“Sonun davamı”

kerimKərim Şükürlü

Yazımın başlığını təsadüfən haqqında söz açacağım gəncin eyni adlı romanının adıyla adlandırmadım. Yaşadığımız məmləkətdə sanki hər şeyin sonudur. Insanların sonuncu qəpiyi də, sonuncu qarış torpağı da, heysiyyatları da, hüquqları da, təhsili də, hətta sonuncu dövlətçiliyi də əlindən alınır. Amma nə gözəl ki, bu məmləkətdə sondan sonra da davamlı ola biləcəyini göstərə bilən, bunu anladan, istənilən sonda da bir işıq olduğunu isbatlayan toplumlar və fərdlər var. Belə toplum və fərdlər yaşından və cinsindən asılı olmayaraq bütün kateqoriya insanlarımızı əhatə edir.

Məmləkətimizdə önəm verilməli olan, ölkəni işıqlı gələcəyə apara biləcək belə insanların qarşısında yaşıl işıq yandırılmalı olduğu halda, yolları hər tərəfdən bağlanır.

Ölkəmizin bu həssas məqamında, xalqın taleyinin saxta və  hüquqdan kənar referendum yoluyla ölüm-dirim dilemması qarşısında qaldığı anlar sadəcə, bir gəncdən, onun necə bir intellektual sahibi olduğundan yazmaqla məqsədim ölkəmizi yarıtmaz siyasətləri ilə monarxiyaya, feodalizmə sürükləmək istəyən bu rejimin neçə-neçə belə gənclərin tale yollarında maneəyə çevrilmək və onların işıqlı gələcəyini necə məhv etdiklərini göstərməkdir.

Beləliklə, Nihad Ağabəyli: 1992-ci il iyul ayının 23-də Kürdəmir rayonunun Sığırlı kəndində dünyaya gəlib. Orta təhsilini Bakı şəhərində alıb. 2010-2014-cü ildə Dövlət Neft Akademiyasının enerji menecmenti fakültəsinin bakalavr dərəcəsini Avropa Ittifaqı TEMPUS 2010-2014 proqramı çərçivəsində bitirib. Rabitə dalğaları üzrə mühəndisdir. 2014-cü ildə Ingiltərənin Yark Universitetinə qəbul olub. Hərbi xidmətdən möhlət hüququ ala bilmədiyi üçün oxumağa gedə bilməyib.

Nihad 2014-2015-ci ildə hərbi xidmətdə olub. Heç vaxt ədəbiyyat sahəsinə marağı olmayan gəncin məhz hərbi xidmətdə  ədəbi istedadı üzə çıxıb. Hərbi xidmətdə olduğu bir il ərzində bir-birinin ardınca “22 sentyabr”, “Sonun davamı”, “Öz romantikasını yaşayanlar” romanlarını, ingilis dilində “Kheppi End” (“Xoşbəxt sonluq”) povestini qələmə alıb. Hərbi xidhmətdən sonra isə “Dünya” elmi-fantastik romanını yazıb. Həm də bir neçə hekayələr müəllifidir. Hekayələrdən biri “Real motivli illüziyalar əsasında” hekayəsi Prezidentin Gənclərə Dəstək Fondunun “Könüllülərin uğur hekayəsi” müsabiqəsində ən yaxşı nominasiyaya layiq görülüb.

21-22 yaşlı bir gəncin cəmi bir il ərzində yazdığı əsərləri oxuyanda adam heyrətə gəlir. Mən Nihadın əsərlərini təhlil etməkdən uzaq olsam da, onun parlaq istedadını göstərmək üçün fəlsəfi-pedaqoji səpkidə yazdığı əsərlərində dünyada gedən prosesləri, demokratiya uğrunda insanların necə mübarizə apardığını, din-elm, onların mübarizəsi, yaxın və fərqli cəhətlərini ustalıqla qələmə aldığını qeyd etməyə bilmərəm. Əsərlərində sonuncu diktaturalar və diktatorlar öz əksini tapıb.

Azərbaycan reallığı ilə səsləşir, elə deyilmi?

Bütün bunlar Nihadın özü seçmədiyi, amma üzə çıxan istedadıdır. Onun özü seçdiyi sahə isə texnologiya sahəsidir ki, Nihad bu sahədə böyük uğurlara imza atır.

O hələ 2013-cü ildə 2-ci kursda oxuyarkən Qafqaz universitetinin Texnoparkının keçirdiyi “Yeni Fikir” müsabiqəsində “Ağıllı idarəetmə” adlı layihəsilə (neft sənayesi qurğularının mərkəzləşdirilmiş idarəsi) finalçı olub.

Indisə Nihad “Ağıllı bel çantaları” yaradıcısıdır. “Ağıllı telefon”ların, planşetlərin üstünlük təşkil etdiyi bir dövrdə onun ixtira etdiyi və bel çantalarında gəzdiriləcək həmin ştatlaplar vasitəsilə enerji alına bilinəcək. Bu sahədə dünyada bir çox cəhdlər olsa da Nihadın ixtirası onlardan tamamilə fərqlənir. Enerjinin alınması əsasən günəş və insan hərəkətinin genetik enerjisi hesabına olacaq. Onun bu dünyası mobil cihazların enerji ilə təmin olunması ilə bərabər, hərbi sahədə də uğurla istifadə oluna bilər.

Nihad Ağabəyli hazırda Neft Akademiyasının enerji menecmenti ixtisası üzrə 5-ci kurs tələbəsidir. Ingiltərənin Mançester Universitetinə qəbul olsa da, yenə maliyyə çatışmazlığından orada təhsil ala bilməyib.

Görürsünüzmü, bu qədər istedadı olan bir gəncin istedadı dövlətin qayğısızlığı üzündən itib batır. Ramiz Mehdiyev də deyir ki, bizdə kadr çatışmır. Bəs bu kadr deyilmi, Ramiz Mehdiyev? Gərək kadr sizin oğul-uşaqlarınız, nəvə-nəticələriniz, qohum-əqrəbalarınız ola? Bax sizin görmədiyiniz, görmək istəmədiyiniz bu gəncə neçə-neçə xarici ölkədən işləmək üçün təklif gəlib. Amma Nihad vətəndə yaşamaq, işləmək, vətənə xeyir vermək üçün heç yerə getməyib. Aldığı cüzi (250 manat) maaş hesabına olsa belə.

Həm ədəbi sahədə, həm də texnologiya sahəsində uğurlar qazanmaq hər kəsə nəsib olmur.

Nihad tək deyil. Onlarla Nihad kimi gənclər var ki, onların da istedadı dövlətin görməməzliyi ucbatından batıb gedir. Həmin gənclər dövləti də, onun iqtisadiyyatını da, sənayesini də, təhsilini, kənd təsərrüfatını da, turizmini, hüququnu da sizdən qat-qat yaxşı idarə edər.

Bütün Nihad kimi gənclərin yolunun açılması üçün elə gənclərin öndə getməyilə adı Yeni Azərbaycan Partiyası olub, özü isə köhnədən-köhnə, nimdaş idarəçiləri isə sovet idarəçiliyi sistemindən başqa bir idarəçiliuk bilməyən bir partiyanın siyasi səhnədən silinməsi lazım. Bax onda sonun davamı olacaq. Nihad Ağabəyli yazdığı kimi.