Erdoğan Putin avtokratlığına “şükür” dedirdir
“The Financial Times” qəzetində Brookings İnstitutunun araşdırmaçısı Liliya Şevtsova yazır ki, bütün dünyanın avtoritarları Qərbin tənqidlərini dəf etməyə çalışırlar.
Müxbirin fikrincə, Türkiyə prezidenti Erdoğan çevriliş cəhdindən sonrakı repressiyaları ilə Qərb dünyasında demokratiya sayılan dəyərlərin qırmızı xəttini keçib.
Məqalədə deyilir ki, indilik cənab Erdoğanın əks-çevrilişindən faydalanan Rusiyadır.
“Belə görünür ki, hələ dünənənədək, Putin vətəndaş cəmiyyətinin boğulmasını və müxalifətin qısnanmasını tənqid edənlərin “qapazaltısı” idi. Türkiyəni isə, əksinə demokratiyanın hətta qeyri-liberal keçmişə malik ölkələrdə də qələbə qazana biləcəyini isbat etmiş ölkə kimi tərifləyirdilər. Belə görünürdü ki, Türkiyə özünün siyasi plüralizmi, müstəqil mediası, müxalifət partiyaları və qüdrətli prezidentə sinə gərən konstitusiya məhkəməsi ilə demokratik ölkə sayılırdı” – deyilir məqalədə.
Türkiyə Rusiyanın dilini uzun edib

“Lakin cənab Erdoğanın qisasçı təmizləmə kampaniyasının yanında, Rusiya rejimi vegetarian görünür – yazır Şevtsova, – Doğrudur, Kreml hələ də müxalifəti təqib edir, seçkilərin nəticələrini saxtalaşdırır, səni tənqidi bloq yazdığına görə hələ də həbsxanaya sala bilərlər, amma heç kimin ağlına da gəlmir ki, Kreml çevriliş cəhdindən sonra özünü Türkiyə kimi apara bilərdi”.
Məqalədə deyilir ki, Erdoğanın eksperimenti Kremlin beynəlxalq meydandakı və ölkə daxilindəki hərəkət məkanını genəldib.
Repressiyalar hələ dünənə qədər Rusiyanın baş ağrısı olan Türkiyəni zəif salıb.
Şevtsova yazır ki, Erdoğan öz ordusunu kiçiltdikcə, onun Suriyadakı rolu da tənəzzül edəcək.
Rusiya ümid edir ki, Türkiyə NATO-nun zəif həlqəsinə çevriləcək və alyansın Aralıq və Qara dəniz hövzələrində genişlənməsinə son qoyacaq.
Avtokratdan dost olmaz
Lakin Şevtsova inanır ki, Rusiyanın Türkiyənin Şərqə tərəf üz tutacağına dair ümidləri sadəlövhdür.
“Birincisi, avtoritar rejimlər davamlı dostluq qurmurlar, – yazır jurnalsit, – İkincisi, hər ikisinin siyasəti ekspansiya olan iki qonşunun əvvəl-axır çəkişəcəyi qaçılmazdır”.
Məqalədə deyilir ki, Türkiyənin Şərqə üz tutması heç Moskvanın özünə də əl vermir. Çünki Şərqə doğru gələn Türkiyənin maraqları Moskvaının nüfuz dairəsi ilə üst-üstə düşəcək.
“Və nəhayət, – yazır “The Financial Times”, – Türkiyə niyə də NATO-nu tərk edib, məsuliyyətsiz Rusiya və İranla təkbətək qalsın?”
Məqalədə deyilir ki, bütün hallarda Türkiyənin daha da avtoritarlaşması Rusiyanın avtoritarlığını qəbul etməyə çağıran Qərb dairələrinin dilini uzun edir.
Şevtsova yazır ki, bundan başqa Türkiyə ilə Qərbin arasının dəyməsi də Moskvanın işinə yarayır. O gah Türkiyəni Qərbə, gah da Qərbi Türkiyəyə qarşı qoya bilər.
“Bəlkə də hər ikisini eyni vaxtda edə bilər” – yazır jurnalist.