Cəbhəçi siyasi məhbus azadlıqda! Həbsxanadan birbaşa Elçibəyin məzarı üstə FOTO VİDEO

qadir-xudabaxsiyev-yeni«Mənə Heydər Əliyevin heykəlinin qarşısına gül qoymağa, Əli Kərimlinin Avropaya işləməsi barədə açıqlama verməyə təhrik edirdilər, mən bunlardan imtina etdim»

Artıq keçmiş siyasi məhbus, Qarabağ qazisi, AXCP Mingəçevir şöbəsinin fəalı Qadir Xudabaxşıyev azadlığa çıxıb. Bu haqda onu qarşılayan partiya fəalları məlumat verib. Həbsdən çıxan siyasi məhbus ilk olaraq mərhum prezident Əbülfəz Elçibəyin məzarını ziyarətə gəlib.

Qadir Xudabaxşıyev azadlığa çıxdığı anlarda verdiyi qısa müsahibədə bu həbsin siyasi sifariş olduğunu və onu hakimiyyətin AXCP sədri Əli Kərimliyə qarşı yeritdiyi siyasətin tərkib hissəsi adlandırıb. O, Əli Kərimlinin haqq yolunda olduğunu deyərək mübarizəsinə davam edəcəyini də bildirib. Qadir Xudabaxşıyev həbsxanalarda özü kimi yüzlərlə günahsız insanların olduğunu da bildirib. Həbsdə olan müddətdə, həm Kürdəxanıda, həm də Gəncədə ona mübarizə yolundan dönmək üçün təkliflər edildiyini də deyib: “Mənə Heydər Əliyevin heykəlinin qarşısına gül qoymağa, Əli Kərimlinin Avropaya işləməsi barədə açıqlamalar verməyə və s. təhrik etmək istəyirdilər. Lakin mən bunlardan imtina etdim. Bilirəm ki, Əli bəy Azərbaycanı haqq yoluna aparır. Bu mübarizəmiz də davam edəcək”.

AXCP Əli Kərimli də Qadir Xudabaxşiyevin azadlığa çıxmasına münasibət bildirib. O, “Facebook” səhifəsində yazıb: “Nəhayət, bir yaxşı xəbər də eşitdik. Siyasi məhbus, AXCP fəalı, Mingəçevir təşkilatımızın keçmiş sədri Qadir Xudabaxşıyev bu gün azadlığa çıxdı. Azadlığa çıxan Qadir bəy ilk olaraq Əbülfəz Elçibəyin məzarını ziyarət etdi. Qadir bəy Qarabağ qazisidir. Hakimiyyət nəinki bu Qarabağ qazisini şərləyərək həbs etdirmişdi, həm də həbs müddətində ona hər hansı güzəşt edilməsinə imkan verməmişdi. Qadir bəy azsaylı siyasi məhbuslardandır ki, ona verilən cəzanı günə-gün çəkdi. Çox şadam ki, Qadir bəy artıq ailəsinin, dostlarının yanındadır, sıralarımızdadır. Həmişə azadlıqda, Qadir bəy!

Haqsız, şərlənərək tutulmuş bütün dostlarımızın, siyasi məhbusların Allah qapısını açsın!”