“Niyə hökumətə elə gəlir ki, mitinqlərə yalnız AXCP üzvləri çıxacaq?”

kerimli-amerikaninsesi“Dostlar, niyə hökumətə elə gəlir ki, çörəyin, suyun, elektrikin qiyməti qalxsa da, manatın 3-cü devalvasiyası başlansa da, Konstitusiya ailə hakimiyyətinin möhkəmlənməsi naminə budansa da, mitinqlərə gəlib etiraz edən yalnız AXCP üzvləri, Milli Şura tərəfdarları olacaq?”.

Bunu AXCP sədri Əli Kərimli feysbuk səhifəsində partiyanın gənc fəalı Məsud Rzalının həbsinə münasibət bildirərək yazıb. AXCP sədri daha sonra qeyd edir:

“Rejim belə düşündüyü üçün biz mitinq hazırlığına başlayan kimi onlar da cəbhəçi həbslərinə başladı. AXCP fəalı Məsud Rzalını 30 sutka müddətinə həbs ediblər. Mitinqlər yaxınlaşdıqca, AXCP funksionerlərindən daha bir neçə nəfər də həbs oluna bilər. Sizcə, cəbhəçi həbsləri nəzərdə tutulan dinc mitinqlərin iştirakçılarının sayını azalda biləcək, yoxsa sosial məşəqqətlərin altında beli bükülən, ölkəmizdə monarxiya qurulmasından hiddətlənən, hər gün rastlaşdığı rüşvət, korrupsiya və haqsızlıqla barışmayan 100 minlər həbs olunan fəalların yerini doldurmağa hazır olacaqlar?”