cinayət məsuliyyətinə səbəb olan əməldir. Həmin məsələ Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə görə tənzimlənir. Terrorçuluğu maliyyələşdirmək harda törədilməsindən asılı olmayaraq cinayət hesab edilir və həmin şəxslər barədə cinayət işi başlanmalıdır. Terrorçuluğu maliyyələşdirməkdə iştirak edən şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. Lakin bu məsələ kifayət qədər sübutlar ortaya qoyularaq araşdırma aparılandan sonra olmalıdır. Ən qorxulusu isə günahsız insanların məsuliyyətə cəlb edilməsidir. Bundan qorxmaq lazımdır”.