Nicat Rəhimov niyə Azərbaycanı deyil, Qazaxıstanı seçdi?
Bir neçə gün öncə Rioda keçirilən Olimpiya Oyunlarında azərbaycanlı ağırlıqaldıran Nicat Rəhimov Qazaxıstan yığmasının heyətində qızıl medal qazandı. Bəs Nicatı Azərbaycan yığmasından uzaqlaşdıran səbəblər nə idi? Nəyə görə əksəriyyətini bir o qdər də uğurlu çıxış etməyən xaricilər təşkil edən yığmamız azərbaycanlı idmançılar üçün arzuolunan yer deyil.
2013-cü ildə Azərbaycan millisi ilə yollarını ayıran 23 yaşlı Nicat Rəhimov 214 kq təkanla ağırlıqqaldırmada dünya rekordunu yeniləyib və Olimpiya oyunlarının birincisi olub. Bəs, Nicat Rəhimovu ölkədən və yığmadan kim didərgin saldı?
Qeyd etdiyimiz kimi, Nicat Rəhimov 2013-cü ildə Azərbaycan millisindən imtina edib. Səbəb isə həmin vaxt yığmamızın baş məşqçisi olan Zlatan Vanevlə aralarındakı problem olub. Ağır atletika üzrə millimizi çalışdırmış bolqar mütəxəssisin zamanında komandada olan intizamsızlığa görə Rəhimov baş məşqçiyə etiraz edir. Həmçinin bolqar mütəxəssisin təkidlərinə baxmayaraq o, dopinqdən istifadə etmir. 2010-cu il Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarında qızıl medal qazanan, həmin il də Avropa çempionu olan atlet bu uğurlarının qarşısında belə baş məşqçi onunla zidd düşür və Nicatı yarışlara aparmır. Bütün bu problemlərin qarşısında Rəhimov 2014-cü ildə rəsmən Qazaxıstan vətəndaşlığını qəbul edir və bu ölkənin yığmasının tərkibində yarışlara qatılır.
Azərbaycan millisini tərk edən Nicat bununla bağlı mətbuata danışmaqdan da çəkinmir. O, 2014-cü ildə verdiyi açıqlamasında baş verənləri belə izah edir: “Baş məşqçi hər şeyə göz yumurdu. Bu səbəbdən də Vanevi vecimə almırdım. Hər gün məşq başlayanda mənə ”səni yığmadan uzaqlaşdıracam, federasiyadan aldığın 500 manatı kəsəcəm” deyirdi. Bu səbəbdən atam məni təlim-məşq toplanışından uzaqlaşdırıb, Islam Həmrəyliyi Oyunlarına özü hazırladı. Sonra eşitdik ki, məni yarışa aparmayacaqlar. Atam bunun səbəbini Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru Isgəndər Əsgərov və baş məşqçi Vanevdən soruşub. Deyiblər ki, Nicatı sən hazırlayacaqsan, gedib Islamiadanın qalibi olacaq və deyəcəksən ki, mən hazırladım”.
O zaman gənclər və idman naziri Azad Rəhimov da Nicatın millidən getməsinə münasibət bildirmişdi. O qeyd etmişdi ki, bu, Rəhimovun öz seçimidir: “O, bu seçimi özü edib. Biz ona nə deyə bilərik?”
Ağır Atletika Federasiyasında tez-tez mediada idmançılara qarşı laqeydliklə bağlı məlumatlar yayımlanır. Idmançılar isə bütün günahı federasiyanın rəhbəri Cahangir Əsgərovda görürlər.
Nicat Rəhimov Azərbaycandan getdikdən sonra 2015-ci ildə Qazaxıstan yığması ilə ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırmada dünya çempionu olur. Bundan sonra açıqlama verən idmançının atası və şəxsi məşqçisi Əli Rəhimov oğlunun yenidən Azərbaycana qayıtmasının mümkün olduğunu bildirir: “Nicat həmişə Azərbaycan bayrağını uca tutmaq istəyib. Onun yenidən Azərbaycana qayıdışı mümkündür. Amma bu sadəcə Rio-2016 Yay Olimpiya Oyunlarından sonra baş tuta bilər”.
Amma Nicatın atasının bu açıqlamasına Azərbaycan tərəfindən münasibət bildirilməyib. Əvəzində öz ölkəsində uğur qazana bilməyən xarici idmançılardan formalaşan Azərbaycanın olimpiya yığması gözlənildiyi kimi yarışlarda ciddi uğur qazana bilmir. Amma bütün bu uğursuzluqlara baxmayaraq olimpiya yığmasına qarşı siyasət dəyişmir. Çünki Azərbaycan hakimiyyətinə təbliğatında istifadə etməsi üçün tez nəticə verə biləcək idmançılar lazımdır. Ona görə yerli idmançıların yetişdirilməsinə bir o qədər diqqət ayrılmır. Nicatla bağlı baş verən olay yürüdülən siyasətin yanlışğılığının sübutudur.
Hikmət