Hökumət artıq məbləği dollarla ifadə etmək adətini tərgidib
Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 7 milyard 7,5 milyon manat, xərcləri 8 milyard 193,5 milyon manat təşkil edib. Bu barədə barədə məlumatı marja.az Maliyyə Nazirliyinə istinadən yayıb.
Nazirlikdən bildirilib ki, büdcənin icrasında 1 milyard 186,0 milyon manatlıq və ya ümumi daxili məhsulun 3,7 faizi qədər kəsir yaranıb.
Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 6 milyard 133,7 milyon manat, xərcləri 6 milyard 821,5 milyon manat olub. Büdcənin icrasında 687,8 milyon manatlıq və ya ümumi daxili məhsulun 2,5 faizi qədər kəsir yaranmışdı.
İqtisadçı ekspert Rövşən Ağayev bu məlumatla bağlı “Feysbuk” səhifəsində maraqlı qeyd paylaşıb. Ekspert yazıb:
“Hökumət 7 ayın yekunlarına görə dövlət büdcəsinin gəlir və xərclərini açıqlayıb.
2016-cı ilin 7 ayında büdcənin gəlirləri 7 milyarda manat və ya 4.3 milyard dollar olub.
Büdcə gəlirləri 2015-ci ilin eyni dövründə 9.4 milyard manat (9 milyard dollar), 2013-2014-cü illərin eyni dövründə isə 11 milyard manatdan (14 milyard dollar) bir qədər çox olmuşdu.
2013 və 2014-cü ilin 7 aylıq büdcə gəlirləri ilə müqayisədə manat ifadəsində 4 milyard manat, dollar ifadəsində 10 milyard dollara yaxın azalma var.
“Büdcə iqtisadiyyatın güzgüsüdür” deyimi çox dəqiq ifadədi. Iqtisadi durum kifayət qədər gərgindi və büdcənin hazıkı vəziyyəti bunu dəqiq göstərir”.
Qeyd edək ki, 3 il əvvəl hakimiyyət büdcə barədə danışarkən məbləği dollarla ifadə edirdi. Çünki həmin vaxt dollar manata nisbətdə çox ucuz idi. Hakimiyyət məbləği dollarla ifadə etməklə büdcəni böyük göstərməyə çalışırdı. Amma artıq bu tryukdan istifadə edilmir. Indi hakimiyyət məbləği manatla ifadə etməkdə maraqlıdır.




