Milli Şuranın sədri Cəmil Həsənli “Nardaran işi” məhkəməsində üzə çıxan faktlar barədə yazıb. Feysbuk səhifəsində paylaşdığı yazıda C.Həsənli qeyd edir:
“Nardaran işi” ilə bağlı dünənki məhkəmə prosesində səsləndirilən ifadələrdə heyrətamiz faktlar ortaya çıxdı. Təqsirləndirilən şəxslər öz ifadələrində bir daha qeyd etdilər ki, əməliyyat işçilərinin özləri tərəfindən tərəfindən güllələnmiş iki polis işçisinin ölümünü istintaq orqanları hadisə zamanı qətlə yetrilmiş iki dinc sakininin adına sənədləşdirib. Bu dinc sakinlər əməliyyat keçirilən zaman heç bir silah və sursatlarının olmadığı şahid ifadələrində öz təsdiqini tapan Sərvan Səfərov və Əkbər Babayevdir. Dünən ifadə verən Abbas Quliyev dedi ki, Sarvan Səfərovu əməliyyat işçisi güllələdi. Digər bir əməliyyat işçisi onu nə üçün güllələdiyin soruşduqda atəş açan şəxs “deyərsən polisə müqavimət göstərib” cavabın verib. Sual olunur, nə üçün polislərin ölümünü hazırda mühakimə olan təqsirləndirilən şəxslərin bir-ikisinin üzərinə deyil, məhz güllələnmiş Sarvanla Əkbərin üzərinə qoyublar? Çünki izi itirmək lazım idi. Ölmüş adamın nəyisə inkar etməsi, bu gün hacı Tale kimi, Abbas kimi, Zakir kimi daşdan keçən dəlillər ortaya qoymaq, öz günahsızlığını sübuta yetirmək imkanı yoxdur. Bununla istintaq iki məsələni birdən “sübuta” yetirmiş olub: birinci polisə müqavimət olması ittihamını “əsaslanırıb”, ikinci isə iki poilis işçisinin güllələnməsi ölmüş adamların üzərinə qoyulmaqla iz itirilib.
Yaxud, bu qətl hadisəsi niyə Fərahim Bünyatovun yox, məhz Sarvan və Əkbərin adına sənədləşdiriblər? Çünki Fərahim ataşma zamanı deyil, mebel maşınına atıldıqdan sonra avtomat qundağı ilə döyülərək öldürülüb. İki polisin güllələnməsi təsadüf olub, yoxsa əməliyyatın tərkib hissəsi? Məhkəmədə verilən ifadələrdən aydın olur ki, Nardadaranda silahlı müqavimət olduğu görüntüsü yaratmaq üçün iki polis əməkdaşının “qəhrəmancasına həlak olması” zərurəti yaranıb. İfadələrdə qeyd olunur ki, qarşıda əməliyyat işçiləri ola-ola arxadan ibadət edən insanlara tərəf səpmə atəşi açılıb.
Dünənki məhkəmə prosesində əslində hadisə baş verən həyətə təsadüfən gəlib çıxmış, həmin həyətdə ayrıca mənzildə yaşayan 80 yaşlı bibisinə şəkər və ürək dərmanı gətirmiş Abbas Quliyeviin ifadəsi isti yay havasında insanın qanını dondurur. O, sərbəst ifadəsində deyir: “Gündüz 12 radələrində hacıxanıma dərman aparmışdım. Mənə dedi ki, hava soyuqdur, otur, bir stəkan çay iç, gedərsən. Bibimin evində onunla çay içirdim, bayırdan atəş səsləri gəldi. Bibim qalan ev həyətdə ayrıdır. Bibim durub çölə çıxmaq istəyəndə, mən də arxasınca getdim ki, yaşlı qadındı, yıxılar. Qapıdan, hasardan ata-ata gedirdilər, fikirləşmirdilər ki, qabaqda həm də özlərininkidi. Elə qapıdan çıxmaq istəyəndə avtomatı tuşladılar mənə. Əllərimi qaldırdım. Yerə yıxıb əllərimi bağladılar, üç dənə də rezin güllə vurdular, aparıb atdılar mebel maşınına…”. Mebel maşınında Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılarkən saxlanılan şəxslərə verilən işgəncələrdən danışan Abbas Quliyev dedi ki, avtomatın qundağı ilə onun başını partladıblar: “Sonra da adını qoydular ki, guya, yıxılmışam, başım ona görə partlayıb. Maşında ayaqlarımın üstündə Fərahimin başına avtomatın arxası ilə o qədər vurdular ki, onu döyə-döyə öldürdülər. Hacı Talehin belini sındırmaq istəyirdilər”.
Yeri gəlmişkən, bu dəhşətli işgəncədən, avtomatın qundağı ilə başından zərbə aldıqdan sonra 21 yaşlı Abbas Quliyevin nitqində qüsurlar yaranıb. Daha sonra “bandotdel”də dəhşətli işgəncələrə məruz qaldığını deyən Abbas Quliyev iki dəfə orada intihara cəhd edib. “Ağlasığmaz işgəncələrə dözə bilmirdim. Ona görə iki dəfə özümü asmışam, kamerada yoldaşlar xilas eləyib. Qollarım doğram-doğramdı. Özümüzü stadiondakı kimi hiss eləyirdik, sanki topuq, kim haradan gəldi, təpiklə vurur, gedib dəyirdik divara. Döyürdülər, sonra sürüyə-sürüyə aparıb atırdılar kameraya… Beş aydan sonra mənim üstümə qoyublar ki, guya, tutulanda üstümdən qumbara və Hacı Talehin çağırışı olan kitabça çıxıb. Guya, qumbaranı da tapmışam. Nə oldu, pul tapmadım, qızıl tapmadım, qumbara tapdım? Mənim cibimdə telefon, bir də 7 manat pul olub, vəssalam”.
Yeri gəlmişkən, bu saxta ittihamları təsdiq etdirmək üçün istintaq orqanları ona təzyiq vasitəsi kimi Abbas Quliyevin bu məsələlərə heç bir aidiyyəti olmayan qardaşını da həbs ediblər. Baxın dostlar, cənab Əliyevin dünyaya bəyan etdiyi hüquqi dövlətin əsl mahiyyəti məhz bundan ibarətdir. Saxta ittihamlar, qurama suçlar, vətəndaşa süni yollarla günah düzəltmək üzərində qurulmuş “Nardaran şousu” bir daha təsdiq etdi ki, bu hakimiyyət öz siyasi maraqları naminə dinc insanları gülləyə tutmaqdan, terror və dövlət çevrilişi görüntüsü yaratmaq üçün ona xidmət edən polis əməkdaşlarını qurban verməkdən belə çəkinmir.