Ukrayna qoşunları yüksək hazırlıq vəziyyətinə gətirilib

ukraynaKrımla de-fakto sərhəd və Donbas bölgəsində yerləşən Ukrayna qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bölgədə gərginlik Rusiyanın Ukraynanı Krıma müdaxilə cəhdində ittiham etməsindən sonra artmaqdadır.

Ukraynanın BMT-dəki nümayəndəsi müdaxilə barədə iddiaları əsaslandıran dəlillərin təqdim olunmasını tələb edib. O, həmçinin Krım yarımadası ilə bitişik bölgədə 40 minlik Rusiya qoşununun olduğunu deyib.

Ukrayna nümayəndəsinin rusiyalı həmkarı iddia edilən müdaxilə ilə bağlı ölkəsinin “narahatlığını və hiddətini” bildirib.

Krım Rusiya tərəfindən 2014-cü ildə keçirilən referendumdan sonra ilhaq olunub.

Cümə axşamı Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti şərqdəki Donetsk və Luhansk bölgələrində və “Krımla inzibati sərhəddə gərginliyə” görə hazırlıq səviyyəsinin yüksək həddə qaldırıldığını qeyd edib.

Ukraynanın şərqində qüvvədə olan atəşkəs rejiminə rəğmən rusiyapərəst üsyançılar və Ukrayna qüvvələri arasında ara-sıra atışmalar olur.

Avqustun 24-də Ukrayna öz müstəqilliyinin 25-ci ildönümü qeyd etməyə hazırlaşır, Rusiyada isə sentyabr ayında parlament seçkiləri keçirilməlidir.

Bu tədbirlər ərəfəsində tərəflər bir-birlərini təxribat hazırlamaqda ittiham edirlər.

Rusiyanın dövlət televiziyasında Yevgeniy Panov adı ilə təqdim edilən şəxs Krımda “təxribat aktı həyata keçirmək” üçün göndərilən Ukrayna Müdafiə Nazirliyi qrupunun üzvü olduğunu deyib.

O, qrup tərkibində həmçinin Ukrayna hərbi kəşfiyyat xidməti zabitlərinin olduğunu da deyib.

Ukrayna KİV-lərində vaxtilə könüllü döyüşçü olmuş cənab Panovun son zamanlar xeyriyyə təşkilatları ilə bağlı olduğu xəbər verilir.