Taleh Bağırzadə Əli Həsənovu ittiham etdi
Həbs olunanlardan bir neçəsi hələ də bədənində güllə gəzdirir; polislər həkimləri gülləni çıxarmağa qoymayıb
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin işi üzrə məhkəmə prosesi dünən Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilib. Bu işdə dövlət ittihamını müdafiə edən iki prokurordan biri – Elçin Məmmədov məzuniyyətə getdiyindən, onu Ramin Nağdəliyev əvəzləyib. Bundan sonra bir sıra təqsirləndirilən şəxslər, o cümlədən Abbas Tağızadə, Cabbar Cabbarov, Cahad Babakişizadə dövlət hesabına onlara təyin olunmuş vəkillərin xidmətindən imtina ediblər. Bildiriblər ki, özləri istədikləri vəkillə ailə üzvləri müqavilə bağlayacaqlar.
“Əli Həsənovun sifarişi ilə televiziyada kampaniya aparılır”
Daha sonra Tale Bağırzadə məhkəmədə səsləndirdikləri fikirlərə görə telekanallarda onların barəsində yayımlanan materiallar, o cümlədən terrorçu kimi təqdim olunmalarına etirazını bildirib. Məhkəmədən bu qanunsuzluqların qarşısının alınması üçün müvafiq tədbir görülməsini istəyib: “Başa düşürəm ki, bizimlə bağlı hər şey sifarişlə həyata keçirilir. Əli Həsənovun sifarişi ilə bütün həftə ərzində televiziya məkanında Nardaran hadisələri vaxtı olduğu kimi, bizə qarşı şər-böhtan kampaniyası aparıldı. Heç bir məhkəmə hökmü olmadan bizi ”terrorçu” elan edirlər. Cənab hakim, belədirsə, siz yerinizi verin Əli Həsənova, gəlib burada bizi mühakimə eləsin. Hamı bilir ki, televiziya məkanına sifarişi o verir. Hamı bilir ki, bu məhkəmə deyil, nə sifariş veriləcəksə, o da olacaq. Yuxarıdan yazıb göndərəcəklər ki, Taleh Bağırova ömürlük, filankəsə ömürlük, filankəsə 20 il…
“Xaricdə təhsil aldığım dövrün səhifələri ağappaqdır”
Məni xarici qüvvələrlə əlaqələndirmək istədilər, alınmadı. Mən beş il Iranda, bir il Iraqda oxumuşam, amma xaricdə təhsil aldığım dövrlə bağlı səhifələr o qədər ağappaqdır ki, istər DTX, istərsə də başqa qurum nə qədər araşdırma aparsa, heç nə tapa bilməz. Əgər mənim kimdənsə, 1 manat aldığımı sübut eləsələr, hər şeyi boynuma götürməyə hazıram. And olsun o üç körpə balamın canına ki, nə Iranla, nə Turanla heç bir əlaqəm yoxdur. Bu nə cəfəngiyyatdır? Özlərinin Iranla gözəl əlaqələri var, məni ittiham edirlər.
Nardaran hadisələrində Əli Həsənov və digərlərinin barmaq izləri görünür. Artıq bacarmırlar, çünki bütün beynəlxalq təşkilatlar, yerli ictimaiyyət – hamı gördü ki, bizim günahımız yoxdur. Ona görə də hakimiyyət başını itirib.
Xahiş edirəm, məhkəmə bizə qarşı bu cür qanunsuzluqların qarşısının alınması barədə göstəriş versin.
Bizi 8-9 aydır terrorçu kimi təqdim edirlər. Biz bu hakimiyyətdən çəkinmirik. Özləri illərdir xalqa zülm eləyirlər, xalqın səsini oğurlayıb, hakimiyyətdə oturublar. Bu zülmün sonu olacaq”.
“Məhkəmənin KİV-ə göstəriş vermək səlahiyyəti yoxdur”
Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov bildirib ki, məhkəmənin KIV-ə göstəriş vermək səlahiyyəti yoxdur: “Açıq məhkəmə prosesi gedir. Məsələn, biz hesab edirik ki, məhkəməni nöqtə-vergülünə qədər vermək düzgün deyil. Amma məhkəmə KIV-ə nəzarət edən orqan deyil. Kim bu işi görməlidirsə, onlara müraciət edin. Burada bir çıxış yolu var – məhkəməni qapalı keçirmək. Amma bunun üçün lazım olan əsasların heç biri yoxdur. Lakin siz istəsəniz, vəsatət qaldırarsız, bu məsələyə baxıla bilər”.
O vaxt Kərbəla müsibəti, indi də Nardaran müsibəti…
Bundan sonra təqsirləndirilən şəxslərdən Etibar Ismayılov ifadə verib. Bildirib ki, 26 noyabrda hadisə baş verən evə Imam ehsanına getmişdi: “O vaxt Kərbəla müsibəti olmuşdu, indi Nardaran müsibəti oldu. Yezidin davamçıları bizə hücum elədilər, Məhərrəm ayında qan tökdülər. Bizim heç birimizdə silah olmayıb. Bunu prokuror, müstəntiq yaxşı bilir. Silah səsləri eşitdim, evin qapısından çıxanda məni tutub mətbəxə atdılar, döyə-döyə əl-qolumu bağladılar, sonra da tulladılar mebel maşınının içinə, orada döyməyə başladılar. ”Döyülmək” yüngül sözdü. Avtomatın qundağı ilə elə vururdular ki, elə bil düşmənik. Fərahim qardaşımızı maşında döyə-döyə öldürdülər. Əli arxamda idi, mənim üstümə çıxıb təpiklə onun ağzına elə vurdular ki, dodağı partdı. Maşında dedilər ki, iki polis yaralanıb, onlar ölsə, görün sizi neyləyəcəyik. Dedik ki, özünüz eləmisiz də…
“Bandit bizi tutub bura salan, o zülmü verənlərdir”
Bizi “bandotdel”ə apardılar, 30 nəfər də gülməşəkər orada gözləyirdi. Çatan kimi, orada həyətdə çiləmə əməliyyatı getdi. Əvvəlcə burnumu əzmişdilər, sonra gözümün altını, həyətdə də dişlərimi tökdülər. Maşından aşağı elə atırdılar ki, elə bil kartof kisələridi. Sonra bizi həyətdə üzü divara yığdılar, “dubinka”, təpiklə döyməyə başladılar. Şalvar-köynəyimiz, hətta ayaqqabımız da qan içində idi. Deyirlər ki, üstümüzdə qumbara olub. Əgər bizim terror eləmək fikrimiz vardısa, üstümüzdə qumbara olubsa, niyə atmamışıq? Deyirlər ki, orada F-1 qumbarası partlayıb, qəlpələri iki nəfərə dəyib. Mən Qarabağ döyüşlərində iştirak etmişəm. Əgər F-1 qumbarası partlasaydı, o, 200 metrə qədər yayılır. Evdə ehsana görə kartof-soğan kisəsi olub, bəlkə onu silahla səhv salıblar? Biz hamımız təzyiq altında sənədləri imzalamışıq. Gözlərim zəif görür, veriblər ki, imzala. Guya, üstümdən qumbara çıxıb, kitabça olub. Mən heç kimtabçanın üzünü görməmişəm. Bandit bizi tutub bura salan, o zülmü verənlərdir. Gəlib burada cavab versinlər”.
E.Ismayılov deyir ki, ona ifadəyə qol çəkdirərkən yanında vəkil olmayıb: “Məhkəməyə sanksiya almaq üçün aparanda bizi bəy kimi bəzədilər. Mən noyabrın 26-dan dekabrın axırına qədər ”bandotdel”də saxladılar”.
E.Ismayılov onu da qeyd edib ki, Taleh Bağırovu hicaba qadağa ilə əlaqədar Təhsil Nazirliyinin qarşısında keçirilən aksiyadan tanıyıb: “O, qədəmini qoyduğu yerə başımı qoyaram”.
“İşgəncə ilə alınan ifadələr sübut sayıla bilməz”
Bundan sonra vəkil Nemət Kərimli bildirib ki, təqsirləndirilən şəxsdən qanunsuz yolla alınmış ifadə sübut sayıla bilməz və cinayət işinə xitam verilməsi üçün əsasdır. Vəkil E.Ismayılovdan ifadənin işgəncə yolu ilə alındığını əsas gətirərək, onun etibarsız sayılması və sübutlar siyahısından xaric edilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatətin baxılmamış saxlanılmasına qərar verib. Hakim bildirib ki, bu, sonda məhkəmənin müşavirə otağında qiymət verəcəyi məsələdir.
Vəkil məhkəməyə dustaqla “voronok”da gedib…
Digər təqsirləndirilən Bəhruz Əsgərov da ifadəsində bildirib ki, polislər namaz vaxtı silahlı hücum ediblər. Özü də hadisə zamanı ayağından güllə yarası alıb: “Bir hissə darvazadan hücum elədi, bir hissəsi də hasarlardan. Ata-ata hücum elədilər. Əsasən, hasardakılar atırdı. Qabaqdakılar qışqırdı ki, ”gülləni səpələməyin, özümüzünkülərə dəyir”. Mənə də güllə dəydi. Amma məni də tutub yerə uzatmışdılar, həmin vaxt Hacı Əbülfəzi (evin sahibi) gördüm, bir də Sarvanı (hadisə nəticəsində ölənlərdən biri). Qadınlar da əllərində Quran, ağlaya-ağlaya çıxdılar bunların qabağına. Qadınları itələyəndə Sarvan qışqırdı ki, bu nə qeyrətsizlikdi siz eləyirsiz? Sarvan qabağa gedəndə onu vurdular. And olsun Allaha, Sarvanın əlində heç nə yox idi. Az sonra qışqırdılar ki, “Əməliyyat qurtardı, yığışın!” Həmin vaxt ayağımdan qan axırdı. Sarvanın da vəziyyəti ağır idi. Onlar çıxıb gedəndən sonra bizi Fərhad Balayev əvvəlcə kənddəki tibb məntəqəsinə, oradan da təcili yardımla Sabunçu xəstəxanasına apardılar. Xəstəxananın həyətində bildim ki, Sarvan ölüb. Məni əməliyyata saldılar, bir də ayıldım ki, llərim qandallıdır, çarpayıya bağlayıblar. 9 gün reanimasiyada qaldım, başımızın üstündəki polislər insan mənəviyyatına sığmayan söyüşlər söyürdülər. Xəstəxanada müstəntiq məni aldatdı ki, “sənlik bir şey yoxdur, səni buraxacaqlar, əsas Taleh idi, onu da tutublar, sən sadəcə, bura qol çək, bir neçə günə çıxıb gedirsən”. Mən də inandım. Əgər mən cinayətkar olsaydım, heç xəstəxanaya getməzdim, qaçardım. Məni sanksiya üçün məhkəməyə aparanda vəkil mənimlə “voronok”da gedirdi, o, mənə izah elədi ki, üzərimə nə ittihamlar qoyublar”.
B.Əsgərov da ittihamların yalan olduğunu deyir: “Allaha and olsun, hamısı şər-böhtandı. Orada heç kimin əlində qumbara-filan olmayıb. Mənə yazdırsaq istəyirdilər ki, onlarla məxfi əməkdaşlıq edəcəyəm, bunun üçün mənə olmazın işgəncələrini verdilər. Iki ay ayağım gipsdə qaldı, adi ağrıkəsici vermirdilər, baxmırdılar. Yeyib-içmirdim, çünki təbii ehtiyaclarımı özüm ödəyə bilmirdim. Indi də ayağımda güllə qalıb, mənə ağrı verir. Bu isti havalarda da ayağım üşüyür.
Ikinci dəfə həbs müddətinin uzadılması üçün məni məhkəməyə aparanda mənə zülm eləmiş polislərdən biri orada gördü, dedi ki, “bağışla, qarğış eləmə mənə”. Dedim ki, onsuz da səni Allah cəzalandıracaq, amma mənim istədiyim odur ki, Allah səni hidayət eləsin, sənin ailənin-uşağının nə günahı var ki, sənə görə əziyyət çəksin?”
“Əl barmaqlarımın üstünə stulun ayağını qoyub otururdular”
Təqsirləndirilən şəxslərdən Balayev Fərhad da dindirilib. O, yaralıları xəstəxanaya aparıb və orada tutulub: “Gözlərini yumub hara gəldi atırdılar. Əkbəri vuranda gördüm. Ev sahibi Əbülfəz Bünyadovu güllə ilə vurub yıxdılar, sonra başladılar təpikləməyə. Biz tərəfdən heç kimin əlində silah, qumbara olmayıb. Sarvan qohumumdu, yolda qan itirmədən öldü, xəstəxanada onu meyitxanaya təhvil verdim, Bəhruzu da cərrahiyyə otağına saldılar. Elə meyitxananın yanında gəlib əlimi qandalladılar, kənardakı dəmirə bağladılar”.
26 noyabrda hadisə baş verən evə ilk dəfə getdiyini və məqsədinin də ehsan süfrəsində iştirak olduğunu deyən Fərhad Balayevin sözlərinə görə, uzun müddət yaxınları onun sağ olub-olmadığını bilməyiblər. O da işgəncələrə məruz qaldığını bildirib: “Bandotdel”də 5-ci mərtəbədə meyitimi sərəndən sonra ifadə alıblar məndən. Olmayan şeyləri boynuma almağım üçün işgəncə verirdilər. Məni uzadıb, əl barmaqlarımın üstünə stulun ayağını qoyurdular, üstündə də otururdular. Elə hərəkətlər, təhqiredici əməllər eləmişdilər ki, dilimə gətirmək istəmirəm. Elə işgəncə vermişdilər ki, kamerada durub stola yaxınlaşa bilmirdim, iməkləyə-iməkləyə gedirdim. Mənə “bandotdel”də rəhbərlərdən də işgəncə verənlər olmuşdu. Səhv eləmirəmsə, birinin adı Hacı Teyyub idi.
Məni dindirəndə vəkil olmayıb. Vəkilin üzünü ilk dəfə həbs sanksiyası üçün məhkəməyə aparılanda orada görmüşəm. Bir dəfə də Kürdəxanıya gəldi, siqaret çəkib getdi”.
F.Balayev sualları cavablandırarkən qeyd edib ki, Müsəlman Birliyi Hərəkatının üzvü olmayıb: “Amma olmaq istərdim”.
Üç güllədən ikisi hələ də bədənindədi…
Təqsirləndirilən Şamil Abduləliyev də ifadə verib. Əl ağacları olmadan hərəkət edə bilməyən Abduləliyev bildirib ki, hadisə zamanı biri qarnından, ikisi də ayağından olmaqla, üç güllə yarası alıb. Güllələrin ikisi hələ də bədənindədir: “Sabunçu xəstəxanasında həkimlərdən eşitdim ki, polislər bədənimdən güllələri çıxarmağa imkan verməyiblər”.
“Nardaranda ehsana getdiyimə görə Gömrük Komitəsindən çıxarıldım”
Həbsindən əvvəl Dövlət Gömrük Komitəsinin əməkdaşı olduğunu deyən Ş.Abduləliyev ifadəsinə özü də daxil olmaqla, təqsirləndirilən şəxslərin yaxınlarına müraciətlə başlayıb: “Xoş sizin halınıza ki, bizim kimi əzizləriniz, övladlarınız var. Bizə qarşı ittihamlar başdan-ayağa böhtandır. Bu hadisələri hakimiyyətdəki mənfur qrupların dindarların sıxışdırılması, haqqı deyənlərin ləkələnib zindanlara atılması üçün atdıqları addım kimi qiymətləndirirəm.
Hadisədən əvvəl Dövlət Gömrük Komitəsində işləyirdim. Komitənin ayırdığı avtomobillə iş vaxtı bu qurumun işlərini görürdüm, işdən sonra da özüm istifadə edirdim. Məhərrəm ayı ilə əlaqədar Nardaranda Hacı Talehin iştirakı ilə əzadarlıq məclisi keçirildiyini eşidib ora getmişdim. Kənd camaatı ehsan süfrəsinə dəvət elədi. Mən də iştirak elədim, qayıtdım. Ertəsi gün işə gedəndə Kadrlar Idarəsindən çağırıb işdən azad edilməyim barədə sənədi imzalamağımı istədilər. Səbəbi soruşanda cavab məni təəccübləndirdi, həm də narahat elədi. Mənə səbəb kimi, Nardaranda olmağımı göstərdilər. Imzanı atdım, maşınlarını da özlərinə verib çıxıb gəldim. Bu, birinci növbədə özümə və insanlara qarşı haqsızlıqdır. Insanı hansısa məclisdə iştirakına, o məclisdə kiminsə nədəsə günahlandırılmasına qulaq asdığına görə işdən çıxarmaq nəyə sığar? Bu həm insan haqlarının kobud şəkildə tapdanması, həm də Əmək Məcəlləsinin pozulmasıdır. Soruşdum ki, Nardaranda iştirakım barədə məlumatı sizə kim verib? Dedilər ki, hüquq-mühafizə orqanları. Məni indi ittihamda mütəşəkkil dəstənin üzvü kimi yazıblar. Əgər belə idisə, o zaman niyə işdən çıxandan sonra Nardaran hadisəsinə qədər olan 10-15 gün ərzində bir dəfə də olsun, məni polis şöbəsinə çağırmadılar, özlərinə xas şəkildə oğurlayıb həbs eləmədilər? Bizə qarşı irəli sürülən mütəşəkkil dəstə ittihamı absurddu. Çünki buradakıların əksəriyyəti bir-birini tanımır”.
“Mənə üç güllə vurdular, yıxılandan sonra da yerdə dəyənəklə döydülər”
Ş.Abduləliyev bildirib ki, ibtidai istintaqdakı ifadələr ondan təzyiq yolu ilə alınıb və onları təsdiqləmir. Hadisə barədə danışan Abduləliyev qeyd edib ki, həmin gün də ehsan məclisinə getmişdi: “Günorta namazı qılırdıq ki, çöldən atəş səsləri gəldi. Heç kim nə baş verdiyini anlamadı. Kimi qapıdan, kimi pəncərədən qaçdı ki, nə baş verdiyini anlasın və ya canını qurtarsın. Çünki evi atəşə tutmuşdular. Zombi, manqurtlaşmış, proqramlaşdırılmış canilər heç nəyə baxmadan atəş açırdı. Mən indi elə bir durumdayam ki, əslində zərərçəkmiş olmalıyam. Hamımız bu durumdayıq, çünki günahımız yoxdur, üstəlik, bizə qarşı cinayət törədilib. Oradakı insanların heç birində silah olmayıb. Ittihamda göstərilən fikirlərin heç birinin də bizə aidiyyəti yoxdur. Amma təəssüf ki, burada təqsirləndirilən qismində dayanmışıq. Əgər sivil şəkildə hərəkət etməyə gəlmişdilərsə, mebel maşınında niyə gəlirdilər?
Qapıdan çıxmaq istəyəndə üzbəüz gələn zombilərdən biri üç güllə vurdu və heç nə olmamış kimi üzünü çevirib getdi. Yerə yıxıldım, ondan sonra da o vəziyyətdə yerdə dəyənəklə döyürdülər. Hacı Taleh və digər özlərinə lazım olan adamları götürüb getdilər, yaradılar qaldı. Məni kənd camaatı maşınla xəstəxanaya çatdırdı, əməliyyat olundum, iki-üç gün sonra DIN, prokurorluq və “bandotdel”dən hərəsindən bir nəfər olmaqla, üə adam gəlib məni o ağır vəziyyətdə reanimasiyadan çıxarıb bir otağa apardılar. Məni aparanda heç düz-əməlli narkozdan ayılmamışdım. Bu da vəhşiliyin göstəricisidi. Otaqda istədiklərini yazıb, imzalatdırdılar.
Güllələrin ikisi hələ də bədənimdədi. Hətta həbs sanksiyası üçün məhkəməyə çıxarılanda da hakim dedi ki, bu adama tibbi yardım göstərilməlidir. Bədənimdəki güllələrdən əziyyət çəkirəm.
“Bu vəziyyətdə məni iki ay da ”kars”da saxladılar”
Vəkilim burada məhkəmədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldıranda prokuror dedi ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsi var, orada tibbi yardım göstərilə bilər. Mən ay yarım Sabunçu xəstəxanasında qalmışam, oradan sanksiya üçün məhkəməyə çıxarıb, sonra Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparıblar. Məni məhkəməyə xərəkdə aparmışdılar. Sonra vəkillə, müstəntiqlə görüşə də xərəkdə aparırdılar. Təsəvvür edin, bu vəziyyətdə məni orada iki ay “kars”da saxladılar. Bunlar o qədər zalımdılar ki, adam deməyə söz tapa bilmir”.
“Onları lənətləyirəm”
Ş.Abduləliyev deyir ki, ona fiziki işgəncə verilməyib, “bandotdel”ə aparılmayıb. Amma Sabunçu xəstəxanasında olduğu müddətdə gecələr Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları gəlib onu hədələyiblər: “Cinayətkarlar yatdığım vaxt gəlib məni ölümlə hədələyirdilər. Mənə işgəncə verilməsə də, yoldaşlarıma qarşı etdikləri cinayətlərə görə onları lənətləyirəm və cəzalandırılmalarını tələb edirəm”.
Özünün də Həcc, Məşhəd ziyarətlərində olduğunu deyən Ş.Abduləliyev qeyd edib ki, T.Bağırovun iştirak etdiyi məclislərdə dövlət çevrilişi, dövlətin konstitusion quruluşunun dəyişdirilməsi haqda heç nə eşitməyib: “Bunlar hamısı şər-böhtandı. Evə hücumdan tutmuş, insanların zindana atılmasına qədər hər şey məqsədyönlü şəkildə edilib. Insanların konstitusion haqqını tələb etməsi nə vaxtdan cinayət sayılır? Taleh Bağırzadəni də insanların tapdanmış hüquqlarını müdafiə etməsi, hicab qadağası ilə bağlı fikirlərinə görə dəstəkləyirəm”.
Növbəti proses avqustun 11-i saat 10.30-da başlayacaq.
Aytən