Nurəddin Məmmədli: «Azalan büdcədən belə məmurlar öz haqlarını əvvəlki səviyyədə götürürlər»
Bir müddət əvvəl qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan 17 manatlıq dövlət müavinəti ləğv edildi. Bu, hökumətin büdcə xərclərinə qənaət siyasətinə uyğun atılan addım sayılır. Çünki bundan əvvəl dövlət başçısı da daxil olmaqla rəsmilər sosial müavinətlərin insanlarda tənbəllik yaratdığını qeyd etmişdilər. Amma bu qənaət, deyəsən, ancaq sadə vətəndaşları görür.
Çörəyin qiymətinin, su və elektrik enerjisinə görə tariflərin qaldırılması birbaşa ölkədə sosial vəziyyəti kəskinləşdirən addımdır. Şəhid ailələrinin qanu pulunun hələ də ödənilməməsi, hüquq mühafizə orqanlarında və orduda çalışanların xidmət müddətinin uzadılması və müavinətlərinin azaldılması hamısı maliyyə böhranının nəticəsi sayıla bilər. Bir-birinin ardınca iri layihələrə imza atan SOCAR bununla belə kütləvi ixtisarlara getməkdən də çəkinmir. Ciddi maliyyə problemləri olan “Azərişıq” böhran dövründə xidməti istifadə üçün 400-450 yeni avtomobil alıb. Və ya işçilərini ixtisar edən SOCAR yeni binasının inşası üçün 335 milyon dollar vəsait xərcləyib.
Professor Nurəddin Məmmədli bildirdi ki, ölkədə faktiki olaraq istehsal yoxdur. Gəlir gətirə biləcək sahələrin hamısının məhv edildiyini deyən N.Məmmədli vurğuladı ki, anti-böhran proqramları həyata keçirilmir. Bütün ölkə iqtisadiyyatının gəlirinin neftdən gələn gəlirdən formalaşdığını deyən N.Məmmədli qeyd etdi ki, neftin dünya bazarındakı qiymətinin azalması ölkədə sosial-iqtisadi vəziyyəti kəskinləşdirib: “Amma bu qütbləşmə əsasən əhalinin kasıb təbəqələri üzərində hiss olunur. Hakimiyyət yetkililəri öz gəlirlərini daim artırmaqla məşğuldurlar. Yenə də iri layihələr həyata keçirilir, bir müddət əvvəl çəkilmiş yollara yenidən vəsait ayrılır. Nəticədə külli miqdarda dövlət vəsaiti mənimsənilir. Bütün xərcləri dövlət tərəfindən ödənilən, külli miqdarda əmək haqqı alan deputatlara belə altı min manat istirahət pulu verilir. Bu, dünya miqyasında analoqu olmayan haldır. Bütün bunlar onu göstərir ki, bu gün ölkədə yaşanan kasıbçılıq yalnız əhalinin yoxsul kütləsinə aiddir. Hakimiyyətin bilavasitə qəyyumluğu vasitəsi ilə özünə idarəçilikdə yer tutmuş yüksək çinli qohum-əqrabalar isə öz talançılıqlarını davam etdirirlər. Azalan büdcədən belə məmurlar öz haqlarını əvvəlki səviyyədə götürürlər”.
Xəyal