(Murad Ədilovun həbsinin iki illiyinə)
Yalçın İmanov
Bəzən adamın əlləri onun haqda daha çox məlumat verir, nəinki hansısa başqa bir şeylər. Mən onunla həbsindən nə az, nə çox, düz 13 gün sonra görüşə bildim. Bu vaxta qədər rayon polis şöbəsi, iki baş idarə (Baş Narkotiklərlə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələri), Ombudsman Aparatı, Qırmızı Xaç Komitəsi arasında qalmışdıq. Ortalıqda müdafiə hüququnun kobud pozuntusu vardı. Üstəlik də tutulanda ağır işgəncə vermişdilər. Bir tərəfdən də taleyindən nigarançılıq.
Apellyasiya məhkəməsində həbsdən verilən apellyasiya şikayətinə baxılanda, əl tutub salamlaşdıq, diqqətimi əlləri çəkdi. Gündəlik ağır zəhmətdən, təsərrüfatın bitib-tükənməyən qayğılarından əllərin içi cadar atmışdı, kələ-kötür qabarlar ovcunun içində balaca dağ silsiləsi kimi sıralanmışdı. Qarabağlılar belə əlllərə “kəl boynu kimidir” deyirlər.
Sözsüz ki, həmin vaxta qədər də işin qurama olduğu gün kimi aydınıydı, amma bu əllərə bir balaca diqqət kifayətiydi ki, ən xırda şübhələr belə aradan qalxsın, bu əl sahibinin nəinki narkotik ticarətçisi olduğu, hətta nə vaxtsa kiməsə balaca bir pislik yetirmədiyi əminliyi yaransın.
İstintaq dövründə dayanmadan vəsatət yazırdım, şikayət verirdim. Bütün kənd uşaqları kimi sonsuz maraqla, amma umidsiz təbəssümlə bu vəsatətlərin, şikayətlərin nəticəsini izləyirdi. Yalnız arada “yəni, deyirsiz, bunun bir xeyri olar?!” – deyirdi. Susurdum, cavabını bilmədiyim sualı buraxırdım, deyirdim, “yaxşı, bəs sən nə fikirləşirsən, başqa bir təklifin varmı?”. Başını bulayırdı.
…Lənkəran Ağır Cinyayətlər Məhkəməsinin müasir tipli məhkəmə zalında hər şey vardı: təqsirləndirilənin saxlanması üçün şəffaf kabinə, mikrofonlar, proses iştirakçıları üçün yumşaq oturacaqlar, işləmək üçün rahat masalar, geniş və işıqlı iclas zalı. Tək ədalətdən başqa.
Biz hər şeyi olan, amma əsas şeyi olmayan həmin məhkəmə zalında elə bu olmayan əsas şeyin axtarışındaydıq. Hakimlər prosesin lap əvvəlindən barmaqlarını dişləmişdilər – mətləb onlara aydınıydı, sonadək çarəsiz şəkildə gülümsədilər, Baş Narkotiklərin idmançı bədənli, boyun əzələləri qat bağlamış şahid əməliyyatçıları ağırr və uzun sürən dindirmələrdə suallara aşkar çaşqınlıqla, amma nümayişkarənə ədavət və kinlə cavab verirdilər.
Sonra gözlənilən hökm oxundu. Orta məktəb müəllimini xatırladan ziyalı görünüşlü həlim prokuror güman ki, üzərindəki miskin yükün ağırlığından yorğun halda başını yana əyib, laqeydliklə hökmü dinləyirdi. Yadımdadır ki, az əvvəl müdafiə nitqi söylədiyim xitabət kürsüsü niyəsə mənə gilyotini xatırladırdı, məhkəmə atributları, xəcələt çəkən adamlar kimi yoxa çıxmışdı, gözə dəymirdi.
Sonra bu proses Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmədə bu və ya başqa formada təkrarlandı.
Sadədil, zəhmətkeş, əlləri əkin-biçində işləməkdən qabar atmış bir kənd uşağının ədalət mühakiməsi nağılı beləcə başa çatdı.
***
Mənim bir tanışım var. Hər ayın 5-ni keçən kimi dəli kimi yanıma gəlir, səsində zamanın sürətlə axıb getməsindən doğan açıq təşvişlə:
– İnanırsan, bu ay da başa çatır ey!…İnanırsan!…
Mən də hər dəfə gülümsəyib, təsdiq mənasında başımı yelləyirəm.
***
…Ölkənin ömründən gedir!