Sadə bir həqiqətin izi ilə

elnuras-kitabteqdimElnur As

elnurastanbeyli@gmail.com

Təzəlikcə bir azərbaycanlı ağır atletin Braziliyada keçirilən Yay Olimpiya oyunlarında Qazaxıstanın idman şərəfini qoruduğu, qızıl medal alıb dünya rekordu qırdığı barədə xəbər yayıldı, sən demə, onu vaxtilə burada incidibmişlər, küsdürüblərmiş, ağırlıqqaldırma yığmasından uzaqlaşdırıblarmış. O da gedib Qazaxıstan millisinə üzv olub, bu ölkənin bayrağını yüksəklərə qaldırmaqla məşğuldur.

Bizdə xeyli adam həmin xəbərdən sonra gənclər və idman nazirini, Ağır Atletika Federasiyasının rəhbərliyini top atəşinə tutmağa başladı. Ki, bəs vaxtında bu idmançıya haqsızlıq eləməsələr, indi qazandığı qızıl medal da başqa ölkənin yox, Azərbaycanın aktivinə yazılardı. Şəxsən mənə həmin qızıl medalın heç bir isti-soyuğu yoxdur. Sadəcə, o adama pis təsir edir ki, həmin qızıl medalın dərdini çəkənlər eyni zamanda həm də bizdə olimpiya medalına görə pul mükafatının məbləğinin yüksək olmasından şikayətlənənlər, həmin pulları gənclərin təhsilinə, kasıb xəstələrə xərclənməli olduğundan basıb-bağlayanlardır. Indi soruşuram: xanımlar və cənablar! O nə pəhrizdir, bu alça turşusu?!

Ümumiyyətlə isə ölkədəki haqsız, ədalətsiz mühit idmandan da yan keçmir, burada da başıaşağı olmaq, yaltaqlıq, ələbaxımlılılıq şərtdir. Əks halda sənə Azərbaycanda yer yoxdur. Elə ona görə də Qazaxıstana Yay olimpiadasında qızıl medal qazandıran idmançı ilk deyil, yəqin sonuncu da olmayacaq. Bir neçə il əvvəl Ramil Quliyev adlı bir atlet də buradakı haqsızlıqdan boğaza yığılıb Türkiyəyə daşınmışdı. Ötən il isə o, Pekində təşkil olunan 15-ci Dünya Atletika Çempionatında 200 metr məsafəyə qaçış yarışının təsnifat mərhələsində Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev bütün rəqiblərini qabaqlamış, hətta məşhur qaçışçı  Useyn Boltu da geridə qoymuşdu.

Ya da Vüqar Həşimovu yada salaq – o, çağdaş dünya şahmatının ən sürətlə parlayan ulduzlarından biri, hətta birincisi olaraq göstərilirdi, ölkəmizdən yaxın-uzaq xaricdə belə, onun yaxın gələcəkdə bu zəka oyununun tarixinə damğa vuracağı fikrində çoxları həmrəy idi.

Amma çox keçmədən müəyyən maraqlara görə (həmin maraqların mahiyyətini Azərbaycanın şahmat təsərrüfatının içində olanlar yaxşı bilirlər) Vüqar incidilməyə, dışlanmağa başladı, haqqında bu ölkənin gənclər və idman naziri səviyyəsində haqsız sözlər söyləndi, qaralama kampaniyası aparıldı. Vüqar küsdürüldü, şahmat millimizdən kənarlaşdırıldı. Çox keçmədi, bütün dünyanın gələcəyin ən yaxşı şahmatçılarından biri kimi göstərdiyi bu zəka sahibi ağır xəstəliyə düçar oldu, bir müddət sonra da dünyasını dəyişdi.

(Hələ onu demirəm ki, zəngin ənənələri olan Azərbaycan şahmatı son illərdə hansı dərin böhrana yuvarlanıb, perspektivli şahmatçıların əksəriyyəti əvvəlki performanslarından çox uzaqdırlar, şahmat üzrə dünya reytinqində ilbəil geri gedirik, iş o yerə çatıb ki, şahmat yığmasına da artıq legionerlər dəvət etməyə başlayıblar).

Bu kimi onlarca fakt göstərmək olar ki, Azərbaycan idmanının da nə qədər böyük bir bataqlıq içində olduğunu görəsən, biləsən, dərk edəsən. Başqa cür mümkün də deyil. Bütün sahələr – təhsildən mədəniyyətə, elmdən idmana, səhiyyədən iqtisadiyyata – ölkədə hökm sürən ədalətsiz, haqsız idarəetmədən öz nəsibini alıblar, almağa da davam edirlər.

Neft pulları hesabına dəbdəbəli xəstəxanalar tikmək olar, olimpiya-idman kompleksləri, məktəblər, nə bilim daha nələr tikmək olar. Amma idarəetmə sistemi yalan və talan üzərində qurulduğu, korrupsiyadan bəsləndiyi, milli iradəyə deyil, polis gücünə arxalandığı, hüquq və azadlıqlara sayğı göstərmədiyi müddətcə, nə səhiyyə dirçələr, nə mədəniyyət yüksələr, nə təhsil canlanar, nə idman inkişaf edər. Bu sadə həqiqəti anlamaq çoxmu çətindir?!