Endşpil

yalcin3Və ya Nardaran dramaturgiyası

I yazı

Yalçın İmanov

Fikir vermisiz – hakimiyyət təmsilçilərinin ümumi fenomenal xarakter xüsusiyyətlərindən biri də ən mühüm ictimai maraq doğuran məsələləri ən xırda, əhəmiyyətsiz şeylərlə assosiasiya etmələridir. Məsələn, siz nə vaxtsa fürsət tapıb, onların birindən soruşa bilərsiz ki, adamlar filan sahədə, deyək ki, ünvanlı sosial yardımın verilməsində ciddi korrupsiya faktlarından şikayətlənirlər, o isə qımışıb özünəməxsus ədayla cavab qaytarar ki, “mənim dişlərimdə kariyes tapılıb, üstəlik, damaqlarım da o qədər yaxşı deyil, stomotoloqum bununla ciddi məşğul olmağı tövsiyə edir”. Təxminən ombudsmanın Nardaran məhbsularının işgəncə iddialarına “yoldan gəlirəm, xəbərim yoxdur” cavabı kimi bir şey.
…Nardaran məhbuslarının cinayət prosessual qanunvericiliklə təminat verilən ən xırda, lüzumsuz hüquqları belə təmin edilməyib. Adamların əksəriyyəti nədə təqsirləndirildiklərini hələ də bilmirlər, ittihamın məzmunundan – faktiki tərəfi və hüquqi tövsifindən tamamilə xəbərsizdirlər, terrorçuluq və dövlətin konstitusiya quruluşu nədir bilmirlər. Bir-birilərinin üzünü ilk dəfə məhkəmədə zalında görüb, adlarını eşitdikləri şəxslər mütəşəkkil dəstə kimi çoxsaylı xüsusilə ağır cinayətlərdə ittiham olunurlar.
Qanunvericiliyin tələbinə görə, şəxs tutulduqdan dərhal sonra tutulduğu və ya həbsə alındığı və harada saxlandığı barədə onun yaxın qohumlarına və yaxud da əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat verilməlidir. Ailə üzvləri aylarla onların öldü-qaldısından xəbər tuta bilməyib, polis şöbələrində, meyitxanalarda yaxınlarını axtarıblar.
Başqa bir misal. Qanunun tələbinə görə, həbs-qətimkan tədbiri seçiləndən sonra həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlana bilməz və bu müddət bitənədək istintaq təcridxanasına köçürülməlidir. Amma nəinki bu tələbə əməl edilib, əksinə bir ay, iki ay, ən yaxşı halda isə 20-25 gün müddətində onları “Bandotdel”in zirzəmisində saxlayıblar.
Təqsirləndirilənin istədiyi müdafiəçini tələbiylə çağırmasına, müstəqil olaraq müdafiəçi seçməsinə və onun hüquqlarını səmərəli müdafiə etməsinə imkan verilməyib, dövlət hesabına həyata keçirilən vəkillik heç formal xarakter da daşımayıb, çünki, ümumiyyətlə vəkillik deyilən şey olmayıb. Məhbuslar vəkillərin üzünü 7-8 ay ərzində davam edən istintaq dövründə cəmi bir və yaxud da iki dəfə gördüklərini deyirlər. O da hansısa sənədlərə qol çəkəndə.
Nəinki latın qrafikasını, heç kiril qrafikasını belə bilməyənlərin ifadələri mütəxəssisin iştirakı olmadan alınıb, həmin ifadələr sonradan onlara oxunmayıb.
Yaralı məhbuslara (Babakişizadə Cahad Bala Hüseyn oğlu) ilkin tibbi yardım göstərilməyib, əksinə ürəyinə atılan, ancaq təsadüfən bir az yuxarıdan dəyib kürəyindən çıxan güllədən qan işində yerdə çapalayan adamın əlləri bağlanıb. Müalicə müəssisəsində bədənində güllə yaraları olan, müstəqil hərəkət eləmək imkanından hazırda da məhrum olan təqsirləndirilən (Abduləliyev Şamil Adil oğlu) iki ay karserdə saxlanıb. Heç bir tibbi əks göstəriş olmamasına baxmayaraq, həkimlərə əməliyyat edib, məhbusların (Abduləliyev Şamil Adil oğlu və Əsgərov Bəhruz Rahib oğlu) bədənindəki güllələri çıxarmağa imkan verilməyib, reanimasiyadan məhbsusu çıxarıb ölümlə hədələyib, yarıoyaq-yarınarkoz vəziyyətində sənədlərə qol çəkdiriblər. Heç müharibədə belə olmur.
Etirafedici ifadələr almaq məqsədilə davamlı və təhqiramiz işgəncələrə məruz qoyublar, ailə üzvlərinin və yaxınlarının gətirilib gözlərinin önündə rüsvay ediləcəyi ilə hədələniblər. İşgəncələrin miqyası və əhatə dairəsi o qədər geniş olub ki, adamlar dini inanclarından və qürurlarından təfərrüata varmırlar.
İşgəncələr nəticəsində bundan sonrakı ömrüboyu onu daima müşayiət edəcək qüsurlar “qazananlar” var, Quliyev Abbas Əbdülrəhman oğlunun nitqində problemlər yaranıb, danışanda kəkələyir. Qanunvericiliyə görə, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar hərəkətlərin tətbiq edilməsi ilə alınan ifadələr ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ancaq işə baxan məhkəmədən belə bir sağlam və hüquqa uyğun gözləntisi olan varmı?
Yetkinlik yaşına çatmayan Yarıyev Ramin Məhərrəm oğlu sağ olan valideynlərinin – qanuni nümayəndələrinin iştirakı olmadan dindirilib.
Bütün təqsirləndirilənlərin istintaq dövründə telefon danışığı, yaxınları ilə görüşlər təmin edilməyib. Qanunun tələbinə görəsə, həftədə 2 dəfə hər dəfə 15 dəqiqə olmaqla doğmalarına zəng edə, ayda 4 dəfə görüşə bilərdilər.
Həbs qərarları seçən məhkəmələr aşkar işgəncə izlərinə məhəl qoymayıb, halbuki, qanun tələb edirdi ki, dərhal prokurorluğu yazılı şəkildə məlumatlandırsınlar.
Qısası, cinayət prosessual qanunvericiliyin elə bir norması yoxdur ki, Nardaran məhbsularına münasibətdə pıozulmasın.
Qısası, Baş Mütəşəkkil, prokurorluq və dövlət hesabına vəkillərin hüququn olub-qalan qalıqları üzərində orgiyası…Konstitusion vəzifəsi insan hüquq və azadlıqlarını qorumaq olan şəxsin “rayondan gəlirəm, xəbərim yoxdur” reaksiyası isə kəskin süjet xəttli bu drama kulis arxansından əhəmiyyətsizlik mantrası oxuyur.
Buna Azərbaycanda hüququn endşpili də deyə bilərsiz…