Sumqayıt xəstəxanalarının birində koma vəziyyətində olan adamın qızıl dişlərini oğurlayıblar. Heyrətləndiniz? Mən heyrətlənmədim. Hələ bir durun, bu harasıdır ki? Bir azdan küçədə qol çantanızı, avtobusda yol çantanızı, metro tünlüyündə geyim paltarlarınızı alıb qaçmasalar yaxşıdır. Vəziyyət o yerə doğru gedir. Hələ çoxlarına çatmır, amma durum pisdən on qat daha betərdir. Dolların 2 manata yaxınlaşması sizə bir şey demirmi, yəni? Gündəlik bahalaşma, kommunal xərclərin artımı, aylıq büdcənizdə yaranan kəsirlər necə? Həyatınızın bir il əvvəlki ilə müqayisədə daha da çətinləşdiyini hiss etmirsinizmi? Işsizlik təhlükəsi başınızın üstünü alıb, yoxsa çoxdan onun qurbanlarından birisiniz? Böyük bir fərq də yox, artıq ölkənin 80%-i bu kabusu başının üstündə hiss etməkdədir. Nə çox tanıdıqlarım var ki, görüşəndə səksəkə ilə üzümə baxıb “iş bağlanacaq deyirlər, halımız necə olacaq” deyirlər. Artıq halımızın necə olacağını təsəvvür etməkdə mən də çətinlik çəkirəm. Təkcə onu dəqiq deyə bilərəm ki, ən pisinə hazır olun, bu gedişlə heç yaxşı olmayacaq. “Niyə”sini özünüz gözəl bilməlisiniz. Illərdir ayılasınız deyə qulağınızın dibində qışqırıb, bu qara günlərin anonsunu edirdik, bax…
Uşaqlıqda nənəm danışırdı ki, aclıq illərinin dillə anladıla bilməyəcək ağır günlərini görüb. Dədə-babadan qalan “yaman günlük” ehtiyatını dəyər-dəyməzə satan beş-on nəfər ölümdən birtəhər qurtulub. Minlərlə insan isə aclıq və səfalətdən olmazın zülmlər çəkib, ölən ölüb, ölməyən də tapdığı xəstəliklərin caynağında ömürlük zəlil qalıb. Sözümü nəyə gətirirəm? Nənəmin şahid olaraq anlatdıqlarında maraqlı bir şey vardı. Deyirdi ki, böyük yoxsulluq və aclıq yaşanmasına baxmayaraq, o illər yaşadığımız yerin insanları əsla oğurluq etməzdi. Amma insanların o fəlakətli durumundan qəddarlıqla yararlanan oğrular və möhtəkirlər vardı. Əhali əlində-ovcunda nəyi varsa, arpaya, çovdara, qarğıdalıya, meyvə qurusuna dəyişib, günləri atladırdı. O fürsət dəllalları da bundan ən yaramaz şəkildə yararlanırdılar. O illər nəsil yadigarı olan mücrüsündəki nəfis zinət əşyalarını satmaq məcburiyyətində qalan qadın danışırdı ki, bir qaşı brilyant, biri firuzə, o biri zümrüd olan üzüyünü bir kisə meyvə qurusuna dəyişmək zorunda qalıb. Bax, biz indi o mərhələyə doğru gedirik. Nəcib qanlı, təmiz vicdanlı insanlar acından ölsə belə, oğurluq və yaramazlıq etməyi bacarmayacaq. Meydan yenə qalacaq qanıpozuq fürsətçilərə. Dünyanın düz vaxtında milləti necə soymuşdularsa, indi də soyğun o yolla davam edəcək. Yəni yenə ailəsini, uşağını yedirib-geydirmək istəyən insanlar əlində-ovcunda qalanını dəyər-dəyməzinə satıb bunların cibini dolduracaq. Artıq məqam gözləyən qızıl dəllalları indidən iş başındadırlar. Çarəsiz əhalinin sandıqdakı son düyünçələrini üzə çıxardıqlarını bilirlər çünki.
Ölkə günbəgün böhranın dibinə enir. Bir azdan oğurluq və soyğun divara dırmanacaq, bəli. Çünki indi zaman başqa zamandır. Indiki insanlar da 70-80 il bundan əvvəlin insanları deyil. Aclıq, yoxsulluq, işsizlik bu dövr üçün böyük fəlakətlər gətirə bilər. Hökumətin bu ağır durum qarşısında heç nəyi vecinə almadan qiymət artımına, repressiya və monarxiya hazırlıqlarına davam etməsi bu fikri daha da möhkəmləndirir. Ağlınızda hələ də “nədən bu yerə gəldik” sualı qalırsa, cavab bəllidir. Biz zamanında ölkəmizlə bağlı çox gözəl fürsətləri qaçırdıq. Susduq, çəkildik və haqqımızı fürsətçilərə yedirdik. Indi o fürsətçilər özlərini bu ölkənin ağası, bizi də rəiyyətləri sayırlar. Artıq bu ölkə insanına hüquqsuz bir kölə gözüylə baxıldığının fərqində deyilmisiniz?