Velosiped zavodunun sahibi kimdir?

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Hakimiyyətin təbliğat maşını susmaq bilmir. Gözaydınlığı verməkdə davam edirlər – Ismayıllıda velosiped zavodu açılıb, Ilham Əliyev zavodun açılışını edib, lent kəsib, velosiped sürüb. Çoxdan belə sevinmirdilər. Elə sevinirlər ki, sanki neft böhranının gətirdiyi acı durum arxada qalıb.

Neft milyardlarını yelə verib, dağıdıb, talayıb, 60 nəfərin işləyəcəyi, səhmlərinin 49 faizi Bolqarıstan şirkətinə məxsus olan, bu şirkətin detalları ilə yığım edəcək bir istehsala bu qədər möhtac qaldıq. Halbuki ölkənin hər yerində bu cür, bundan qat-qat perspektivli istehsal müəssisələri çoxdan, azad şəkildə, “prezidenti tapşırığı” olmadan açılmalı idi. Çoxdan bunun üçün azadlıqlar, ədalətli rəqabət şəraiti, rüşvətsiz mühit, etibarlı biznes məkanı qurulmalı idi.

Bunlar indi də yoxdur, necə deyərlər, yenə də köhnə hamam, köhnə tas. Nəsə dəyişibsə, buyurun deyin görək bu zavodun sahibi kimdir. Onun sahibi kimi güman edilən “ASSET GROUP”un arxasında kim var?

Bu necə olur ki, guya yeni sahibkarlıq mühiti yaradılır, yeni iqtisadi subyekt meydana çıxır, onun sahibi isə bilinmir. “Sahibkarsız” sahibkarlıq olurmu? “Sahibkarları bilinməyən” sahibkarlığı biz bir dəfə gördük. Nəticəsi də ortadadır. Həmin şirkətlər işləmir artıq.

Bəli, qətiyyən camaatı çaşdırmayın, biz bu cür iqtisadi maşını görmüşük – hakim ailənin və onun ətrafının nəzarətində boy atıb cücərən iqtisadi velosipedin necə sürüldüyünü görmüşük. Təzədən həmin velosipedi icad edib nəyə sevinirsiz?

Ismayıllıdakı velosiped zavodu öz yerində, oldu, ya olmadı, biz iqtisadi velosipedi deyirik, pedalı boşuna fırlatmaqla deyil, bu lentlərdən çox kəsilib, hərəkət etmir axı. Hərəkət etməyən velosiped isə yıxılır.

Analiz aparmaq qadağan olunur

TQDK – Tələbə Qəbulu üzrə Dövlət Komitəsini Ilham Əliyev Dövlət Imtahan Mərkəzi adında publik hüquqi şəxs elədiyini bilirsiniz. Guya nəsə dəyişir. Bir halda ki, ölkədə hər şey bir nəfərin fikri ilə müəyyən edilirsə, statusların, nizamnamələrin, qanunların, hətta konstitusiyanın əhəmiyyət olmur.

Tələbə qəbulu ilə bağlı vacib bir cəhət var ki, qəbul zamanı ədalət qorunmuş sayılır. Biz arxa qapılarda əyriliklərin də olduğu barədə xəbərlərə rast gəlirik. Amma bunu dəqiqləşdirmək üçün ictimai nəzarət yoxdur. Bununla belə, hər kəs razılaşır ki, tələbə qəbulunun Elçibəydən qalma bu üsulu ölkədə ədalətin mövcud olduğu yeganə sahədir.

TQDK – indiki adı ilə desək, Dövlət Imtahan Mərkəzi həm də imtahan nəticələrinin statistik analizini aparırdı. Nəticədə, ölkədə təhsilin gerçək durumu – biabırçı vəziyyəti xalqa bəlli olurdu.

Lakin bu günlərdə Ilham Əliyev Dövlət Imtahan Mərkəzinin nizamnaməsində dəyişiklik edib və Mərkəzin qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələri Təhsil Nazirliyinə təqdim etmək hüququ ləğv edilib.

Gerçəyi xalqdan gizlətmək üçün atılan addımdır. Xalqı aldatmaq görün nələrə gətirib çıxarır, necə gülməli, əcaib durum yaradır. Analiz aparmaq hüququ ləğv edilir. Elə bil sənə deyirlər ki, içdiyin suyun dadı, rəngi, haradan götürüldüyü haqda düşünmə. Halbuki, bu heç hüquq deyil, vəzifədir. Onu eləməlisən. Üstəlik, onu hər kəs edə bilər.

Bir də baxdın ki, Səhiyyə Nazirliyinə qadağan edildi ki, qan analizi götürməyin, camaatın xəstə olduğu üzə çıxar…