Azərbaycanda biznesə sərmayə qoyuluşu kəskin azalıb

ixracatBu ilin ilk 7 ayında daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 38,1 faizini təşkil edib. Dövlət Statistika Komitəsindən “fins.az”a verilən məlumata görə, əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 5 milyard 840,3 milyon manat, bank kreditləri 752,8,0 milyon manat, büdcə vəsaitləri 1 milyard 006,2 milyon manat təşkil edib. Büdcədənkənar fondların vəsaitləri 79,8 milyon manat, əhalinin şəxsi vəsaitləri 259,4 milyon manat, sair vəsaitlər isə 21,2 milyon manat olub.

Göründüyü kimi, müəssisə və təşkilatların, bank kreditlərinin, büdcə və büdcədənkənar fondların, əhalinin şəxsi vəsaitlərinin müəyyən qədər həddi var. Lakin bu vəsaitlərin ölkə iqtisadiyyatına yatırılmasında kimsə maraqlı deyil.

Ümumiyyətlə, hazırda ölkə əhalisində qeyri-müəyyənlik hissi yaranıb. Xüsusilə, biznes mühitində belə bir atmosfer hökm sürür. Heç kim sabah onu nə gözlədiyini bilmir. Xaricdə belə bir dönəmdə hamı vergilərin bir neçə il eyni qalmasında qərarlı olur. Sahibkarlar da eyni durumda gözləmə mövqeyindədir.

Azərbaycanda isə tamamilə əksinə vəziyyət yaranıb. Istənilən sahədə fəaliyyət göstərən sahibkar sabah vəziyyətin necə olacağını bilmir. Biznes mühiti isə  müvəqqətiliyi sevmir. Biznes yaratmaq istəyənlər onun  fəaliyyətinin uzunmüddətli olmasını hesablayırlar.

Hələ ki, qeyri-müəyyənlikdir. Heç kim manatın vəziyyətinin necə olacağını, neftin qiymətinin nə qədər ucuzlaşıb-bahalaşacağını bilmir. Bunların hamısı bir-biri ilə bağlı olan məsələlərdir. Bu baxımdan kimsə pulunu boşuna sərf etmək istəmir.

Nigar