Gültəkin Hacıbəyli: «Putinin bəyanatları Ermənistanın hazırkı vəziyyətinə dəstək verir»
Rusiya prezidenti Vldaimir Putinin Ermənistanın dövlət başçısı ilə görüşündə səsləndirdiyi fikirlər maraq doğurur. Azərbaycan hakimiyyətinin nəzarətində olan media Putinin yalnız bir fikrinə yer verib; o da Azərbaycanın istənilən həcmdə silah ala biləcəyi ilə bağlı fikirlərdir.
Rusiya lideri vurğulayıb ki, bu gün müasir silah bazarında istənilən ölkə praktiki olaraq hər bir silahı ala bilər: “Misal olaraq deyə bilərəm ki, neft hasilatçısı, inkişaf edən iqtisadiyyata sahib, böyük qızıl və valyuta ehtiyatları olan Azərbaycan, əlbəttə, istədiyi yerdən silah almaq iqtidarındadır”.
Rusiya prezidenti eyni zamanda vurğulayıb ki, Rusiya Ermənistanı silahla təmin etmək öhdəliklərini yerinə yetirir. Bu isə artıq ciddi mesaj sayılmalıdır. Digər tərəfdən, Putin Bakıda olarkən bəyan etmişdi ki, Qarabağ danışıqlarında elə bir razılıq əldə olunmalıdır ki, heç bir tərəf özünü nə məğlub, nə də qalib hiss etsin. Putinin başqa bir etirafı isə danışıqlar prosesinin gedişində Rusiyanın tərəflərə təzyiq etməyəcəyi ilə bağlıdır.
Milli Şuranın Koordinasiya Mərkəzinin rəhbəri Gültəkin Hacıbəyli vurğuladı ki, hökumət mətbuatının Putinin çıxışındakı bütün məqamları qabartmamasının səbəbləri aydındır. G.Hacıbəylinin sözlərinə görə, aprel döyüşləri zamanı ordunun geri çəkilməsindən sonra cəmiyyətdə buna neqativ münasibət var idi. Cəmiyyət haqlı olaraq soruşurdu ki, düşmənin ön cəbhəsi yarıldığı, geri çəkildiyi halda nəyə görə əməliyyatlar davam etmədi: “Bunun qarşılığında Azərbaycan hakimiyyəti ”Putinlə anlaşılıb”, “Putin Ermənistana təzyiq edərək beş rayonumuzu geri verəcək”, bəziləri hətta “yeddi rayonun qaytarılıcağı” kimi bəyanatlar verirdi. Bununla da ictimai fikri səngitməyə yönələn təbliğat aparılırdı. Ancaq son görüşlərdə bəlli oldu ki, Putin heç bir tərəfə təzyiq etməyəcəyini, danışıqlarda status-kvonun dəyişməyəcəyini bildirir. Bu isə o deməkdir ki, Rusiya bununla Ermənistanın hazırkı vəziyyətinə dəstək verir. Torpaqlarımızın 20 faizi işğal altındadır. Amma Rusiya prezidenti əsla işğalçıya təzyiq etməyəcəyi ilə bağlı bəynatlar verir. Təbii ki, hakimiyyət aprel hadisələrində özünün yanlış mövqeyini pərdələmək üçün Putinin bu cür açıq şəkildə verdiyi Ermənipərəst bəyanatları kölgədə saxlamağa çalışır. Bunun qarşılığında “Azərbaycan nə qədər istəyir silah ala bilər” tipli bəyanatlarını tirajlayır”.
Rusiyanın həm Ermənistana, həm də Azərbaycana silah satdığını deyən G.Hacıbəyli vurğuladı ki, Azərbaycanın milyardlarla vəsaiti köhnəlmiş, döyüşdə Azərbaycana heç bir üstünlük qazandırmayacaq rus silahlarına xərclənir. Çünki bu silahların daha yenilərini, müasirlərini Rusiya Ermənistana təmənnasız olaraq verir: “Bunun qarşılığında ”Azərbaycan istədiyi yerdən silah ala bilər” kimi bəyanatlar tamamilə mənasızdır. Bu, Azərbaycan hakimiyyətinin yanlış mövqeyini ört-basdır etməyə hesablanıb. Rusiyadan silah almaq Azərbaycan ordusuna heç bir üstünlük qazandırmır. Reallıq bundan ibarətdir ki, Rusiya mövqeyini dəyişməyib. Rusiya Azərbaycan və Ermənistanı daim təzyiq altında saxlamaq üçün Qarabağ kartından sona qədər istifadə etməyə çalışacaq. Qarabağ probleminin həll olunması Rusiyanın maraqlarına daxil deyil. Qarabağ nə qədər çox işğalda qalacaqsa, Rusiyanın həm Ermənistan, həm də Azərbaycan siyasi hakimiyyəti ilə manipulyasiya etmək imkanları bir o qədər artıq olacaq”.
Hazırkı durumun Ermənistana sərf etdiyini deyən G.Hacıbəyli bildirdi ki, Ermənistan həmin torpaqlarda erməniləri məskunlaşdırır. Belə olan halda isə burada əsas uduzan tərəf Azərbaycandır. G.Hacıbəylinin sözlərinə görə, Rusiya isə Ermənistanı daha da gücləndirməkdə maraqlıdır: “Azərbaycan siyasi hakimiyyəti isə təəssüflər olsun ki, bu vəziyyətdə xalqın yox, iqtidarın maraqlarından çıxış edir. Hakimiyyət bu məsələdə öz maraqlarından çıxış etdiyi üçün Rusiyanın antiAzərbaycan mövqeyini ört-basdır etməklə məşğuldur. Çünki Rusiya hakimiyyəti Azərbaycanın siyasi elitasının iqtidar maraqlarına tam cavab verir”.
Xəyal