«Böhranda inkişaf edirik» deyən hökumətin böhran statistikası
Azərbaycan varlı ölkə olsa da əhali həmişə səfalət içində yaşayıb. Neftin qiyməti 120 dollar olanda, manat dollardan baha olanda, qiymətlər indikindən ucuz olanda da vətəndaşlar bank kreditlərinin girovuna çevrilib, işsizlik və yoxsulluq səviyyəsi yüksək olub.
Amma birinci devalvasiyadan sonra vəziyyət daha da pisləşdi və böhran legitimlik qazandı. Vəziyyətin pisləşməsini rəsmi rəqəmlər də təsdiqlədi. Amma ölkənin bu qədər səfalət burulğanına düşməsi, 2016-cı ilin daha ağır böhran gətirməsi Ilham Əliyevin optimizmini korlaya bilmədi. Bəli, Ilham Əliyev “biz böhrandan şərəflə çıxmışıq”, “biz böhran zamanında da inkişaf etmişik” söylədi. Əlbəttə biz bu fikirlərin reallığı əks etdirmədiyini, ənənəvi nağılların davamı olduğunu faktlarla ortaya qoyduq.
Bu yazımızda da Ilham Əliyevin “böhranda da inkişaf etmişik” şüarına rəqəmlərlə cavab verəcəyik.
Buÿilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 7 milyard 7,5 milyon manat, xərcləri 8 milyard 193,5 milyon manat təşkil edib.Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.ÿNazirlikdən bildirilib ki,ÿbüdcənin icrasında 1 milyard 186,0 milyon manatlıq və ya ümumi daxili məhsulun 3,7 %-i qədər kəsir yaranıb. Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 6 milyard 133,7 milyon manat, xərcləri 6 milyard 821,5 ÿmilyon manat olub.
Büdcənin icrasında 687,8 milyon manatlıq və ya ümumi daxili məhsulun 2,5%-i qədər kəsir yaranmışdı.
Əvvəla qeyd edək ki, Ilham Əliyev uzun müddət bütün rəqəmləri dollarla ifadə edirdi. Hətta buna görə dəfələrlə qınağa tuş gəlmişdi. Bəli, ölkənin valyutası manat olduğu halda, ölkə başçısı dollarla danışırdı. Çünki, uzun müddət manat dollardan yüksəkdə saxlanılıb və rəqəmləri dollarla ifadə etmək daha cazibədar olurdu. Indi isə Ilham Əliyev bütün rəqəmləri manatla ifadə edir. Çünki, manat quyunun dibinə düşüb. 25 milyard dollarlıq büdcə, 9-10 milyard həddinə düşüb. Indi “bizim 10 milyard büdcəmiz var” deməyə utanırlar. Ona görə də “büdcəmiz 15 milyard manatdır” deyirlər.
Ikincisi, büdcənin hər il quyunun dibinə düşməsi Ilham Əliyevin bütün fikirlərini ifşa edir. Belə ki, 2016-cı ilin 7 ayında büdcənin gəlirləri 7 milyard manat olub. Büdcə gəlirləri 2015-ci ilin eyni dövründə 9.4 milyard manat olub. 2013-2014- cü illərin eyni dövründə isə 11 milyard manat olub. 2013 və 2014- cü ilin 7 aylıq büdcə gəlirləri ilə müqayisədə dollar ifadəsiylə 10 milyard dollar azalma var.
Bəli, “uzaqgörən və səriştəli” hökumətimizin fəaliyyəti sayəsində bu ilin 7 ayı ərzində büdcə gəlirləri 4.3 milyard dollar olub. Bu rəqəmi 7 aya böləndə hər aya təxminən 600 milyon dollar düşür. Əgər qarşıdakı 5 ayda da bu templə gedilsə, büdcəyə əlavə 3 milyard dollar gələcək. bu isə o deməkdir ki, büdcə gəlirləri 7.3 milyard dollar olacaq. Eyni zamanda 7 ayın gəlir və xərclərinə nəzər salanda 1 milyard 186 milyon manatlıq kəsir olduğu görünür.
Göründüyü kimi 25 milyard dollarlıq büdcə hər il kiçilməkdə davam edir. Ilham Əliyevin qənaətbəxş hesab etdiyi 2016-cı ilin birinci yarısında da büdcədə qısırlaşma davam edib.
Bir sözlə, 2016-cı ilin sonunda büdcənin zədəsi daha böyük olacaq. Rəsmi rəqəmlər də göstərir ki, hökumət hər il ölkəni bir az da quyunun dibinə salıb.
Indi Ilham Əliyev izah etsin ki, böhran zamanı inkişaf edən ölkənin büdcəsi niyə böhranlı vəziyyətdədir. Ümumiyyətlə, büdcə sürətlə kiçilirsə, inkişafın ünvanı hardadır?
Akif