«Bu hakimiyyətin mahiyyəti, mənəviyyatı insanlığın inkarı üzərində qurulub»
“Nardaran işi” məhkəməsində istintaq və siyasi hakimiyyət növbəti dəfə ifşa edildi
Taleh Bağırzadə: «Bizim silahımız ağlımız, düşüncələrimizdi, güllələrimiz isə sərrast cümlələrimizdi…»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə və daha 16 nəfərin təqsirləndirildiyi “Nardaran işi” üzrə məhkəmə prosesi davam edir.Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki məhkəmə iclasında əvvəlcə Abbas Quliyev ifadə verib.
“Bibimlə çay içirdik, maskalılar hücum elədi”
Istintaqdakı ifadələri təsdiqləmədiyini deyən Abbas Quliyev bildirib ki, 26 noyabrda hadisə baş verən evə ev sahibinin anasına şəkər və ürək dərmanı aparmaq üçün gedib. Həmin qadın 21 yaşlı Abbas Quliyevin anasının bibisidir: “Gündüz 12 radələrində Hacı xanıma dərman aparmışdım. Mənə dedi ki, hava soyuqdur, otur, bir stəkan çay iç, gedərsən. Bibimin evində onunla çay içirdim, bayırdan atəş səsləri gəldi. Bibim qalan ev həyətdə ayrıdır. Bibim durub çölə çıxmaq istəyəndə, mən də arxasınca getdim ki, yaşlı qadındı, yıxılar. Qapıdan, hasardan ata-ata gedirdilər, fikirləşmirdilər ki, qabaqda həm də özlərininkidi. Elə qapıdan çıxmaq istəyəndə avtomatı tuşladılar mənə. Əllərimi qaldırdım. Yerə yıxıb əllərimi bağladılar, üç dənə də rezin güllə vurdular, aparıb atdılar mebel maşınına…”
Mebel maşınında Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılarkən saxlanılan şəxslərə verilən işgəncələrdən danışan Abbas Quliyev deyir ki, avtomatın qundağı ilə onun başını partladıblar: “Sonra da adını qoydular ki, guya, yıxılmışam, başım ona görə partlayıb. Maşında ayaqlarımın üstündə Fərahimin başına avtomatın arxası ilə o qədər vurdular ki, onu döyə-döyə öldürdülər. Hacı Talehin belini sındırmaq istəyirdilər”.
“Bandotdel”də iki dəfə özümü asdım”
Daha sonra “bandotdel”də dəhşətli işgəncələrə məruz qaldığını deyən Abbas Quliyev iki dəfə orada intihara cəhd edib: “Ağlasığmaz işgəncələrə dözə bilmirdim. Ona görə iki dəfə özümü asmışam, kamerada yoldaşlar xilas eləyib. Qollarım doğram-doğramdı. Özümüzü stadiondakı kimi hiss eləyirdik, sanki topuq, kim haradan gəldi, təpiklə vurur, gedib dəyirdik divara. Döyürdülər, sonra sürüyə-sürüyə aparıb atırdılar kameraya. Birinci gələn müstəntiq dedi ki, bu adam günahsızdı, onu yükləmək istəmirəm, mənim də balalarım var. Ondan sonra işi alıb Ismayıl Əliyevə verdilər. Ittihamnaməni oxuyanda gördüm ki, orada yazılanların heç birinin mənə aidiyyəti yoxdur. Cırıb atdım. Mənə deyirlər ki, dövlət çevrilişi eləmisən. Mənim 21 yaşım var, mən hələ dövlət qurmamışam ki, onu çevirim də…”
Istintaq zamanı ondan Taleh Bağırzadə və Abbas Hüseynovun onlara silah paylaması barədə ifadə tələb olunduğunu deyən Abbas Quliyev ona işgəncə verən adamlardan Kərim, Islam və Şahlar Cəfərovun adlarını çəkib: “Beş aydan sonra mənim üstümə qoyublar ki, guya, tutulanda üstümdən qumbara və Hacı Talehin çağırışı olan kitabça çıxıb. Guya, qumbaranı da tapmışam. Nə oldu, pul tapmadım, qızıl tapmadım, qumbara tapdım? Mənim cibimdə telefon, bir də 7 manat pul olub, vəssalam”.
Abbas Quliyev onu da əlavə edib ki, əgər işinə ədalətli baxılmasa, intihar edəcək: “Ölümümə görə məsuliyyət bu işə düzgün baxmayan prokurorların, müstəntiqlərin üzərində qalacaq”.
Təqsirləndirilən Ibrahim Xudaverdiyev ifadəsində göstərib ki, qara maskalılar adamlar namaz üstündə olarkən evə hücum ediblər: “Atəş səslərinə bayıra çıxmaq istəyəndə tutdular məni, aparıb atdılar mebel maşınına. Maşının içində sifətimdən təpiklə elə vurdular ki, üzümün sağ hissəsini indi də hiss eləmirəm. O təpik mənim başıma dəysəydi, öləcəkdim”.
“Nardaranlıların vətənə xəyanət etdiyini deməyin özü vətənə xəyanətdir”
Ibrahim Xudaverdiyev deyir ki, onun üzərindən silah, kitabça tapıldığı barədə ittihamda yazılanlar yalandır: “Hardaranın balaca kənd olmasına baxmayaraq, müstəqilliyimizdə böyük payı var. Nardaran camaatının vətənə xəyanət etdiyini deməyin özü vətənə xəyanətdir. Mənim qulaqlarım yaxşı eşitmir, evdəkilər təklif eləyirdilər ki, gedim, Iranda müalicə elətdirim. Getmirdim, bilirsiz niyə? Çünki Iran 1992-ci ildə Ermənistana yardım eləyib…
Vətəni sevmək imandandı. Bunlar vətəni sevirlərsə, bəs niyə Allahdan qorxmurlar, günahsız insanlara işgəncə verirlər, zindana salırlar? Hacı Talehi tutublar, sonra məscidləri bağlayıblar. Sizə Hacı Taleh lazımdısa, məscidlərdən əl çəkin, məscidlər lazımdısa, onda Hacı Talehdən əl çəkin…”
Ibrahim Xudaverdiyev onu da qeyd edib ki, hadisə baş verən gün Əbülfəz Bünyadovun evinə oğlunun arxasınca getmişdi: “Elə oldu ki, namaz vaxtına düşdü, ona görə dayandım”.
Xudaverdiyev əlavə edib ki, ona “bandotdel”də işgəncə verməyiblər: “Insafən deməliyəm ki, yemək, siqaret də verirdilər…”
“Bu, mənə qarşı siyasi repressiya aktıdır”
Daha sonra Fuad Qəhrəmanlı ifadə verib. Onun ifadəsi daha çox ölkədəki siyasi hakimiyyətin tənqidinə həsr olunub: “Biz hazırda Azərbaycan tarixinin ən vacib səhifələrindən birinə şahidlik edirik. Başa düşürük ki, bu, formal məhkəmə prosesidir, amma xalqın faciəsini göstərmək baxımından çox vacibdir. Bir sülalənin hakimiyyətdə qalmasını təmin etmək üçün günahsız insanlar işgəncəyə məruz qalır, həbsə atılır. Bu gün dəmir barmaqlıqlar arasında olmalı adamlar hakimiyyətdə təmsil olunanlardır. Amma onlar cəmiyyətdə qorxu yaratmaqdan ötrü buradakıları həbsxanaya salıblar.
Mənə qarşı ittihamlar siyasi repressiya aktıdır və hakimiyyətin öz rəqiblərini zorla susdurmaq istəyinə xidmət edir. Bu iş hüquqa heç bir aidiyyəti olmayan siyasi xarakterli aksiyadır.
“Vampirlər qanla qidalandığı kimi, bu hakimiyyətin də mövcudluğu qorxuya bağlıdır”
Taleh Bağırzadə bildirdi ki, ondan Milli Şuranın, Cəmil Həsənlinin, Əli Kərimlinin əleyhinə ifadə almaq üçün ona üç gün ərzində ağlasığmaz işgəncələr verilib. Məqsəd də o olub ki, bu adamları hakimiyyət tərəfindən təşkil edilmiş qanlı aksiya ilə əlaqələndirsinlər. Bu alınmayandan sonra məni həbs elədilər ki, partiyanı Nardaran hadisələrilə əlaqələndirsinlər. Hacı Taleh o ifadəni versəydi, bu gün dəmir barmaqlıqlar arxasında Cəmil Həsənli və Əli Kərimli də vardı. Onlar necə günahsızdırsa, burada əyləşən adamlar da eləcə günahsızdır. Adamlara qarşı Stalin dövrünü xatırladan cəza metodlarından istifadə etməklə hakimiyyətdə qalmağa çalışırlar. Görürlər ki, cəmiyyətdə narazılıq artır, başlarını itirirlər. Milli Şura ilə siyasi baxımdan bacara bilmədiklərinə görə bu üsullara əl atırlar. Amma cızdıqları ssenari alınmadı. Məni də ona görə azadlığa buraxa bilmirlər ki, beləcə, özlərini ifşa eləyərlər.
Mən sosial şəbəkədə fəal adamlardan biriyəm, Ilham Əliyev hakimiyyətini tənqid edirəm. Mənim məhz “facebook” yazılarıma görə həbs olunmağım həm də “facebook”da hakimiyyəti tənqid edənlərə mesac verməkdir ki, baxın, necə olur. Vampirlər qanla qidalandığı kimi, bu hakimiyyətin də mövcudluğu qorxuya bağlıdır. Adamları qorxu altında saxlamaq üçün davamlı repressiyalar həyata keçirirlər. Amma yenə istədiklərinə nail ola bilmirlər. Burada ömürlük həbs təhlükəsi altında yatan adamlar dəmir barmaqlıqlar arxasından da bu hakimiyyətə meydan oxuyur.
Bütün avtoritar rejimlər sonları yaxınlaşanda repressiyaları daha da gücləndirirlər. Amma bu rejimlər daha çox zorakılığa getdikcə onlara nifrət də artır.
Cəmiyyət media, sosial şəkəbələr vasiləsilə bu məhkəmə prosesini izləyir, səfirliklər prosesi diqqətdə saxlayırlar. Insanlara elə işgəncələr veriblər ki, biz onları fazişm dövrü barədə tarix kitablarından oxumuşuq, kinolarda görmüşük. Çünki bunların mahiyyəti, mənəviyyatı insanlığın inkarı üzərində qurulub.
“Bu yolla haqsızlığa etiraz edən dindarları ləkələmək istəyirlər”
Azərbaycan hakimiyyəti dindar kəsimlə bağlı uzun müddət elə siyasət aparıb ki, onlar ölkədə baş verən zümlərə, korrupsiyaya, hüquqsuzluğa biganə qalsın. Hacı Talehin meydana çıxması ilə həmin siyasət darmadağın oldu. Allah müsəlmanlara buyurub ki, ətrafınızda baş verən haqsızlığa, zülmə biganə qalmayın. Hazırda ölkədə haqla-haqsızlığın, əxlaqla-əxlaqsızlığın, haramla halalın davası gedir. Buna biganə qalmaq riyakarlıqdır. Gerçək müsəlmansansa, bu zülmlərə etiraz eləməlisən. Hakimiyyət Hacı Talehin timsalında yeni etirazçı elektoratın yaranmasından təşvişə düşdü. Nardaran hadisələrindən sonra telekanallarda kampaniya aparılırdı ki, Iranın agentləri ifşa olundu. Əvvəla, Iranın, Rusiyanın agentləri hakimiyyətdə təmsil olunurlar. Ikincisi, hakimiyyət bu yolla haqsızlığa biganə qalmayan dindarları ləkələmək məqsədi güdür.
“Hər dəfə seçkini saxtalaşdırıb hakimiyyəti qəsb edirlər”
Ölkədə iqtisadi böhranın dərinləşdiyi, işsizliyin, korrupsiyanın artdığı bir vaxtda cəmiyyətdə narazı insanların sayı da artır. Belə bir vaxtda hakimiyyət hüququ cəza mexanizminə çevirir. Bu məhkəmə prosesi ortaya qoydu ki, bunlar hakimiyyət maraqları üçün nəinki Stalin reciminin qaydalarına uyğun davranış sərgiləyir, hətta öz polislərini də öldürməyə hazırdılar. Hansı avtoritar rejim zorakılığa, repressiyaya əl atmayıb? Amma son nəticədə yenə də süquta uğrayıb. Avtoritar rejimlərə xarakterik xüsusiyyətdir ki, sonlarına yaxın daha da aqressiv olurlar. Bununla da özlərinə qarşı daha böyük nifrət yaradırlar. Azərbaycanda inqilabi dəyişikliyi müxalifətdən daha çox hakimiyyətin özündəkilər hazırlayır – qiymət artımından tutmuş, repressiyalara qədər adamlara zülm eləyib, onların nifrətini qazanmaqla. Hakimiyyət biznesmenlərə, dindarlara qarşı elədikləri, təhsil sahəsindəki addımları ilə cəmiyyətin bütün bütün təbəqələrində nifrət yaradır. Proseslər o qənaəti yaradır ki, hər bir azərbaycanlı bu kriminal rejimin qurbanı ola bilər.
Azərbaycanda demokratik dəyişikliyin yolu birgə mübarizədən keçir. Bu gün Azərbaycanda hakimiyyət faktiki qəsb olunub. Hər dəfə seçkilər saxtalaşdırıldıqca hakimiyyətdə kriminal şəbəkə tərəindən qəsb edilir. Dövlət çevrilişi, hakimiyyəti ələ keçirmək budur.
“Bu ölkədə tikinti, ət bazarı kimi hüquq bazarı da yaradıblar”
Bizim üçün dövlət anlayışı müqəddəsdir. Bizlər şəxsi mənafeyimiz üçün mübarizə aparmırıq. Biz dövlət üçün azadlığımızı qurban veririk. Bu dövlətdən sərvət qazanmaq vasitəsi kimi istifadə edənlərə qarşı mübarizə aparırıq. Sonda mütləq qələbə qazanacağıq. Zaman nisbi anlayışdı. Əsas budur ki, bizim ideyalarımız insanlığa xidmət edir.
Mənə qarşı ittihamlara gəlincə, mənim hakimiyyətin zorla ələ keçirilməsinə çağırış etməyim barədə bircə sübut da yoxdur. Yazdığım statuslarda bircə cümlə göstərsinlər ki, mən harada dövlət orqanlarının fəaliyyətinin pozulmasına çağırış etmişəm? Dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə bircə kəlmə də yoxdur. Dövlətin konstitusion quruluşu 26 sentyabrda keçiriləcək referendumla zorla dəyişiləcək. Konstitusiyalı monarxiyaya keçirlər.
Dövlətin ərazilərinin dəyişdirilməsi barədə ittiham da mənlik deyil. Bu işlərlə özləri məşğul olurlar. 20 ildir Azərbaycan xalqını Qarabağ məsələsilə bağlı aldadırlar.
Bu ölkədə tikinti, ət bazarı kimi, hüquq bazarı da yaradıblar. Sifariş verib, hüquqla istədikləri kimi davranırlar. Müstəntiq mənə dedi ki, əgər bu tutulan adamlarla bircə telefon zəngi tapılsaydı, eyni maddələr sənə də veriləcəkdi. Bu bədbəxtlər çıxış yolunu nədə tapıblar? Ittihamda yazıblar ki, guya, mən yazılarımda adamları “Imam Hüseyn kimi şəhid olmağa” çağırmışam. Işin içində mənim “facebook”da yazdığım 10 status var. Heç birində də bu cümlə yoxdur. Varsa, qoysunlar ortaya.
“Bu hakimiyyət Azərbaycan üçün monqol-tatar hücumundan da dəhşətli bəladır”
Bu hakimiyyət üçün insanların öz hüquqlarını tələb etməsi cinayət sayılır. Məni insanları dinc etiraz aksiyalarına çağırdığıma, Nardaran hadisələrini “hakimiyyətin ssenarisi” adlandırdığıma görə ittiham edirlər. Yəni birmənalı şəkildə fikirlərimə, düşüncələrimə görə. Indi heç Mozambikdə bu cür absurd baş vermir. Mən həbs olunacağımı bilirdim. Gözləyirdim ki, evimə silahdan-zaddan atıb həbs eləyəcəklər. Daha gözləmirdim ki, “facebook” statuslarıma görə ittiham edib tutarlar. Bu hakimiyyət Azərbaycan üçün monqol-tatar hücumundan da dəhşətli bəladır. Baxın, bu gün dünya hansı dəyərlərlə yaşayır, bunlar isə Stalin dövrünün ənənələrini davam etdirirlər. Bunlar insanları düşüncəsinə görə ittiham edəcək qədər aşağı varlıqlardır. Görün, Azərbaycanda hüququ hansı səviyyəyə çatdırdılar. Dövlət o zaman sarsılır ki, ədalətə inam itir. Həbsxanada məhkəmələrlə bağlı bazarlıq söhbətləri gedir. Vətəndaşlar hər şeyi alqı-satqı predmeti kimi görürlər. Bu, dövləti piştaxta üzərinə qoymaqdır. Bu dövləti qurmaq üçün insanlar qanlarını töküblər ki, indi 5-6 nəfər gəlib ölkənin sərvətlərini talamaq üçün istədiklərini eləsin?!
Hər məhkəmə prosesi hüququn, femidanın zorlanma prosesidir. Hazırda bu ölkə korrupsiyaya, insan haqlarının pozulmasına görə dünyada liderlər arasındadır. Iranla, Gürcüstanla sərhəddə əlində ərzaq zənbilləri olan yaşlı qadınları görəndə adamın ürəyi ağrıyır. Budurmu bunların bizə sırımağa çalışdığı inkişaf nağılları? Bu dövlət bizimdir, bu vəziyyəti dəyişməsək, bu korrupsionerlər istədiklərini eləməkdə davam edəcək. Dəyərlərimizə sahib çıxmalıyıq.
Mütəşəkkil cinayətkarlıq hakimiyyətdə baş verir. Cəmiyyətə təhlükə də onlardan gəlir. Istədikləri insanları həbs etdirirlər, istədiklərinə işgəncə verdirirlər, insanların arzularını boğurlar”.
“Bu insanın qondarma ittihamla həbsi insanların dini inanclarına təcavüzdür”
Dindirmə zamanı dövlət ittihamçısı F.Qəhrəmanlıdan Taleh Bağırzadəni haradan tanıdığını, onu müdafiə etməsinin səbəbini və həbsindən sonra “facebook”da yazdığı “Taleh Bağırzadəni tək buraxmayın” cümləsinin mahiyyətini soruşub. F.Qəhrəmanlı bildirib ki, Taleh Bağırzadə ilə şəxsi tanışlığı olmayıb: “Taleh Bağırzadəni qiyabi tanımışam, digərlərini isə məhkəmədən tanımışam. Nardaran hadisələrini təhlil eləyəndə orada baş verənlərin haqsızlıq olduğu qənaətinə gəldim və fikirlərimi yazdım. Bu gün burada üzə çıxan faktlar da haqlı olduğumu sübut edir. Adamların boynuna etmədiyi cinayətləri qoymaq, bu cür hadisələri təşkil etmək hüquqa, əxlaqa sığmır. Taleh Bağırzadə ölkədəki hüquqsuzluğa, korrupsiyaya, məmur özbaşınalığına biganə qalmadığına görə ona dəyərli din xadimi kimi hörmət eləyirdim. Əsl din xadiminin vəzifəsi hakimiyyətə yarınmaq, gəlir əldə etmək üçün din adından istifadə etmək deyil. Taleh Bağırzadə də son dövrlərdə yetişmiş gerçək din xadimi, ictimai dəstəyə layiq insandır. Bu insanı qondarma ittihamla həbs eləmək insanların dini inanclarına təcavüzdür. Bu adam dünyəvi dövlət quruculuğu, demokratik dəyərlər aşılayır. Bu adamı polisə çağırıb döyürlər, oradan çıxandan sonra da deyir ki, hər hansı qeyri-qanuni hərəkətə yol vermək olmaz. ”Taleh Bağırzadəni tək buraxmayın” deyəndə də saxta ittihamın məntiqinə uyğun onun ətrafında silahlı birləşmə yaratmağı-filan nəzərdə tutmamışam. Söhbət, hüquqi, mənəvi, siyasi baxımdan müdafiədən gedir. Hüquqa zidd olmayan bütün formalarda müdafiədən gedir. Ədalət universal anlayışdır. Kimin hüququ pozulubsa, gücüm çatdığı qədər onu müdafiə etmişəm”.
Fuad Qəhrəmanlının həbsində Eldar Sultanovun rolu
F.Qəhrəmanlı vəkilinin suallarını cavablandırarkən məlum olub ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri onun “facebook” statuslarına görə cinayət məsuliyyətinə cəlb olunması üçün prokurorluğa məktubla müraciət edib: “Bundan sonra o, həbs edilib: ”Mənə qarşı ittihamlar siyasi repressiya aktıdır və hakimiyyətin öz rəqiblərini zorla susdurmaq istəyinə xidmət edir. Mənim həbsim sifariş verilmişdi. Sadəcə, görünür, əsas yaratmaq üçün bu yoldan istifadə ediblər”.
F.Qəhrəmanlı onu da qeyd edib ki, “facebook”da statuslarını bəyənən adamları çağırıb hədə-qorxu ilə onun əleyhinə ifadə alıblar.
“Bu anaların göz yaşları tezliklə qənim olacaq…”
F.Qəhrəmanlının dindirməsi başa çatından sonra Taleh Bağırzadə onunla tanışlığı barədə arayış verib: “Mübariz Qurbanlı belə bir ”müdrik” fikir demişdi ki, “peyğəmbərlər sağ olsaydı, yaşamaq üçün Azərbaycana gələrdi”. Şübhəsiz, Azərbaycana gələrdilər, amma yaşamaq üçün yox, zülmə qarşı mübarizə aparmaq üçün. Siz də onları mütəşəkkil dəstə adıyla tutub Qobustan həbsxanasına göndərərdiz.
Bu gün ortada zülm var. Zülm eləyənlər Yezid xislətidirsə, biz Imam Hüseyn xislətiyik. Siz zülm eləyəcəksizsə, qarşınızda hüseynçiləri görəcəksiniz. Mən Fuad Qəhrəmanlını qiyabi tanıyırdım, lakin dəyərli yazar kimi xanımı Zümrüd Yağmurun yazılarını oxuyurdum. Həbsdən çıxandan sonra ailəvi onlarla tanış olmaq istəyirdim. Yaxşı ki, getməmişik, Allah bilir, nələr düzüb-qoşardılar. Mən bu ailə ilə fəxr edirəm.
“Bandotdel”də üç gün mənə ağlasığmaz işgəncə verəndə o qədər Əli Kərimlinin, Cəmil Həsənlinin adını çəkdilər ki, Fuad Qəhrəmanlı həbs olunandan sonra fikirləşdim ki, indi də onu gətirib işgəncə verib bu adamların əleyhinə ifadə almaq istəyəcəklər.
Orada məndən silah-sursat soruşmurdular, dedikləri o idi ki, siz dindarların hakimiyyətlə nə işi var? Ancaq dilimi göstərirdilər ki, yəni, dilinə görə buradasan. Mənim xarici kəşfiyyatla əlaqəm olsaydı, qoyardılar faktları, səsim çıxmazdı.
Bizim silahımız ağlımız, düşüncələrimizdi, güllələrimiz isə sərrast cümlələrimizdi.
Bu anaların göz yaşları tezliklə qənim olacaq…”
“Elə bil camaatın qəsdinə durmuşdular”
Daha sonra Abbas Tağızadə və Cahad Babakişiyev ifadə verib. Onlar da qara maskalıların silahlı hücumundan, saxlanıldıqdan sonra işgəncələrə məruz qalmalarından danışıblar.
“Cəllad kimi hücum elədilər, elə bil camaatın qəsdinə durmuşdular”, – deyə Abbas Tağızadə bildirib.
O həmçinin dövlət tərəfindən təyin olunmuş vəkilin fəaliyyətsizliyindən şikayətlənib: “Vəkil elə bil lal idi…”
Məhkəmə prosesi avqustun 17-də davam edəcək.
***
Bugünkü prosesdən sonra onun iştirakçısı olmuş AXCP sədri Əli Kərimli öz təəssüratını feysbuk səhifəsində paylaşıb. Ə.Kərimli yazıb:
Təəssüf edirəm ki, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və “Nardaran işi”ndə adı keçən digər 16 nəfərin məhkəməsini çox adam izləyə bilmir. Bugünkü proses də iştirakçılara emosiya seli yaşatdı. Əvvəlcə həbs olunmuş şəxslər onlara verilən ağır, qeyri-insani işgəncələrdən, absurd ittihamlardan danışdı. Bu ifadələri dinlədikcə ölkəni kimlərin idarə etdiyini daha yaxşı dərk etmək olur. Sonra Fuad bəy ifadə verdi. Amma “ifadə verdi” demək çox yanlışdır, rejimi ittiham etdi. Ona qarşı irəli sürülən saxta ittihamları darmadağın etdi. Rejimin də daşını daş üstə qoymadı. Fuad bəyin çıxışı alqışlarla qarşlandı. Etiraf edim ki, Fuad bəylə fəxr etdim. O, dəmir barmaqlıqlar arasında da çox azaddır. Mitinq meydanlarında hansı cəsarətlə, əzmkarlıqla, özgüvənlə danışıbsa, dəmir barmaqlıqlar arasında da elə danışır. Bu adamlar cəmiyyətin daha ciddi dəstəyinə layiqdir.