Hikmət Hacızadə: «Rusiya ordusunu Azərbaycanla Ermənistanın təmas xəttinə yerləşdirmək istəyir»
Rusiya prezidenti Vladimir Putin Bakıda olarkən maraqlı açıqlamalar verdi. Həmin açıqlamaların bir hissəsi Azərbaycanın ən ümdə problemi olan Qarabağla bağlı idi. Amma putinin münaqişənin həlli variantı kimi gördükləri heç də Azərbaycanın milli maraqlarına uyğun deyil.
Putin Bakıda olarkən vurğuladı ki, Rusiya Qarabağ münaqişəsinin həllində Azərbaycanla Ermənistanı qane edəcək kompromis qərarın qəbul edilməsinə səy göstərir: “Bu problem bizə keçmiş sovetlərdən qalıb. Bu məsələnin Azərbaycan və Ermənistan üçün həssas olduğunu bilirəm. Biz Azərbaycan və Ermənistanın hər iki tərəfi qane edəcək kompromis qəbul etməsinə səy göstəririk. Bu məsələdə qalib olmamalıdır. Hər iki ölkənin xalqı qalib olmalı və hər iki dövlət bu çətin məsələni günümüzün və gələcək nəslin maraqlarının təmin olunması baxımından həll etməlidir”.
Ifadəyə diqqət yetirək. “Biz Azərbaycan və Ermənistanın hər iki tərəfi qane edəcək kompromis qəbul etməsinə səy göstəririk. Bu məsələdə qalib olmamalıdır”. Bu formada sülh necə bağlana bilər. Iyirmi ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan, bu müddət ərzində qalib tərəf yenə də Ermənistan, amma indii sülh prosesinin belə formada tənzimlənməsi təklif olunur.
Əslində Rusiya bununla bir daha öz kartlarını açıq şəkildə göstərdi. Rusiya problemin həllində heç də Azərbaycan tərəfinin təqdim etməyə çalışdığı kimi rəsmi Bakını qalib kimi görmək istəmir. Bu isə münaqişənin həlli ilə bağlı “5 rayonun qaytarılması” planının heç də reallığa uyğun olmadığını deməyə əsas verir.
Politoloq Hikmət Hacızadə hesab edir ki, Putinin bu açıqlaması şablon ifadədir. Bu cür ifadələrin Qarabağ tipli münaqişələrdə tez-tez istifadə olunduğunu deyən H.Hacızadə vurğuladı ki, əslində Rusiya münaqişənin həlli ilə bağlı baxışlarını bu cümlədə ifadə edir: “Rusiya istəyir ki, öz ordusunu Azərbaycanla Ermənistanın təmas xəttinə yerləşdirsin. Uzun müddətdir ki, aparılan danışıqların mahiyyəti məhz bundan ibarətdir”.
Xəyal