Nemət Əliyev: «Sanki məqsədyönlü şəkildə edirlər, çünki dəyərdən düşən qurum özəlləşdirilərkən ona qəpik-quruş təklif edilir»
“Standard & Poor’s” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC və Dövlət Neft Şirkətinin (SOCAR) reytinq proqnozunu “stabil”dən “neqativ”ə endirib. Agentlik “Azərenerji” ASC-nin uzunmüddətli və qısamüddətli kredit reytinqini “VV/V” (adekvat), SOCAR-ı isə “VV” (zəif) olaraq təsdiqləyib.
Reytinqinin aşağı salınması səbəbindən banklar adətən bu qurumlara kredit vermir, ya da yüksək faizlə kredit verirlər. Hazırda isə həmin qurumlar etibarsız kredit ödəyiciləri elan edilib. Belə bir vəziyyətdə görəsən, onlara borc verən olacaqmı?
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, kredit reytinqinin aşağı salınmasını bəhanə edib “Azərenerji” və SOCAR-a krediti yüksək faizlə verəcəklər. Ekspertin sözlərinə görə, reytinqin aşağı salınması SOCAR-ın əlavə borc alarkən daha çox itkilər verəcəyi məsələsini gündəmə gətirir: “Azərenerji”də də vəziyyət ürəkaçan deyil. Qurumda idarəçiliklə bağlı problemlər var. Əhaliyə, müəssisə və təşkilatlara satılan enerji bahalaşdırılıb. Bununla da həmin qurumu əhaliyə, həmçinin, müəssisə-təşkilatlara qarşı bir dəyənəyə çeviriblər. Reytinqinin aşağı salınmasıyla “Azərenerji”nin dəyərini də kiçildiblər. “Azərenerji”nin özəlləşdirilməsi məsələsi gündəmə gətirilib”.
Ekspert deyir ki, bu qurumun reytinqinin aşağı salınması sanki məqsədyönlü şəkildə edilib. Çünki dəyərdən düşən quruma özəlləşdirmə zamanı qəpik-quruş təklif edilir.
“Yarıtmaz idarəçilik sayəsində qurumun aktivlərinin, əmlakının, qurğularının dəyərdən salınması prosesi gedir. Hansı tərəfdən baxılırsa baxılsın, çox ziyanlı proseslər gedir. Az-çox gözəgəlimli qurum olan ”Azərenerji”nin başına belə müsibətlər gətirilir. Bu da yanlış siyasətin nəticəsidir. Ona görə də konkret hərəkətə keçmək, bu qurumu yoxlamaq və təftiş etmək lazımdır. Bu qədər ağırlaşdırılmış vəziyyətdə “Azərenerji”nin gələcəyi heç də yaxşı görünmür”, – deyə ekspert əlavə edib.
Nigar



