Hökumət bahalaşmanı etiraf etdi, amma…

nemet-eliyev1Araşdırmalar göstərir ki, inflyasiya minimum 40 faiz olub

Nemət Əliyev: «Hakimiyyətin inflyasiyanı aşağı göstərməkdə məqsədi bahalaşmanın səviyyəsini gizlətməkdir»

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 10,6% artıb. Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, ərzaq məhsullarının qiymətlərində 12,0%, qeyri-ərzaq məhsullarının qiymətlərində 15,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 4,7% bahalaşma olub.

Bu ilin iyul ayında iyuna nisbətən istehlak məhsulları və xidmətləri 0,3 %, o sıradan ərzaq məhsulları 1,6% ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 1,0% bahalaşıb.

Ay ərzində qarabaşaq, yulaf və arpa yarmasının, mal və toyuq ətinin, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, albalının, gilasın, əriyin, çiyələyin, göyərtinin, sarımsağın, soğanın qiymətlərində bahalaşma, makaron məmulatlarının, balıq məhsullarının, pasterizə olunmamış üzlü südün, yumurtanın, almanın, armudun, bananın, alçanın, gavalının, şaftalının, qarpızın, yemişin, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kələmin, yerkökünün, çuğundurun, kartofun, tütün məmulatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyri-ərzaq məhsullarında bahalaşma

Iyul ayında iyun ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, televizor və kompyuterlərin, telefon və fotoaparatların qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ödənişli xidmətlər də artıb

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən elektrik enerjisi təchizatı, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,5%, o sıradan ərzaq məhsullarının qiymətləri 11,9%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,5% artıb.

Iyunda may ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,5%, o sıradan ərzaq məhsullarının qiymətləri 1,3% ucuzlaşıb, qeyri-ərzaq məhsullarının qiymətləri 0,3% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Bəs, rəsmi rəqəmlər reallıqla nə dərəcədə uyğundur. Həqiqətənmi ölkədə inflyasiya rəsmi rəqəmlərdə göstərildiyi formada gedib?

Iqtisadçı Nemət Əliyev bildirdi ki, Statistika Komitəsinin açıqladığı rəqəmlərlə Azərbaycan reallığı arasında böyük uçurum var. N.Əliyevin sözlərinə görə, qiymətlərin səviyyəsi müəyyənləşdirilərkən ölkədə iki dağıdıcı devalvasiyanın olması nəzərə alınmalıdır: “Nəzərə alsaq ki, ölkədaxili bazarlarda məhsulların 70-80 faizi xaricdən idxal hesabınadır. O zaman orta hesabla ölkədə 10.5 faiz inflyasiyadan danışmaq ölkəni ələ salmaq anlamına gəlir. Açıqlanan rəqəmlər yanlışdır. Bu rəqəmlərin doğurduğu acı nəticələr ondan ibarətdir ki, hökumət daxilində aparılan hesablamalarda da insanlar yanlış nəticələrə gəliblər. Kimsə Statistika Komitəsinin rəqəmlərindən istifadə etməklə ölkəylə bağlı doğru nəticəyə gəlib çıxa bilməz. Bu məlumatlar heç bir işə yaramır. Komitə özünü gülünc vəziyyətə salır”.

N.Əliyevin fikrincə, hakimiyyətin inflyasiyanı aşağı göstərməkdə məqsədi bahalaşmanın səviyyəsini gizlətməkdir. Hakimiyyət bununla əhalinin vəziyyətinin pisləşməsini pərdələməyə çalışır: “Axı Azərbaycan əhalisinin əksəriyyətinin həyat səviyyəsinin nədən ibarət olduğunu bilməkdən ötrü Statistika Komitəsinin açıqladığı rəqəmlərə istinad etməyə ehtiyac yoxdur. Adamlar öz həyatlarında nəyin necə getdiyini bilir. Digər tərəfdən, bazardakı qiymətlərin necə olduğunu bilməkdən ötrü bahalaşma ilə bağlı açıqlanan cüzi rəsmi rəqəmlərə istinad etmək gərəkdir? Insanlar hər gün mağazalara girəndə bahalaşmanın səviyyəsini görürlər. Bu cür rəqəmlər nə Statistika Komitəsinə, də siyasi komandaya başucalığı gətirir”.

N.Əliyevin sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, inflyasiya minimum 40 faiz olub.

Xəyal