Fətullah Gülən Türkiyəyə qayıtma şərtini açıqladı; onun əmlakı müsadirə olundu
Türkiyə hökuməti bu ölkənin ulduz futbolçusu Hakan Şükürün həbsinə order verib. Bu barədə Böyük Britaniyanın “The Güardian” qəzetinin yaydığı məlumatda bildirilir ki, futbolçu Ərdoğanı devirməyi hədəfləyən 15 iyul hərbi çevriliş cəhdində təqsirli bilinir.
“Anadolu” agentliyinin yaydığı xəbərə görə, prokurorluq Hakan Şükürü hərbi çevrilişin arxasında durduğu iddia edilən terrorçu qrupun üzvü olmaqda ittiham edir. Deyilənə görə, Hakan Şükür və ailəsi keçən il Türkiyəni tərk edərək Amerikaya köçüb.
Futbol kariyerasından sonra Hakan Şükür siyasətə qoşulmuş və 2001-ci ildə Türkiyə Böyük Millət Məclisinə Ərdoğanın Ədalət və Inkişaf Partiyasından (AKP) deputat seçilmişdi.
Ancaq 2013-cü ildə Ərdoğan və onun əhatəsini hədəfləyən korrupsiya yoxlamalarından sonra parlamentdən istefa verib Gülənlə yaxınlaşmağa başladı.
Sonra o, fevral ayında Ərdoğanı “Twitter” hesabında təhqir etməkdə ittiham edilirdi. O, məqsədinin Türkiyə prezidentini təhqir etmək olmadığını bildirsə də, prokurorluq deyir ki, tvit açıq-aşkar Ərdoğanla əlaqəli olub.
Hakan Şükürün futbolçu karyerası 1987-2007-ci illəri əhatə edir. O, Türkiyə futbol tarixinin 112 görüşdə 51 qolla ən məhsuldar futbolçusudur. O, Türkiyənin “Qalatasaray”, Italiyanın “Inter” və Ingiltərənin “Blakbern” kimi məşhur futbol klublarının oyunçusu olub. Bundan əlavə, 2002-ci ildə futbol üzrə dünya çempionatındakı yaxşı performansı ilə yadda qalmışdı. Türkiyə həmin çempionatda 3-cü yer tutmuşdu.
Hazırda Hakan Şükürün rəsmi “Twitter” hesabı işləmir, ancaq onun əvvəllər bu hesabdan Gülənə dəstək mesajları verdiyi bildirilir.
Dünən həmçinin polis Istanbulda Hakan Şükürə məxsus evdə axtarış aparıb. Türkiyənin “Hürriyet” qəzetinin yaydığı xəbərə görə, onun atası Sermet Şükürün Sakaryadakı evində də axtarış aparılıb, o, həmin vaxt evdə olmayıb. Polisə S.Şükürün Adapazarının Sakarya prospektində yerləşən Salko məscidində cümə namazında olduğu barədə məlumat daxil olub.
Məscidə gələn polislər cümə namazının bitməsini gözləyiblər. Namaz bitəndən sonra polisləri görən Sermet Şükür onlara təslim olub.
Türkiyədəki vəziyyətə görə əcnəbi futbolçu ordan getdi
Türkiyənin başqa bir qəzeti “Sabah” məlumat yayıb ki, Hakan Şükür və atasının bütün hesab və mülklərinə həbs qoyulub.
Yeri gəlmişkən, bugünlərdə Türkiyədəki siyasi duruma görə əcnəbi futbolçu Mario Qomez “Beşiktaş” futbol klubundan ayrılıb. Qomez deyib ki, siyasi problemlərin dinc həll olunacağını ümid edir və bundan sonra yenə kluba qayıdacaq.
“Ittihamların onda biri isbatlansa, Türkiyəyə qayıdacağıma and içirəm”
Fransanın məşhur “Le Monde” qəzetində Türkiyə hökumətinin 15 iyul çevrilişinin təşkilatçısı kimi təqdim etdiyi Fətullah Gülən barəsində səslənən ittihamlarla bağlı məqalə yazıb.
“Haqqımdakı ittihamların onda biri isbatlansın, Türkiyəyə qayıdacağıma and içirəm”, – deyə Gülən yazır.
O, çevriliş cəhdinin beynəlxalq komitə tərəfindən araşdırılmasını istəyib.
Türkiyədə 15 iyuldan sonrada başlanan həbsləri, işdən çıxarılmaları Gülən “ifritə ovu” bənzətməsini işlədib. O, həmçinin bildirib ki, çevriliş cəhdinə qatılanlar arasında “Hizmət” dəstəkçisi olduğunu söyləyən şəxslərin olması, heç də hərəkatdakı hər kəsin günahlandırılmasına səbəb olmamalıdır.
Gülənin bütün var-dövləti müsadirə edildi
Ikinci Ağır Cinayətlər Məhkəməsi Fətullah Gülən və daha 3 nəfərin əmlakının müsadirəsinə qərar verib.
Həbsləri ilə bağlı qərar çıxarılsa da xarici ölkədə olan Fətullah Gülən, Ömər Əkinçi, Kamal Elibal və Camal Soncu üçün qaçaq əməliyyatlarının başladılmasına qərar verilib.
Müsadirə qərarı ilə 4 şəxsin bütün daşınmaz əmlakları, qara dəniz və hava nəqliyyat vasitələri, bütün hüquq və debitor borcları, qiymətli sənədləri, səhmdarı olduğu şirkət səhmləri, kirayə kassa hesabları və bank hesabları dondurulub.
ABŞ və Türkiyə arasında Gülənə görə danışıqlar başlayacaq
Bu arada, ABŞ hökuməti Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə əlaqədar müzakirələr aparmaq üçün 4 nəfərdən ibarət heyətin Türkiyəyə göndərilməsi barədə qərar verib.
Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
Nümayəndə heyəti avqustun 22-də Türkiyəyə gələcək. Nümayəndə heyətinə ABŞ Ədliyyə Nazirliyinin 3, ABŞ Dövlət Departamentinin 1 əməkdaşı daxildir.
Iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Mövlud Çavuşoğlu da bu haqda danışıb. O, hazırda Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinin tək ABŞ və Türkiyə arasındakı məsələ olmadığını, bütün dünyanın bu prosesi yaxından izlədiyini qeyd edib: “Həm Con Kerri, həm də Co Bayden Türkiyəyə gəlmək istədiklərini bildiriblər. Bu ziyarətlərdən sonra müvafiq sənədlərlə birlikdə Vaşinqtona gedəcək, Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinə səy göstərəcəyik. ABŞ və Türkiyə arasında şübhəlilərin qarşılıqlı təhvil verilməsi barədə anlaşma var və bu anlaşma bu günə qədər həyata keçirilib. ABŞ-ın ən qısa müddətdə terror təşkilatının liderini Türkiyəyə təhvil verməsini gözləyirik”.
Türkiyənin 32 diplomatı ölkəyə geri dönməyib
Mövlud Çavuşoğlu onu da bildirib ki, Türkiyənin xarici dövlətlərdəki 32 diplomatı ölkəyə geri dönməyib.ÿOnun sözlərinə görə, həmin şəxslər vətənə qayıtmamaq üçünÿheç bir səbəb göstərməyiblər.
Hərbi aviabazanın yerində Demokratiya parkı…
“Türkiyədə 133-ü general, 3-ü attaşe olmaqla 162 hərbçi fəraridir” – bunu isə Türkiyənin müdafiə naziri Fikri Işık “Haberturk” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrindən 3185 nəfər ixrac edilib: “Onların 151-i general və admiraldır. Ordudan həmçinin 265 pilot xaric olunub”.
Nazir qeyd edib ki, sentyabrın 15-dək Ankara və Istanbulda dislokasiya olunan hərbi hissələri köçürməyi planlaşdırırlar: “Bəzi hərbi hissələr 10 gün, bəziləri 20 gün, bəziləri isə bir aya köçürüləcək. Onların əraziləri isə xalqın və ictimaiyyətin istifadəsinə veriləcək. ”Akıncı” hərbi aviabazasının yerində Demokratiya parkının salınması nəzərdə tutulub”.
F.Işık iyulun 15-də dövlət çevirilişi ilə bağlı NATO-ya üzv ölkələrin məsələyə münasibətindən də danışıb: “NATO ilə Türkiyə arasında çətinlik yoxdur. Türkiyə NATO-nun üzvü və alyansda ikinci böyük orduya sahibdir. Üzvlüyündən irəli gələn hüquq və vəzifələrini yerinə yetirir. Problem iyulun 15-də yaranıb. Səni birləşdirən dəyər demokratiyadırsa, onu qorumaq və dövlət çevrilişi cəhdinin qarşısını almaq üçün küçələrə çıxan, 240 şəhid verən türk cəmiyyətini NATO-ya üzv ölkələrin hadisəyə münasibəti narazı salıb”.



