Cümə günü prezident administrasiyasının rəhbəri vəzifəsindən azad edilmiş Sergey Ivanov Anton Vayno ilə əvəz olunub. Cənab Vayno yeni təyinata kimi Sergey Ivanovun müavini və prezidentin protokol xidmətinə başçılıq edib.
Sergey Ivanov ətraf təbiətin qorunması, ekologiya və nəqliyyat məsələləri üzrə prezidentin xüsusi nümayəndəsi vəzifəsinə keçirilib.
Rütbələrin qeyri-rəsmi təsnifləşdirilməsinə görə prezident administrasiyasının rəhbəri üçüncü və bəlkə də, ikinci ən nüfuzlu rəsmi sayılır.
BBC-nin Rus xidməti şərhlər üçün ekspertlərə müraciət edib.
Pavel Salin, Hökumət nəzdindəki Maliyyə Universitetinin Siaysi Təhlil Mərkəzinin rəhbəri:
“Mən bunu parlament seçkilərilə əlaqələndirməzdim. Təyinatın miqyası daha böyükdür.
Putin növbəti müddəti hədəfə alaraq komandasını yenidən qurur. O şəxsən yaxşı tanıdığı, lakin son vaxtlaradək kölgədə olan rəsmiləri ictimai vəzifələrə təyin edir.
Baş verənlər son hadisələrin məntiqinə uyğundur. Belə ki, prezidentin sabiq mühafizəçisi Aleksey Dyumin Tula qubernatoru vəzifəsinə təyin olunub. Bundan iki həftə keçmiş isə prezidentin adyutantları regionlara rəhbər göndərilib.
Indi isə sıra protokol xidmətinin rəhbərinə çatıb. Anton Vayno mülki rəsmidir. Yəni Putin kadrları güc korporasiyasına mənsubluq yox, şəxsi sədaqət və şəxsi tanışlıq prinsipi əsasında önə çəkir. Poqonla mülki pencək arasında fərq qoyulmur.
Cənab Vaynonun tutduğu vəzifə gözə görünməsə də, kifayət qədər yüksək olub. O, 2003-cü ildən prezidentin protokol xidmətində işləyib, son 8 il ərzində isə onun rəhbəri olub.
Protokolun başçısı – prezidentlə 24 saat ərzində əlaqədə olan rəsmidir. Bu faktiki olaraq xüsusi funksiyaları olan adyutantdır.
Vaxtilə prezident administrasiyası rəhbəri təyin edilənədək Sergey Sobyanin haqqında da az məlumat olub.
Bildiyim qədər Ivanov və Putin arasında heç bir narazılıq olmayıb. Ivanov 2008-ci ildə prezidentə sədaqətli olduğunu sübüta yetirərək strateji əhəmiyətli vəzifəyə təyinatla mükafatlandırıldı.
Hazırda onu ehtiyata keçiriblər, onun üçün xüsusi vəzifə yaradılıb. Çox güman ki, biz onun haqqında yenə də eşidə biləcəyik”.
Dmitri Orlov, Siyasi Kommunikasiyalar Agentliyinin direktoru:
“Zənnimcə burda açar söz – effektivlikdir.
Çox güman ki, Anton Vayno yeni daxili siyasi kurs və yaxud da geosiyasi seçim elan etməyəcək. O klassik menecerdir.
Vladimir Putinin qərarı administrasiyasının effektivliyini artırmaq istəyindən irəli gəlir.
Vayno sərt və fəal idarəçi kimi tanınır. O, təcrübəlidir və uzun müddətdir ki, Putinlə işləyir.
O, administrasiya rəhbərinin müavini Vyaçeslav Volodinlə yaxşı əlaqələrə malikdir. Zənnimcə onlar əməkdaşlığə uğurlu olacaq. Bu arada seçkilə bağlı məsələlər Volodinin nəzarətində qalacaq.
Açar vəzifəyə etnik estonun təyinatında heç bir problem görmürəm. Rusiya çoxmillətli ölkədir, burada problem yoxdu və olmalı da deyil.
Məlumatıma görə prezidentin Sergey Ivanova iradları olmayıb. Azad edilmənin səbəbi odur ki, Ivanov və Vayno müxtəlif nəsillərə mənsubdurlar. Putin seçimdə gənclərə üstünlük verib və bu düzgün seçimdir”.



