Putinin “Ermənistan qalib gəlməlidir” mesajı

 

putin-bakida2Yaxud işğala məruz qalanla işğalçının eyniləşdirilməsi

Hakimiyyətin Qarabağ siyasəti əvvəldən qeyri-müəyyənlik üzərində qurulub. Yəni iki ölkə prezidentlərinin saysız-hesabsız görüşləri, bəyanatlar, təkliflər konkret nəticəyə hesablanmayıb. Sadəcə olaraq “sülh danışıqları” adı altında görüntü yaradılıb və 23 ildir bu görüntü siyasəti davam etdirilir.

Prosesin bu formada davam etməsi birmənalı şəkildə Ermənistanın maraqlarına uyğundur. Çünki, Ermənistan 20 faiz ərazini işğal edib və regionun ən böyük dövləti işğalçının birmənalı dəstəkçisidir. Işğala məruz qalmış ölkənin hakimiyyəti isə status-kvonu dəyişmək üçün heç bir qətiyyət nümayiş etdirmir. Bundan sonra daha 20 il də danışıq aparmağa, daxili auditoriyaya boş vədlər verməyə hazırdılar. Amma son dövrlər baş verənlər rəsmən təsdiqlədi ki, hökumətin Qarabağ danışıqları nəticəsizliyə xidmət edir və hökumət bunun fərqindədir. Sərkisyanın “canımı verərəm, Qarabağı vermərəm” bəyanatı, Putinin “biz tərəflərə heç bir təzyiq göstərə bilmərik” açıqlaması kifayət qədər açıq mesaj oldu. Mesaj verildi ki, danışıqlar sadəcə vaxt uzatmaq,  “hökumət çalışır” görüntüsü yaratmaq üçündür.

Rusiya prezidenti Vladimir Putinin Bakı səfəri zamanı dedikləri isə vəziyyəti daha da çılpaqlaşdırdı: “Biz Azərbaycan və Ermənistanın hər iki tərəfi qane edəcək kompromis qəbul etməsinə səy göstəririk. Bu məsələdə qalib olmamalıdır. Hər iki ölkənin xalqı qalib olmalı və hər iki dövlət bu çətin məsələni günümüzün və gələcək nəslin maraqlarının təmin olunması baxımından həll etməlidir”,- deyə Putin vurğulayıb.

Bəli, Putin israrla bildirir ki, Qarabağ məsələsində qalib olmamalıdır. Deməli, Valdimir Putin işğalçıyla işğala məruz qalan tərəfi eyniləşdirdi. Bir daha təsdiqləndi ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanımır. Bəli, Putin “münaqişə ədalətli həllini tapmalıdır” söyləmir, “heç kim qalib olmamalıdır” söyləyir.

Əvvəla, faktiki situasiyada Ermənistan qalib durumdadır. Çünki, 20 faiz ərazini işğal edib, öz ərazisini genişləndirib və buna görə heç bir təzyiqlə üzləşmir.  Deməli, ötən 23 il müddətində məğlub tərəf Azərbaycandır.  Putin isə deyir ki, heç kim qalib olmamalıdır. Belə çıxır ki, 20 faiz ərazinin geri qaytarılması Ermənistanın məğlubiyyəti sayıla bilər və Rusiya buna razı olmayacaq.

Ikincisi, hətta torpaqların 19 faizi geri qaytarılıb, 1 faizi işğal altında qalsa, bu da Ermənistanın qalibiyyəti olacaq. Çünki, qarşı tərəf Azərbaycanın 1 faiz ərazisini işğal etmiş olacaq. Azərbaycanın ərazi bütövlüyü təmin olunmayacaq. Yəni “heç kim qalib olmamalıdır” fikri Ermənistanın qalibiyyətini təsdiqləməkdi.

Faktiki olaraq Putin etiraf edir ki, danışıqlar nəticəsində ədalətli nəticə ldə edilməyəcək. Çünki, ədalətli nəticə işğal olunmuş ərazilərin geri qaytaılmasıdır ki, bunu da Rusiya ədalətsilik hesab edir.

Deməli, Qarabağ münaqişəsinin həllində Rusiyadan ədalət gözləmək sadəlövhlükdür. Rusiyanın prosesə müsbət töhfə verəcəyini tirajlamaq isə daxili auditoriyanı çaşdırmaq, xalqı aldatmaqdır.

Əgər Ermənistan 1 qarış torpaq vermək fikrində deyilsə, Rusiya Ermənistanı işğalçı kimi tanımırsa, aprel döyüşlərini dayandırmaqda məqsəd nə idi? Bugünə qədər tərəflər arasında 50-dən çox görüş keçirilib və Putinin bu məsələyə münasibətini hökumət əvvəldən bilir. Belə olan halda Rusiyanın xahişi ilə atəşkəsi dayandırmaq xəyanət deyilmi?  100-dən artıq hərbçinin qurban verilməsində məqsəd nə idi? Döyüşün dayandırılması qarşılığında bizə heç nə vəd edilməmişdisə, niyə ordunun mübarizə əzmi sındırıldı?

“Sülh danışıqları məntiqi sonluğuna çatır”, “biz mənasız danışıqlar aparmayacağıq” vədi verən hökumət, Putinin  ədalətsiz mövqeyinə niyə etiraz etmir? Niyə düşmən növbəti müharibə ilə hədələnmir? Belə çıxır ki, bu qədər insan  məqsədli şəkildə qurban verilib?

Putin açıq şəkildə Azərbaycana meydan oxuyur. “Iki tərəfi qane edəcək kompramis axtarırıq” demək, ən yaxşı halda ərazinin bir hissəsinin Ermənistana verilməsi deməkdir.  Sanki, 20 faiz ərazi heç kimə məxsus deyil, sahibsiz ərazidir və Rusiya kompromis axtarır. Əvvəlcə Qarabağın işğalına “yaşıl işıq” yanıdırıblar, sonra 23 il müddətində işğal olunmuş əraziləri əldə saxlamaq üçün Ermənistana atalıq ediblər, indi də “heç kim qalib olmamalıdır” mərhələsinə keçiblər.

Bir sözlə, Putin münaqişənin həllini Azərbaycanın məğlub, Ermənistanın qalibliyi formatında təsəvvür edir və bunu ədalətli hesab edir. Hökumətin bu illər ərzində Rusiyaya sadəqəti bununla nəticələndi ki, Putin işğalçını işğala məruz qalanla eyniləşdirdi.

Sonra da “dünya birliyi hələ də bu ədalətsizliyə dözür” təbliğatı aparırlar. Hökumət birliyi bu qədər ədalətsizliyə dözürsə, dünya birliyinin dözüm limiti təəccüblü olmamalıdır. Putin evimizə gəlib, üzümüzə deyir ki, siz qalib olmamalısız. Hökumətimiz isə bu bəyanatı alqışlarla qarşılayır. Məğlubiyyətimiz isə səngərdən çıxıb, sülh masasına oturduğumuz gündən başlayıb. Biz 23 ildir Ermənistanın qalibiyyətini təsdiqləməklə məşğul olmuşuq, aprel döyüşlərini dayandırmaqla da bu “sədaqət”i davam etdirdik.

İlham