«Hamı kimi mənim də evim var. Mən onu niyə satmalıyam?»
Bir neçə gün bundan qabaq musavat.com saytında sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun mülklərini satışa çıxarması haqda məlumatlar dərc olunmuşdu.
Yayılan məlumatda keçmiş nazirin Bakı şəhərinin müxtəlif yerlərində ona və oğluna məxsus mülkləri təcili satışa çıxardığı, hətda mülklərin dəyərindən çox aşağı qiymətə satıldığı bildirilirdi.
Əli Abbasov isə big.az saytına açıqlamasında yayılan məlumatların yalan olduğunu bildirib.
“Mənim elə mülklərim yoxdur ki, onları satışa çıxardım. Hansısa qəzet və sayt adıma mülk qoşmasın. Hamı kimi mənim də evim var. Mən onu niyə satmalıyam? Bu gün mənimdir, sabah da övladlarım, nəvələrim yaşayacaq bu evdə. Mən hazırda elmi işlərlə məşğulam. Belə məlumatlar tamamilə yalandır”, – deyə o bildirib.
Əli Abbasov ötən il noyabr ayının 12-də Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsindən azad edilib. Onun adı “MTN işi”ndə hallanırdı.



